SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MM-də etiraz: Qanunlara dəyişikliklərin çoxu rüsum, cərimə artımı ilə bağlıdır

© Sputnik / Rahim MuradovLənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı
Lənkəranda sərtləşdirilmiş karantin rejimi zamanı - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Deputatın sözlərinə görə, liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik. Bəzən əsaslandırmadan cəzaları niyə sərtləşdiririk?
BAKI, 9 dekabr — Sputnik. Son zamanlar qanunların çoxuna əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar əksini tapır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, hər kəs kiçik araşdırma aparsa, görər ki, məsələn, cəzalar sərtləşdirilir: "Bəzən əsaslandırmadan cəzaları niyə sərtləşdiririk? Yəni bu sahədə cinayətlərin sayında artım varmı, bu, nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verilir ki, öz xidmətlərinə görə vətəndaşlara rüsum təyin etsin. Liberallaşmağın yerinə biz məhdudiyyətlər tətbiq edirik. Yəni bu tendensiya görünən, hiss olunandır. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə liberallaşsın".
Qüdrət Həsənquliyev qeyd edib ki, Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyir: "Amma bir deputat məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, əgər iddiaçı haqsızdırsa, niyə qərar qəbul etmirsən, illərlə, aylarla təxirə salırsan, keçir şantaja və bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Halbuki, biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına deyəndə deyirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsiniz və s. Amma onlar tərəfindən gələn qanunlara mən ciddi müqavimətimizi görmürəm. Gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik".
Spiker Sahibə Qafarova isə bildirib ki, bütün qanun layihələri çox ciddi müzakirələrdən keçir: "Qüdrət müəllim deyir ki, biz daha da sərt olaq, Milli Məclis olaraq qanunların müzakirəsində öz qüvvəmizi göstərək. Düşünürəm ki, çıxışda məntiq var".
Deputat Sabir Rüstəmxanlı da qanun yaradıcılığı məsələsi ilə bağlı problemlərə toxunub: "İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bu yana 146 dəyişiklik edilib, çoxu da rüsum və cərimələrin artırılması ilə bağlıdır. Mən anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığının, qanunların və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm".
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclası keçirilib. Ümumilikdə 29 məsələ müzakirəyə çıxarılıb və qəbul edilib.
Xəbər lenti
0