CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda smartfonların qiyməti xarici ölkələrlə müqayisədə çox bahadır - Deputat

© pixabay / StockSnapSmartfon
Smartfon - Sputnik Azərbaycan, 1920, 09.12.2022
Abunə olmaq
N.Həmzəyev bildirib ki, dələduzlar bu vəziyyətdən istifadə edib telefonu baha qiymət satırlar. Bu qiymətlərə nəzarət etmək, aşağı salmaq lazımdır.
BAKI, 9 dekabr — Sputnik. "Azərbaycanda smartfonların qiyməti xarici ölkələrlə müqayisədə 500 dollar bahadır".
Bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
N.Həmzəyev bildirib ki, dələduzlar bu vəziyyətdən istifadə edib telefonu baha qiymət satırlar:
"Bu qiymətlərə nəzarət etmək, aşağı salmaq lazımdır. Qoy 200 dollar fərq olsun, ancaq 500 dollar yox".
Deputat həmçinin mobil telefonların qeydiyyata alınması üçün əlavə ödənişi də aradan qaldırmağı təklif edib.
Qeyd edək ki, Azərbaycanda mobil telefonların IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir. Bununla bağlı "Telekommunikasiya haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağan edilir.
Digər bir dəyişikliklə Azərbaycanda mobil telefonların IMEI nömrəsini dəyişənlər on iki min manat cərimə ediləcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 368-1-ci maddə (Mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi) əlavə olunur.
Yeni maddəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcək.
Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək, hüquqi şəxslər 9 000 manatdan 12 000 manatadək məbləğdə cərimə olunacaq.
Qanuna dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin aprelin 1-dən qüvvəyə minəcək.
Milli Məclisin bu gün keçirilən iclasında təklif edilən dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib.
Qeyd edək ki, mobil cihaz - mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq nəzərdə tutulur.
İMEİ - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə (İMEİ-International Mobile Equipment Identification).
Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihazları ölkəyə idxal edən bütün hüquqi və fiziki şəxslər idxal etdikləri mobil cihazların markaları, modelləri, sayı və İMEİ nömrələri barədə məlumatlar qeyd edilmiş ərizə formasını dolduraraq qeydiyyat mərkəzinə təqdim edirlər.
Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə mobil cihazları ölkəyə idxal edən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 2 iş günü ərzində araşdırılır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mobil cihazların qeydiyyat sisteminə (MCQS) elektron formada göndərilən İMEİ nömrələri ilə müqayisə edilir. Sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə və bu Qayda ilə müəyyən olunmuş tələblərə riayət edildikdə, ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə daxil edilir və bu barədə ərizəçiyə qeydiyyat mərkəzi tərəfindən yazılı məlumat verilir.
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həm elektron, həm də yazılı müraciət etmə üsullarında təqdim edilmiş məlumatlar qeydiyyat mərkəzi tərəfindən 2 iş günü ərzində araşdırılır və sənədlərdə çatışmazlıq olmadıqda, habelə təqdim edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmədikdə ərizədə göstərilmiş İMEİ nömrələri dərhal ağ səhifəyə və ya uyğunlaşdırılmış ağ səhifəyə daxil edilir və bu barədə abunəçiyə qısa mesaj vasitəsilə məlumat verilir.
Xəbər lenti
0