Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda əhali ən çox ərzağa pul xərcləyir - CƏDVƏL

© BRUCE BENNETT / Getty Images via AFPƏrzaqla dolu səbət, arxiv şəkli
Ərzaqla dolu səbət, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Ötən ay ölkədə illik ərzaq inflyasiyası 20,1% olub. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq malları, ödənişli xidmətlər də bahalaşıb. Mərkəzi Bank inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırır.
BAKI, 27 dekabr — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Bu ilin 11 ayında pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 407,4 manat pul xərcləyib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 59,5 manat çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 11 ayında xərclərin 229 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 178,4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ərzaqların bahalaşması davam edib
Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Pərakəndə ticarətdə əsas yeri ərzaq məhsulları tutur. Noyabrda Azərbaycanda illik ərzaq inflyasiyası 20,1% olub. Təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (12,1%), ödənişli xidmətlərin qiymətləri (10,7%) də bahalaşıb. Xərclərin artmasının əsas səbəbi qiymətlərin bahalaşmasıdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq, o cümlədən 25 milyard 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19 milyard 756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 3,8% artıb.
Xərclərin yarıdan çoxu ərzaqlara gedib
Alıcıların xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,5%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf edilib. Bundan başqa, xərclənən vəsaitin 5,6%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,1%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının payına düşüb. Əhalinin əczaçılıq məhsulları və tibbi ləvazimatlara çəkdiyi xərc 11,1% artaraq 969,9 milyon manata çatıb.
Mərkəzi Bank inflyasiyanın aşağı düşəcəyini gözləyir
Azərbaycan Mərkəzi Bankından bildiriblər ki, inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amilləri üstün mövqeyini saxlayır. Son 6 ayda dünya ərzaq qiymətlərinin 14 faiz azalması və tərəfdaşlarda orta çəkili inflyasiyanın nisbətən səngiməsi son aylar inflyasiya tempinin aşağı düşməsinə təsir edən amillərdən biri olub. Lakin bu təsir 6-9 ay zaman intervalında reallaşır. İnflyasiya əvvəlki ayda pik həddə çatıb və bundan sonra onun düşmə istiqamətində hərəkət edəcəyi gözlənilir. 2023-cü il üzrə inflyasiya proqnozunun təkrəqəmli səviyyədə olmasına baxmayaraq, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək qalır.
Deputat bayram ərəfəsində ərzağın ucuzlaşdırılması çağırışını edib
Qeyd edək ki, ötən həftə Milli Məclisin iclasında Yeni il qabağı ərzaqların qiymətlərini aşağı salmağa çağırış edilib. Deputat Əli Məsimli bildirib ki, bu il Azərbaycanda inflyasiya proqnozları özünü doğrultmayıb. Qiymətlərin illik artımı əvvəlcə 4%, daha sonra isə 12,5% proqnozlaşdırılsa da, 11 ayın yekununa görə, illik inflyasiya 13,8%, ərzaq inflyasiyası isə 20%-dən çox olub.
"Nəzərə alsaq ki, əhali xərclərinin 60%-ə qədərini, aztəminatlı əhali isə daha çox hissəsini ərzağa yönəldir, qiymət artımları əhalinin güzəranına mənfi təsir göstərir. Çağırış etmək istərdim ki, bir ənənə başlansın, insanlar qiymət artımından yox, dövriyyədən qazanmağa üstünlük versinlər ki, əhalinin bütün təbəqələri bayram süfrəsi aça bilsin", - deyə deputat qeyd edib.
Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir
Xatırladaq ki, Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında Baş nazir Əli Əsədov çıxış edərək deyib ki, son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub:
"Yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur. Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Bir sözlə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22% təşkil edib və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli (13,8%) olub. İnflyasiya əsasən ərzağın bahalaşması hesabına formalaşıb".
Ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem yoxdur
Əli Əsədov dünya ərzaq bazarlarındakı vəziyyətlə bağlı, əksər ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərinin daha da aktuallaşdığını deyib. O, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 2022-ci il 21 fevral tarixli sərəncamının icrası istiqamətində bir çox vacib tədbirlərin görüldüyünü qeyd edib. Bildirib ki, növbəti ildə ərzaq təhlükəsizliyi tədbirləri üçün büdcə xərclərinin həcmi artırılır və cari ilə nisbətən 38,6% çoxdur. Ümumiyyətlə, dünyada və regionda baş verən geosiyasi proseslərə və çətinliklərə baxmayaraq, ölkəmizdə ərzaq ehtiyatı ilə bağlı hər hansı problem yoxdur. O, qeyd edib ki, qiymət artımı ilə əlaqədar hökumət tərəfindən əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün inflyasiya təzyiqlərinin azaldılması istiqamətində zəruri tədbirlər görülür.
Onu da bildirək ki, ötən ilin 11 ayında pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb. Həmin dövrdə alıcıların xərclədiyi vəsaitin 49,1%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Xəbər lenti
0