SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ-nin Ermənistan missiyasının uzadılması heç bir məntiqi nəticə verməyəcək - Politoloq

© AP Photo / Michael Sohn
Aİ  - Sputnik Azərbaycan, 1920, 20.12.2022
Abunə olmaq
Politoloq Tofiq Abbasov bildirib ki, Aİ Azərbaycan-Ermənistan arasında gedən proseslərdə birinciliyi öz əlində saxlamaq istəyir.
BAKI, 20 dekabr — Sputnik. Oktyabrda Ermənistana göndərilmiş Aİ-nin Monitorinq Missiyası (EUMCAP) öz mandatını dekabrın 19-da tamamlayıb.
Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib ki, Aİ Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayır. O qeyd edib ki, Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda davamlı sülhə töhfə verməkdir.
Sputnik Azərbaycan Aİ missiyası ilə bağlı politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.
Politoloq Tofiq Abbasov bildirib ki, Aİ missiyasının Ermənistan ərazisində yerləşdirilməsi heç bir nəticə verməyib:
"Bir halda ki, bu missiya Ermənistan ərazisində yerləşib, gərək onlar Ermənistan tərəfindən törədilən qeyri-qanuni hərəkətləri, təxribatları, atəşkəsin pozulması hallarını qeydə alsınlar. Azərbaycan Aİ missiyasını qəbul etməkdən imtina etmişdi. Burada subyektivlik amili açıq-aşkar görünür. Digər tərəfdən Avropa İttifaqı Rusiyanı moderatorluqdan sıxışdırıb çıxarmağa çalışır".
Onun sözlərinə görə, Aİ Rusiyanın moderatorluğunu şübhə altına qoymağa çalışır:
"Aİ istəyir ki, Azərbaycan-Ermənistan arasında gedən proseslərdə birinciliyi öz əlində saxlasın. Bu destruktiv yanaşmanın bariz nümunəsidir. Çünki prosesə Fransa Prezidenti Emmanuel Makron qoşulub. Makron çalışır ki, bölgədə əlavə gərginlik yaratsın".
"Ermənistan Azərbaycanın verdiyi təkliflər əsasında sülh danışıqlarına başlamağa az qala razılaşmışdı. Makronun və Fransa siyasi elitasının proseslərə nüfuz etməyə cəhd göstərməsi öz mənfi nəticələrini ortaya qoydu. Onlar pozucu fəaliyyətləri ilə prosesi istədikləri kimi idarə etmək istəyirlər. Hazırkı şəraitdə Aİ missiyasının uzadılması da bu baxımdan heç bir məntiqi nəticə verməyəcək", – deyə politoloq vurğulayıb.
Tofiq Abbasov deyir ki, əgər missiya işləyirsə, onun məntiqi nəticəsi olmalıdır, ancaq bunu görmürük:
"Bu ört-basdır edilmiş fəaliyyətin məntiqi nədən ibarətdir? Əgər bu missiya müsbət dəyişikliklər gətirmirsə, nə faydası var? Düşünürəm ki, burada faktiki olaraq Avropa İttifaqı və onun təsisatlarının bölgəyə nüfuz etmək cəhdləri aşkar şəkildə görünür. Onlar bölgədə mövcudluqlarını təmin etməyə çalışırlar. Bu da Rusiyanın moderatorluğuna əngəllər törədən məqamlar yaradır. Rusiyanın özünün də bəzi hallarda qeyri-konstruktiv yanaşmaları sezilir. Əgər Moskva bəyan edirsə ki, status məsələsi yenidən gündəmə gəlsin və ona baxılsın, bu çox məntiqsiz və ikibaşlı yanaşmadır. Azərbaycanın gündəmində status məsələsi yoxdur. Yaxşı olardı ki, Rusiya diplomatiyası əsas element ətrafında öz fəaliyyətini qursun. Bununla da bölgənin əsas ölkəsi Azərbaycanla daha dolğun və konstruktiv dialoq yaratsın. Biz görürük ki, bir neçə lazımsız və neqativ xarakter daşıyan amillər Cənubi Qafqaz bölgəsi üçün heç bir dəyişiklik vəd etmir".
Xəbər lenti
0