CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaponiya Azərbaycan üçün nə dərəcədə cəlbedicidir?

© AFP 2024 / PHILIP FONGTokio şəhərinə mənzərə, arxiv şəkli
Tokio şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.12.2022
Abunə olmaq
Yaponlar turist kimi səyahət etməyi sevir, əhali sayının da çoxluğu bu ölkəni Azərbaycan üçün cəlbedici edir.
BAKI, 24 dekabr — Sputnik. Bu günlərdə Yaponiyanın Nara şəhərində Dövlət Turizm Agentliyi ilə Yaponiya Turizm Agentliyi arasında "Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu" imzalanıb.
Anlaşma Memorandumunda iki ölkənin vətəndaşları arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də iki ölkənin turizm qurumları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin memoranduma əsasən turizm məhsullarının təbliğatı sahəsində hər iki tərəf turizm sahəsində təcrübə və məlumat mübadiləsinin, həmçinin təbliğat materiallarının mübadiləsinin aparılması, turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi, Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlərdə razılığa gəliblər.
Maraqlıdır, turizm sahəsində imzalanan ikitərəfli memorandum ölkəmizə nə vəd edəcək?
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində iki ölkənin turizm agentliyi arasında anlaşma memorandumunun imzalanması sevindirici haldır:
"Bu anlaşma memorandumu qarşılıqlı turizm əlaqələrinin təbliğinə yönəlib. Yaponlar dünya turizm bazarında qrup şəklində səfər edən turistlər kimi yadda qalır. Bu səbəbdən də Azərbaycan üçün əsas hədəf bazarlardan biri elə Yaponiyadır. Lakin bəzən birbaşa uçuşların olmaması problemi var. Biletlərin daha uyğun və əlçatan olması ikitərəfli əlaqələri daha da gücləndirə bilər".
Turizm üzrə digər ekspert Samir Dübəndi isə Sputnik Azərbaycan-a bildirib ki, Yaponiya böyük ölkədir və onun 126 milyonluq əhalisi turizm potensialı mənasında Azərbaycan üçün xüsusi maraq kəsb edir:
"Yaponlar səyahət etməyi xoşlayırlar. Pandemiyaya qədər bu ölkə hər il təxminən 30 mln turist qəbul edib, bir o qədər də xaricə turist yollayıb. Yaponiyada həyat səviyyəsi də, əhalinin xərcləri də yüksəkdir".
Dübəndinin sözlərinə görə, yaponlar digər ölkələrdən olan turistlərlə müqayisədə turizm səfərləri zamanı kifayət qədər çox vəsait xərcləyirlər: "2021-ci ildə turizm İndeksi üzrə Yaponiya rəqabətədözümlülük baxımından 1-ci yer tutaraq ABŞ, Fransa, İspaniya və Almaniya kimi ölkələri geridə qoyub".
"Yapon turistlər daha çox dərketmə turizminə üstünlük verirlər. Düşünürəm ki, Yaponiya da öz növbəsində Azərbaycan turistləri üçün cəlbedicidir", - ekspert əlavə edib.
Onun qeydinə görə, təməli qoyulan əməkdaşlıq bir neçə istiqamət üzrə faydalı hesab edilə bilər. Beynəlxalq sərgilərdə və digər tədbirlərdə, ÜTT çərçivəsində qarşılıqlı əməkdaşlıq və turist mübadiləsi kimi istiqamətləri də bura aid etmək olar:
"Düşünürəm ki, Azərbaycan öz turizm potensialını Yaponiyada təşviq edərək xeyli turist qəbul etmək qabiliyyətindədir. Xüsusilə qeyd etdiyim turizm istiqamətləri üzrə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq mümkün olacaq. Yapon turistləri yeni ölkələri kəşf etməyi xoşlayırlar, təbiətə, digər xalqların mədəniyyətinə, incəsənətə həssas və qayğı ilə yanaşırlar. O cümlədən bizim turistlər üçün də Yaponiya fərqlənən mədəniyyəti, yaşam tərzi, təbiəti, müalicəvi resursları ilə maraqlı ölkə olacaq".
Hava nəqliyyatı problemini necə həll etmək olar?
S.Dübəndi bildirir ki, Yaponiya ilə Azərbaycan arasında birbaşa hava nəqliyyatı bağlantısı hələ ki, yoxdur. Amma bu məsələni milli və xarici hava nəqliyyatı şirkətləri, xüsusilə də çarter reysləri vasitəsilə həll etmək mümkündür.
Ekspert Azərbaycanın 2018-ci ildən etibarən turizm əməkdaşlıq coğrafiyasını genişləndirmək istiqamətində cəhdlər göstərdiyini də xatırladıb:
"Ötən illər ərzində Azərbaycan bir sıra ölkələrdə "Travel Consul Agency Network Worldwide" şirkətilə müqavilə əsasında BƏƏ, Çin, Almaniya, Hindistan, Səüdiyyə Ərəbistanı, Rusiya kimi ölkələrdə turizm nümayəndəliklərinin fəaliyyətinə start verib. Bu sıraya İsrail də əlavə edilib".
Maraqlı rəqəmlər
Yaponiyanın Milli Turizm Təşkilatının məlumatına görə, təkcə sentyabr ayında 319 min 165 yapon müxtəlif ölkələrə turist kimi səfər edib. Bu da cari ilin 9 ayı ərzində 1 milyon 610 min 823 turist deməkdir. Sentyabrda Yaponiyaya gələn turistlərin sayı 206 min 500 olub. Bu da cari ilin 9 ayında 1 milyon 28 min 508 nəfər deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumiyyətlə Azərbaycana gələn turistlərin sırasında yaponlar azlıq təşkil edir. Belə ki, 2018-ci ildə tur operatorlar, tur agetlər vasitəsilə Azərbaycana gələn turislər arasında cəmi 30 yapon olub. 2019-cu ildə bu rəqəm 51-ə çatıb. Pandemiya dövründə, yəni 2020-2021-ci illərdə isə Azərbaycana Yaponiyadan heç kəs gəlməyib.
Xəbər lenti
0