CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Bizdə deputatların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi yox səviyyəsindədir

© Sputnik / Murad OrujovFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Millət vəkilinin sözlərinə görə, deputat hazırladığı layihəni qurumlarla razılaşdırmamalıdır. Layihəyə rəyi ən azından Milli Məclisin komitələri və ya şöbələri almalıdır.
BAKI, 27 dekabr - Sputnik. “Deputatın qanunvericilik təşəbbüsü hüququnu konstitusion hüquq kimi ayırmaq lazımdır. Digərlərinə tətbiq edilən şərtlər deputata tətbiq edilməməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilən zaman deyib.
Deputat bildirib ki, bu, dünya təcrübəsində də belədir: “Deputatlar qanun layihələri təklifi ilə çıxış etməlidir. Layihənin geri çevrilmə mexanizmi isə müəyyən qurum tərəfindən edilməlidir. Türkiyə parlamentində deputatlar elə layihələr təqdim edirlər ki, bəlkə də bunlar heç lazım deyil. Amma onlar bu təşəbbüslə çıxış edə bilirlər. Bizdə isə deputatların qanunvericilik təşəbbüsü ilə çıxış etməsi, demək olar ki, yox səviyyəsindədir. Bu, belə olmamalıdır. Deputat hazırladığı layihəni qurumlarla razılaşdırmamalıdır. Layihəyə rəyi ən azından Milli Məclisin komitələri və ya şöbələri almalıdır”.
Qeyd edək ki, Milli Məclisdə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Parlamentin birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, sənəd normayaratma prosesinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliklərə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq olaraq Milli Məclis və Prezident tərəfindən təsdiq edilən qaydalarla müəyyən edilməsi təklif olunur. Eyni zamanda, layihədə normativ hüquqi aktın layihəsinin razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi qaydalarının təkmilləşdirilməsi də təklif edilir. O bildirib ki, sənəddə, həmçinin Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən və ya onlar ləğv edilən zaman, hər 10 ildən bir həmin hüquqi aktların mətnində mötərizədə dəyişiklik və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək cild kimi qeyd edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, bu Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir.
Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
Normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyətdir.
Xəbər lenti
0