SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Millət vəkili Azərbaycanın xaricdəki bəzi səfirlərini tənqid edib

© Sputnik / Murad OrujovFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
"Necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir, bir nəfər belə Azərbaycanın lehinə çıxmır? 30 ildir, orada diplomatik korpusumuz fəaliyyət göstərir", - deyə deputat diqqətə çatdırıb
BAKI, 6 dekabr - Sputnik. “Ötən iclasda Fransa Milli Assambleyasının qəbul etdiyi qərara hamılıqla münasibət bildirdik və orada 256 deputatın səsvermədə etdiyi yaramazlıqlara çox sərt reaksiya ortaya qoyduq. Lakin biz özümüzə aid olan yarıtmazlıq barədə danışmağı unutduq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
“Bu yarıtmazlıq nədən ibarətdir? İstər Fransa, istər Belçika, istər Almaniya və ya digər ölkələr olsun, necə olur ki, bir parlamentdə 256 nəfər Azərbaycanın əleyhinə səs verir, bir nəfər belə Azərbaycanın lehinə çıxmır? 30 ildir, orada diplomatik korpusumuz fəaliyyət göstərir. Yəni bu səfirlərin bir, iki şəxsi dostu, münasibət quracağı 5-6 adam da yoxdur? Yəni hamı ermənilərin təsiri altındadır? Ermənilər kimi kiçik bir xalq hamını ələ alıb? Bu, inandırıcı gəlmir. Biz özümüzə aid olan bir sıra məsələləri həll etmədiyimizə görə problemlər yaşayırıq. Bir çox halda bu sahədəki bəzi insanlar qabiliyyətinə görə yox, qabiliyyətsizliyə görə irəli, daha yuxarı vəzifələrə çəkilir”, - deyə deputat diqqətə çatdırıb.
Fazil Mustafa bildirib ki, dövlət büdcəsindən 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə və Azərbaycanı tanıtmağa pul ayrılır: “Lakin Azərbaycanı bu formada tanıtmağa nə ehtiyac var? Elə Azərbaycanın Prezidenti öz çıxışı, davranışı, apardığı müzakirələrlə ölkəmizi ən yüksək səviyyədə tanıdır. Bunun ayrı-ayrı adamlar tərəfindən edilməsinə ehtiyac yoxdur. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatik korpusumuz həmin ölkələrdə olan səlahiyyətli şəxslər, ictimai fikrə təsir edə biləcək adamlarla əlaqə qurmağı bacarmalıdır. Bir çoxu isə bu qabiliyyətdən məhrumdur. Sadəcə, 5 il vaxtını öldürüb gəlirlər. Onların nə işlə məşğul olduğu soruşulmur?”
Xatırladaq ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edilib.
Noyabrın 30-da isə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dünən Azərbaycan Respublikası Milli Məclisi münasibət bildirib.
Açıqlamada deyilir: "Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.
Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.
Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir...".
Xəbər lenti
0