CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişindaşımanın qiyməti maya dəyərindən 2 dəfə aşağıdır: Nazirlik optimal yol axtarır

© Photo : REPORTavtobus
avtobus - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Nazir müavini bildirib ki, bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır.
BAKI, 9 dekabr — Sputnik. Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Onun sözlərinə görə, metro fəaliyyəti ilə bağlı daha yüksək rəqəmlər səsləndirilir: "Dəmir yolu vasitəsilə sərnişin daşımada isə maya dəyəri təqribən faktiki qiymətdən çoxdur. Bu ümumi bir problemdir. Faktiki olaraq metro və dəmir yolu dövlət tərəfindən subsidiyalaşdırılır. Avtobus fəaliyyəti isə qismən dövlət tərəfindən subsidiyalaşdırılır".
O vurğulayıb ki, avtobus qiymətlərinin eyni saxlanması ilə daşıyıcıların marağının azalmasını görürük: "Bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır. Ümumiyyətlə, ölkədə 36% əhalinin nəqliyyata çıxış imkanları məhduddur. Bu, bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təbəqəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq".
Xatırladaq ki, bir müddət öncə Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
"İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günə qədər nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırırıq ki, Bakıda ictimai nəqliyyatın 81%-nə özəl daşıyıcı şirkətlər nəzarət edir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk", - deyə sərnişindaşıma şirkətlərinin müraciətində bildirilib.
Xəbər lenti
0