CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir ərzaq və dərmanların qiymətinin artmasına münasibət bildirib

© Sputnik / Дмитрий Астахов Əli Əsədov
 Əli Əsədov  - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
Baş nazirin sözlərinə görə, Azərbaycan dərman məhsullarının 95 faizindən çoxunu idxal edir. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur.
BAKI, 9 dekabr-Sputnik. "Bir sıra millət vəkilləri tərəfindən istehlak bazarında ərzaq və dərman qiymətlərinin artımından narahatlıq ifadə edilib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, qlobal istehsal-təchizat zəncirində qırılmalar dünya ərzaq qiymətlərinin bahalaşmasına, əksər ölkələrdə inflyasiyasının iki rəqəmli olmasına səbəb olub: "Dünya iqtisadiyyatı tənəzzüllə üz-üzədir. Qlobal vəziyyətin necə olacağını təxmin etmək çətindir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. İnflyasiya ölkəmizdə əsasən ərzağın təxminən 60 faiz bahalaşmasına səbəb olub".
Baş nazirin sözlərinə görə, Azərbaycan dərman məhsullarının 95 faizindən çoxunu idxal edir. Dərman vasitələri Almaniya, Birləşmiş Krallıq, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən idxal olunur: "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi müvafiq qaydalara uyğun olaraq Tarif Şurası tərəfindən həyata keçirilir.
Şura Tərəfindən son qiymət artımı 277 adda dərman vasitəsinə tətbiq olunub, bu da ümumi dərmanların cəmi 2 faizidir. Onlardan da 126 adda dərman vasitəsi Rusiya, Ukrayna və Belarusdan idxal olunan dərmanlardır. Bu ölkələrdən idxal olunan dərmanların qiymətinin artması qaçılmaz idi. Hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur".
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixində növbəti iclası keçirilib və müvafiq qərarlar qəbul edilib.
İclasda yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13 493 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Onu da bildirək ki, bundan öncə Milli Məclisdə dərmanların baha olması məsələsi qaldırılıb. Deputat Vahid Əhmədov Türkiyədən gələn dərmanların baha olduğunu söyləyib. Onun sözlərinə görə, qiymət artımı ən çox dərman qiymətlərində hiss olunur. Baxmayaraq ki, bu qiymətlər dövlət tərəfindən tənzimlənir.
"Mən dərmanlarımı Türkiyədən gətizdirirəm. Türkiyədə və burada olan dərmanların qiymətində 7-8 dəfə fərq var. Mən başa düşürəm yol, daşıma xərcləri var. Lakin fərq bu qədər olmamlıdır. Bu əhalini ən çox narahat edən problemdir", - deyə Vahid Əhmədov bildirmişdi.
Deputat Fazil Mustafa da Azərbaycanda dərman vasitələrinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu diqqətə çatdırıb.
"Təsəvvür edin ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, bu, vətəndaşın yaşamında özünü hiss etdirmir", - deyə deputat əlavə edib.
Xəbər lenti
0