Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tarif Şurası 202 dərmanın qiymətini dəyişdi

© Photo : PxHereDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 28.12.2022
Abunə olmaq
Hazırda ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642-dir.
BAKI, 28 dekabr — Sputnik. Tarif (qiymət) Şurasının 28 dekabr 2022-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib.
İclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 7.1-ci bəndinə və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Şuradan bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb.
Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni, əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır.
Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb.
Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur. Dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər.
Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb.
Qeyd edək ki, Azərbaycanda əhalinin dərmanla təchizatı əsasən idxal hesabına ödənilir. Bu baxımdan ölkəmizdə dərman istehsalının təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Belə ki, əczaçılıq sənayesinin inkişafı üçün dövlət tərəfindən zəruri infrastruktura (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) malik Pirallahı Sənaye Parkı yaradılıb. Artıq 5 sahibkarlıq subyekti ixtisaslaşmış Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Artıq bir şirkət tərəfindən göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin (“Fungipar”, “Diasmet”, “Rosapar” və s.) istehsalına başlanıb və hazırda həmin dərman vasitələri satışdadır.
Digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan “Diabeton MR” dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır. Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir. Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır.
Tarif Şurasının Katibliyi
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olaraq müəyyənləşdirilib.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Şuranın üzvləridir.
Xəbər lenti
0