Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis 2023-cü ilin dövlət büdcəsini qəbul edib

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 773 978 min manata, büdcə xərcləri isə 33 353 278 min manata çatdırılıb.
BAKI, 9 dekabr - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.
2023-cü ilin dövlət büdcəsinin birinci və ikinci oxunuşları zamanı həm Milli Məclisin komitələrində, həm də plenar iclaslarında deputatlar tərəfindən məsələ ilə bağlı 120-dən çox çıxış edildiyini diqqətə çatdıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bunu parlamentdə büdcənin ətraflı müzakirəsi üçün geniş dialoq mühitinin yaradılmasının göstəricisi kimi dəyərləndirib.
Tahir Mirkişili Prezident İlham Əliyevin fərmanı ilə dövlət orqanlarında aparılan struktur islahatları nəticəsində Naxçıvan Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olunmasını diqqətə çatdıraraq, bu dəyişikliyin dövlət büdcəsində də əks olunması zərurətinə toxunub.
Komitə sədri bildirib ki, yeni yaradılmış Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçirildiyi üçün dövlət büdcəsində müvafiq dəyişikliklər aparılıb. Belə ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri 53 milyon manatdan bir az çox olmaqla artırılıb, eyni zamanda icmal büdcənin gəlir və xərclərində isə təxminən 20 milyon manatlıq dəyişiklik edilib. Həmçinin büdcənin strukturunda və indiyədək tətbiq olunan bəzi qaydalarında da müvafiq dəyişikliklər aparılıb.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikasının gəlirlərində, ləğv olunmuş komitənin xətti ilə 53,2 milyon manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi zərurəti yaranıb. Həmçinin Naxçıvan Muxtar Respublikanın ləğv edilmiş gömrük komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanılması üçün tələb olunan 20,6 milyon manat vəsait muxtar respublikanın büdcəsinin xərclərindən azaldılaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xərclərinə proqnozlaşdırılıb.
Nəticə etibarilə dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği artırılaraq 482,4 milyon manat təşkil edəcək. Bütün bunlara müvafiq olaraq, 2023-cü ilin dövlət büdcəsi layihəsində gəlirlər 30 773 978 min manata, büdcə xərcləri isə 33 353 278 min manata çatdırılıb. Büdcə kəsiri və icmal büdcənin gəlirləri və xərcləri isə dəyişməyərək əvvəlki səviyyədə qalıb.
Büdcə layihəsində sosialyönümlü xərclər ümumilikdə 1 milyard 289.2 milyon manat artırılaraq 15 milyard 218.9 milyon manata çatdırılıb. Bu, dövlət büdcəsi xərclərinin 45.7 faizini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərdə əhalinin məskunlaşması üçün şəraitin yaradılmasına ayrılan xərclər 330 milyon manat artırılaraq 3 milyard manata, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, habelə hüquq-mühafizə orqanları üçün ayrılan xərclər 495.9 milyon manat artırılaraq 8 milyard 062.9 milyon manata çatdırılıb.
Bununla yanaşı, təhsil xərclərinin 4 milyard 423 milyon manat, səhiyyə xərclərinin 1 milyard 906 milyon manat olacağı proqnozlaşdırılır. Əməyin ödənişi xərclərinin 420 milyon manat, məqsədli kənd təsərrüfatı tədbirləri, ərzaq təhlükəsizliyi üçün ayrılan xərclərin isə 350 milyon manat artırılması planlaşdırılır. Həmçinin 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayı 6 rayon artaraq 57-yə çatacaq.
Xatırladaq ki, deputatlar 2023-cü ilin dövlət büdcəsini müstəqillik tariximizin ən böyük dövlət büdcəsi kimi xarakterizə ediblər, büdcə layihəsində əvvəlki illərdə olduğu kimi, sosialyönümlü xərclərin artırılmasını müsbət qiymətləndiriblər. Bildiriblər ki, tarixdə ilk dəfədir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri 30 milyard manatı keçib. Vurğulanıb ki, 2023-cü ilin dövlət büdcəsi ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur rayonlarında bərpa-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın gerçəkləşdirilməsi kimi qarşıya qoyulan məsələlərin həllinə yönəlik maliyyələşmə mexanizmlərini və imkanlarını özündə əks etdirir.
Millət vəkilləri gələn ilin dövlət büdcəsini dünyanın müasir çağırışları, qlobal kataklizmlər və ərzaq təhlükəsizliyi kontekstində dəyərləndirərək, onun bu çağırışlara adekvat cavab verdiyini qeyd ediblər. Deputatlar büdcə siyasətində iqtisadiyyatın, onun qeyri-neft sektoru, kənd təsərrüfatı kimi sahələrinin inkişafının dəstəklənməsi, əhalinin həssas qruplarının, xüsusən də şəhid ailələri və müharibə iştirakçılarının, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edilib ki, müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub.
Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbər lenti
0