Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Yeni ildə azərbaycanlıların süfrəyə düzdüyü altı ən dadlı təam

Abunə olmaq
Yeni il bayramını Azərbaycan xalqı özünəməxsus mətbəx mədəniyyəti ilə qeyd edir.
Qarşıdan Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Azərbaycan xalqı hər bayramda olduğu kimi, Yeni ildə də süfrəni dadlı təamlarla bəzəyir.
Elə bayram yoxdur ki, xalqımız o bayramda süfrəyə plov dəmləyib qoymasın. Plov Azərbaycanda bayram süfrəsinin bəzəyi, Azərbaycan mətbəxinin şah yeməyi hesab edilir. Ona görə də, ölkəmizdə bayram axşamı digər yeməklərlə yanaşı, plov mütləq dəmlənir. Yeni il milli bayram hesab olunmasa da, Azərbaycan xalqı yeni təqvimə keçidi böyük coşqu ilə qarşılayır.
Bayramlarda qonaq getmək, qonaq qəbul etmək qonaqpərvər Azərbaycan xalqının əsrlərdir ki, yaşatdığı adət-ənənə olduğundan, süfrəyə cürbəcür yeməklər düzülür. Yeni ildə isə azərbaycanlılar bayram süfrəsinə əsasən şah plov, yarpaq dolması, balıq ləvəngisi, toyuq çığırtması, hinduşka kababı, çoban salatı kimi dadlı təamlar düzür.
Yeməklərimizin şahı-Şah Plov
Sputnik Azərbaycan azərbaycanlıların bayram süfrəsinə düzdüyü bu yeməklərin hazırlanma qaydasını təqdim edir.
Azərbaycan mətbəxinə plovun 200-ə yaxın növü olsa da, azərbaycanlılar bayramda süfrəyə əsasən Şah plov qoyur. Şah Plov Azərbaycan mətbəxində yeməklərin də şahı sayılır.
Şah plov
500 qram qoyun əti
800 qram uzun düyü
300 qram kişmiş
200 qram qaysı
500 qram təmizlənmiş şabalıd
100 qram albuxara gavalı
3-4 orta boy soğan
300 qram kərə yağı
limon duzu
duz, istiot,zəfəran və ya sarıkök
Qazmağı üçün:
2 st un
50 qram kərə yağı
2 yumurta
1 xörək qaşığı xama
duz
Hazırlanması:
Əvvəlcə düyünü limonlu və duzlu suda isladırıq. Əti isə balaca-balaca doğrayıb qaynadırıq. Ət bişdikdən sonra soğanı doğrayıb yağda qovururuq. Soğanlar bir az qızarandan sonra üzərinə bişmiş ətləri əlavə edib, limon duzu,istiot, duz, zəfəran və ya sarıkökünü töküb birlikdə qovururuq. Şabalıdı qaynayan duzlu suda 10 dəqiqə qaynadaraq qabığından çıxardıb soyuq suda saxlayırıq. Digər tərəfdə balaca bir tavaya azca yağ töküb albuxara, kişmiş, qaysı əlavə edib qovururuq. Üzərinə şabalıdı əlavə edirik.
Qazmağın hazırlanması:
Un ilə yağı ovub, üstünə yumurta, xama və duzu əlavə edib yumşaq bir xəmir yoğururuq. Bu xəmiri biri balaca biri böyük olmaqla iki hissəyə bölürük. Böyük kündəni yuxadan biraz qalın olmaq şərti ilə yayırıq.
Düyünü bişirmək üçün böyük bir qazana su töküb qaynamağa qoyuruq. Qaynayana yaxın duz əlavə edib, islatdığımız düyünün suyunu süzüb qazana tökürük. Düyü biraz bişdikdən sonra süzürük. Sobaya yerləşəcək bir qazan götürüb dibini yağlayırıq, açdığımız böyük yuxanı qazana divarlarını da tutacaq şəkildə yerləşdiririk. Sonra süzdüyümüz düyünün yarısını bu yuxanın üzərinə tökürük. Duz, istiot, sarıkök və ya suda isladılmış zəfəranı səpib şabalıdı əlavə edirik. Sonra düyünün qalanını, onun üzərinə isə hazırladığımız qaranı və yenə duz, istiot, sarıkökü tökürük. Ən üst qata isə yenə düyü tökürük, daha sonra da balaca kündəni yayıb üstünü örtürük və qıraqlarını bərkidirik. Qazanın ağzını ya dəmir qapaqla ya da folyo kağızı ilə örtürük. Əvvəlcədən qızdırılmış sobada 180-200 dərəcədə dəm almağa qoyuruq. Hər tərəfi qızardıqdan sonra sobadan çıxardırıq. İstəsəniz bütöv şəkildə və ya doğrayaraq süfrəyə verə bilərsiniz. Budur şah plovunuz hazırdır.
Ağ şanı yarpağından dadlı dolma
Yarpaq dolması Azərbaycan xalqına məxsus milli yeməklərdəndir. Ölkəmizin müxtəlif bölgələrində dolmanın ümumilikdə 20-dək növü hazırlansa da, bayram axşamı əsasən üzüm yarpağından, daha çox ağ şanı üzüm sortunun yarpaqlarından hazırlanan dolmaya üstünlük verilir. Dolmanı müxtəlif xalqlar öz yeməkləri kimi dünyaya təqdim etməyə cəhd etsə də, nənə-babalarımız bu yeməyin adının dolmaq, doldurmaq, dolamaq feillərindən irəli gəldiyini bildirirlər. Türk ləhcəsində isə dolma sarma adlanır. Bu azərbaycan türkcəsində sarımaq, dolamaq feillərindən yaranıb. Hətta Çar Rusiyasının səfirliyinin II katibi K. F. Adelung səfir Qriboyedovla birgə Əhməd xanın yanında verilən naharda dolma barədə yazır: "Süfrəyə 20 növ dolma gətirdilər".
Yarpaq dolması
Ərzaqlar
500 qram çəkilmiş qoyun və ya mal əti, və yaxud ikisinin qarışığı
1 ədəd çəkilmiş soğan
½ stəkan yumru düyü
½ stəkan xırda doğranmış keşniş
½ stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış nanə
1 çay qaşığı duz
¼ çay qaşığı və yaxud zövqə görə istiot
Təxminən 80 kiçik və ya 40 iri üzüm yarpağı (ikiyə bölünmüş)
3 xörək qaşığı kərə yağı
Dolmanın içini hazırlamaq üçün əti, soğanı, düyünü, keşnişi, şüyüdü, duzu və istiotu bir qabda əlinizlə yaşxıca qarışana qədər yoğurun.
Yarpağı hazırlayın. Əgər təzə yarpaqdan istifadə edirsinizsə, qazanda su qaynadın və yarpaqları hissə-hissə (təxminən 10 ədəd olmaq şərtilə) qaynayan suda təxminən 1 dəqiqə və yaxud da yarpağın sərtliyinə görə daha da az saxlayın. Bu proses yarpaqların yumuşalması üçün lazımdır. Yarpaqları sudan çıxardın və yaxşıxa süzün. Sapları varsa, kəsin. Əgər duza qoyulmuş yarpaqdan istifadə edirsinizsə, yarpaqları qaynar suda bir qədər saxlayın, daha sonra duzunu yuyun. Sonra isə yarpaqların saplarını kəsin.
Hərdən elə olur ki, duza qoyulmuş yarpaqlar sərt olur. Hər yarpağın içərisinə 1 çay qaşığı qarışdırdığınız ətdən qoyaraq kənarlarını bükün. Bükülmüş dolmaları qazana yığdıqdan sonra üzərinə üzü aşağı boşqab qoyun. Daha sonra üzərinə çıxana qədər soyuq su tökün. Əvvəl gur odda, qaynamağa başladıqdan sonra vam odda bişirin. Üzərinə yığılan kəfi yığın. Dolma bişdikdən sonra süfrəyə qatıqla verilir.
Balıq ləvəngisi Azərbaycanda xüsusilə cənub bölgəsində məşhurdur
Ərzaqlar
1 ədəd balıq (Əsasən kütüm balığından istifadə olunur)
5 ədəd baş soğan
1,5 stəkan qoz ləpəsi
3 xörək qaşığı alça turşusu
Duz
İstiot
Bitgi yağı
Hazırlanması
Balıq təmizlənir, yuyulur, suyu çəkmək üçün bir kağız parçası üzərinə qoyulur.
Soğanları soyub ət maşınından keçirərək tənzifdə sıxıb acı suyunu çıxardın. Qoz ləpəsini sürtgəcli maşından keçirdin.Soğan, qoz, turşunu qarışdıraraq içərisinə duz, istiot əlavə edərək qarışdırın. Təmizlənmiş balığın içərisinə duz, istiot və turşu vururuq. Üzərinə isə yalnız duz və istiot vurulur.
İçliyi balığın içərisinə yığaraq balığın qarnını iynə-sapla tikirik ki, içlik dağılmasın. Soba qabını bitgi yağı ilə yağlayıb balığı sobaya qoyuruq. 180 dərəcə qızdırılmış sobada balıq 40-45 dəqiqə bişir. Balıq süfrəyə verilərkən kənarları limon və turşularla bəzədilir.
Onu yesəniz, beş barmağınızın beşini də yalayarsınız
Toyuq çığırtması
1, 5 kq toyuq əti
5 ədəd baş soğan
4-5 yumurta
2 xörək qaşığı əridilmiş kərə yağı
Yarım çay qaşığı sarıkök
Duz
İstiot
Hazırlanması
Doğranmış toyuğu 30-40 dəqiqə suya duz töküb qaynadırıq. Soğanı xırda-xırda doğrayıb üzərinə yağ və duz səpib qovururuq. Bişmiş toyuğu soğanın üzərinə əlavə edib sarıkök, duz və istiot vururuq. Üzərinə toyuğun bulyonundan bir-iki qaşıq əlavə edirik. Yeməyin suyu çəkildikdə kənarda yumurtanı qıraraq duz, istiot, sarıkök əlavə edərək yaxşı çalıb üzərinə əlavə edirik. Yumurtanın üzü qızarmağa başlayanda yeməyin o biri üzünü çeviririk. Süfrəyə verəndə üzərinə xırda doğranmış göyərti əlavə etmək olar.
Kababsız bayram olmaz!
Kabab bizim ulu əcdadlarımızın ilk hazırladığı yemək, gözdə və ya odda qızardılan ət olub. Kababı çox zaman "şişlik" də adlandırırlar. Şişlik – yəni, şişdə qızardılan ət mənasındadır. "Şiş" - türk sözüdür, yəni – ucu biz, iti olan əşya mənasını daşıyır. Ölkəmizdə kababın müxtəlif növləri hazırlanır. Hinduşka kababı isə əsasən bayramlarda hazırlanan yeməklərdəndir.
Hinduşka kababı
Bir ədəd Hinduşka doğranaraq yuyulur. Dərisinin sərt yerləri soyulur. Şişlərə taxılaraq duzlanır. Manqalda közəriş közün üzərinə düzülür. Bişdikdən sonra süfrəyə verilir.
Ən dadlı və tez hazırlanan salat
Çoban salatı da Azərbaycan-türk mətbəxinə aiddir.
Çoban salatı
Ərzaqlar
2 ədəd xiyar, 3 ədəd pomidor, bir ədəd şirin bibər, bir ədəd qırmızı baş soğan, bir dəstə reyhan, iki xörək qaşığı zeytun yağı, duz, istiot
Hazırlanması
Əvvəlcə bütün tərəvəzlər su ilə təmiz yuyulur. Soğan dörd bölünüb nazik doğranır.Pomidor xırda-xırda doğranır. Xiyar qabığı soyularaq dörd bölünərək doğranır. Bibər də xırda doğranır. Daha sonra göyərtilər də doğranaraq tərəvəzlərin üzərinə əlavə edilir. Salata zeytun yağı, duz və istiot əlavə edilir.
Amma bu o demək deyil ki, Azərbaycanda bayram süfrəsində yalnız adlarını sadaladığımız yeməklər olacaq. Azərbaycan mətbəxi zəngin, xanımları isə bacarıqlı olduğundan, bayramlarda süfrəyə hər kəs müxtəlif cür yeməklər düzür.
Bayram süfrəsi neçəyə başa gəlir?
İndi gəlin görək Yeni il süfrəsi açmaq üçün bu yeməklərin ərzaqlarının alınmasına nə qədər xərc çıxır?
Şah Plov-30 manat
Yarpaq dolması-12 manat
Balıq ləvəngisi-16
Toyuq çığırtması-15
Hinduşka kababı-20 manat
Çoban salatı-3 manat 50
Bayram günlərində qiymətlərin bir qədər də bahalaşdığını nəzərə alsaq, bu xərclər arta da bilər.
Xəbər lenti
0