Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Kökaltı"na düşən, "kökaltı"na salan tələbələr, yaxud "qəribə" müəllim - VİDEO

© Photo : REPORTİmtahanda müəllim, arxiv şəkli
İmtahanda müəllim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.12.2022
Abunə olmaq
Qısa müddətdə qeyri-adi tədris metodikası ilə sosial şəbəkə fenomeninə çevrilən pedaqoqu "Z" nəslindən olan gəncliyin sürətlə duyğusuzlaşması, ruhsuzlaşması narahat edir.
BAKI, 13 dekabr — Sputnik. Kökaltına düşən, yaxud da kökaltına salan tələbələrin videoları son günlər sosial şəbəkədə fenomenə çevrilib. Bu, Azərbaycan Mühəndislik Universitetinin müəllimi Bəhman Qüdsinin fərqli metodika ilə hazırladığı bir seminardır. Haqqında bəhs etdiyimiz müəllim riyazi misalları obrazlı şəkildə izah etməyə, bu yolla da imtahan öncəsi stresi azaldaraq tələbələri əyləndirməyə çalışır.
Bəhman müəllimin bu videoları böyük kütlə tərəfindən rəğbətlə qarşılansa da, onu qınayanlar da az deyil.
Sputnik Azərbaycan Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhmən Qüdsi ilə həmsöhbət olub.
B.Qüdsinin sözlərinə görə, sonuncu seminardan çəkilən videoda riyazi komediya adı altında bir "stand-up" nümayiş etdirməyə çalışıb.
"Məqsəd imtahana yaxın tələbələri əyləndirmək idi. "Niyə bunun adı düzgün kəsrdir?", yaxud da "niyə bunun adı düzgün olmayan kəsrdir?" tipli fəlsəfi sualları obrazlı dildə cavablandırmağa çalışmışıq", - Qüdsu deyir.
Müəllimin təbiricə desək, bəziləri bu tip çıxışları təlxəklik, düşüklük adlandırır. Amma o özü bunu başqa yöndən izah edir: "Məsələn, futbolda bir oyunçu qol vuranda komanda yoldaşları bir-birlərinin üzərinə axışır, kürəyinə çıxır və bizim üçün bu, əyləncə sayılır. Dərsdə müəyyən prosesi izah etmək, obrazlı şəkildə çatdırmaq üçün iki sinif yoldaşı bir-birinin çiyninə minə bilməzmi? Onsuz da artıq çəkili olan tələbə bütünlüklə digər tələbə yoldaşının çiyninə minmir. Bəziləri deyir ki, bu cür üsullar tələbələrin psixoloji durumlarına mənfi təsir edir. Yəni burada söhbət bir tələbənin kökaltında qalması, obrazlı desək, kimisə boynuna mindirməsindən gedir. Tələbələr öz razılıqlar ilə səhnəyə çıxıblar. Amma deyib ki, müəyyən neqativ fikirlərlə yanaşı bu videoları mükəmməl qiymətləndirənlər də var".
Seminarlarını bu cür obrazlı şəkidə keçən müəllim deyir ki, nazirlik, yaxud da elə rektorluq səviyyəsində ona hansısa irad bildirilməyib.
Qüdsi hesab edir ki, riyaziyyatı əyləncəli şəkildə tədris etmək çox önəmlidir: "Xüsusən də ibtidai siniflərdən bu prosesə başlanılmalıdır. Bu fənnin tədrisində vizuallığa önəm verilməlidir. Bundan başqa, riyaziyyatı tədris edərkən ətraf mühitlə də müqayisələr, əlaqələr qurulmalıdır. Əgər 45 dəqiqə ərzində şagird ürəyində "bu düstur, bu üsul mənim nəyimə gərəkdir, gələcəyim üçün nə məna kəsb edir?" deyə düşünərsə, əsla bu fənni sevməz. "Bu suallar DİM-in imtahanına düşəcək" və s. deməklə uşağa riyaziyyatı sevdirmək olmaz".
STEAM təhsilinin artıq Azərbaycanda da mövcud olmasını sevindirici hal kimi qiymətləndirən müəllim deyir:
"Hətta Sinqapurla birgə kitab nəşri də nəzərdə tutulur. Biliklərin inteqrasiyası, vizuallaşması ibtidai siniflərdən başlanmalıdır. Uşaqlara inteqrasiyanı öyrətmək lazımdır. Çünki həyatda inteqrasiyasız bir varlıq mövcud deyil. Adi bir stəkanda belə müəyyən inteqrasiya var. Orada həm incəsənət, həm fizika, həm cəbr, həndəsə, kimya var. Elmlər özləri də təkbaşına mövcud deyillər".
Daim üzərində işləyən müəllim Pakistan, Hindistan, Türkiyə, Sinqapur təcrübəsini öyrənir.
"Ümumiyyətlə, bir qədər tariximizə müraciət etdikdə dərs daha maraqlı, zəngin olur. Dərsləri həm də müəllifi olduğum dərs vəsaitlərindən keçirəm", - deyə o, əlavə edir.
Həmsöhbətimiz təhsilin əsas problemlərindən birinə də toxunub: "Biz düşünmə prosesində çox geridə qalırıq. Bu cür seminarlarda da bir daha əmin oldum ki, tələbələrimiz nə akt zalı, nə də seminar görüblər. Tələbələrdə diqqət əskikliyi var idi, dinləmə qabiliyyəti isə ümumiyyətlə yox idi. Bu səbəbdən də bizim 9-cu siniflər dünya üzrə oxuyub-anlamada sonuncu yerə çıxdılar".
Qüdsi həmkarlarından da şikayətçidir və onların bəzilərində analitik qabiliyyətin olmamasını fəlakət hesab edir:
"Bəzi müəllimlərin rekasiyasına baxırsan və deyirsən ki, kaş onlar müəllim olmayaydı. Bəzi müəllimlərin analiz eləmək qabiliyyətləri yoxdur. Müəllimlərimiz arasında oxuduğunu anlamayanlar çoxdur. Çünki əzbərləməyə öyrəşiblər. Müəllimlərlə yanaşı dərsi əzbərləyən uşaqlarda da neyronlar arasında rabitə yaranmır".
O əlavə edib ki, oxumaqdan əlavə, gördüyümüzü anlamaqda da ciddi problemlər var.
Tələbələr üçün müxtəlif seminarlar təşkil edən B.Qüdsini əsas narahat edən bir məqam da var: "Z" nəsli sürətlə irəli gedir, "X" nəsli isə onlardan çox geridə qalır və iki nəsil arasında problemlər yaranır. "X" nəsli "Z" nəslinə çata bilmədiyi üçün ortada dava-dalaş yaranır".
Pedaqoqun fikrincə, ümumiyyətlə, "Z" nəslinin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də var.
"Gənclər arasında ciddi şəkildə duyğusuzlaşma, ruhsuzlaşma prosesi gedir. Gənclərdə ürəklə ruh arasında bir dialoq əskikliyi var. Ürək bütün proseslərdən tamamilə kənarda qalıb. Bu da çox təhlükəlidir və düşünürəm ki, gələcəkdə bunun fəsadını görəcəyik", - deyə qısa müddətdə sosial şəbəkə fenomeninə çevrilən pedaqoq əlavə edib.
Xəbər lenti
0