CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət xidmətləri üçün vətəndaşlardan tələb edilən sənədlər minimuma endirilir

© Photo : Facebook / ASAN Xidmət9108 Çağrı Mərkəzi
9108 Çağrı Mərkəzi - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
Vətəndaşlar dövlət xidmətlərindən yararlanarkən onlardan tələb olunan sənəd və ya məlumatların əksəriyyəti hazırda Elektron Hökumət İnformasiya Sistemində mövcuddur - deputat söyləyib.
BAKI, 6 dekabr - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunlarda dəyişikliklərə baxılıb.
Deputat Kamal Cəfərov bildirib ki, təklif olunan dəyişikliklərin məqsədi dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınmasının təmin olunmasıdır. Yəni vətəndaşlar dövlət xidmətlərindən yararlanarkən onlardan qanunvericiliklə müəyyən olunmuş sənədlər və ya məlumatlar tələb olunur. Lakin həmin tələb olunan sənəd və ya məlumatların əksəriyyəti hazırda Elektron Hökumət İnformasiya Sistemində mövcuddur. Ona görə də tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Yol hərəkəti haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” və digər qanunlarda da analoji dəyişikliklər edilir.
Məlumat üçün deyək ki, dəyişikliklər Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın 4.2-ci bəndinə əsasən hazırlanıb. "Milli Fəaliyyət Planı"na uyğun olaraq, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.
Təklif olunan dəyişiklik vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0