NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bazarında müsbət ab-hava yaşanır

© New York Stock Exchange via AP ImagesBirja
Birja - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
ABŞ-dakı "Keystone" boru xəttinin bağlı qalması və Çində karantin tədbirlərinin yumşaldılması neft bazarına müsbət təsir göstərir.
BAKI, 13 dekabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında “Brent” markalı neftin qiyməti 1 dollar artaraq 78,99 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 0,88 dollar bahalaşaraq 74,05 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,31 dollar və ya 1,65% artaraq 80,8 dollar təşkil edib.
Bahalaşmaya səbəb ABŞ-dakı "Keystone" boru xəttinin bağlı qalması və Çində karantin tədbirlərinin yumşaldılmasıdır. ABŞ-da kritik "Keystone" xəttinin bağlı qalması neft qiymətlərinin qalxmasında mühüm rol oynayıb. Kanadadan ABŞ-a gündəlik 600 min bareldən çox neft daşınan "Keystone" boru kəməri keçən həftə sızma səbəbindən bağlanıb.
Çindən gələn xəbərlər neft bazarına müsbət təsir göstərir. Pekində COVID-19 virusu ilə mübarizə tədbirləri çərçivəsində 20 günə yaxın bağlı olan istirahət məkanları, o cümlədən parklar açılıb, kafe və restoranlarda yerində xidmətlər bərpa olunub. Bu, hökumətin COVID-19 virusu ilə mübarizə tədbirlərini mərhələli şəkildə yumşaltmaq qərarından sonra reallaşıb.
Yay aylarından başlayan pandemiyanın hazırkı dalğasında Çinin bir neçə iri şəhərində, o cümlədən paytaxt Pekində epidemik vəziyyət ağırlaşmışdı. Noyabrın ortasından etibarın Pekində virusla mübarizə tədbirləri çərçivəsində bütün əyləncə və istirahət məkanları, xidmət obyektləri, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri, internet kafelər bağlanmış, gözəllik salonları fəaliyyətini dayandırmışdı. Son günlər epidemik vəziyyətin getdikcə yaxşılaşması fonunda bu qadağaların bəziləri aradan qaldırılsa da, orta məktəblərdə, ali təhsil ocaqlarında dərslərin əyani formada təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0