Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cahangir Novruzov: "Azərbaycan xalqından inciyəm"

© SputnikCahangir Novruzov
Cahangir Novruzov - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
"Qorxma, mən səninləyəm", "Ordan-burdan", "Ac həriflər", "Yaşıl eynəkli adam", "Bəxt üzüyü" kimi onlarla ekran əsərində unudulmaz obrazlar yaradan sənətkar 25 il öncə Türkiyəyə gedib, orada öz sənətini davam etdirir.
BAKI, 4 dekabr — Sputnik. O, Azərbaycan kino və teatr tarixinə öz imzasını yazan sənətkarlardanır. İllərdir ölkədən uzaq, qardaş Türkiyədə yaşamasına rəğmən Azərbaycan tamaşaçısı onun rol aldığı televiya tamaşalarını, filmləri, teatr tamaşlarını sevə-sevə izləyir. Söhbət Xalq artisti Cahangir Novruzovdan gedir. Hər dəfə ölkəyə gəlişində böyük sevgi və rəğbətlə qarşılanan Xalq artisti ilə biz də həmsöhbət olduq. Sənətkarla iki qardaş ölkənin kino və teatrının bugünki vəziyyətindən, keçdiyi həyat yolundan danışdıq. "Qorxma, mən səninləyəm", "Ordan-burdan", "Ac həriflər", "Yaşıl eynəkli adam", "Bəxt üzüyü" kimi onlarla ekran əsərində unudulmaz obrazlar yaradan sənətkar 25 il öncə Türkiyəyə gedib, orada öz sənətini davam etdirir.
Cahangir müəllim Türkiyəyə getdiyi ilk illəri belə xatırlayır: "Mən yenicə Türkiyəyə getdiyim vaxtlar idi. O vaxtlar hələ maşın almamışdım, ona görə də ictimai nəqliyyatla gedib-gəlirdim. Qadınların üzləri qapalı, başlarında fəs.. Madam Tüssonun Mum Fiqurlar Muzeyinə bənzəyən avtobus idi. İnsan sağa-sola baxmağa belə cürət etmirdi. 6 aydan sonra Bakıya gəldim, küçədə qadınlarımızı gördüm. Qadınlarımızın necə gözəl olduqlarının fərqinə vardım. Azərbaycan qadınlarının gözəlliyi estetik dəyərimizdir. Mən süni gözəllikləri nəzərdə tutmuram. Orada bizim analarımızın, bacılarımızın gözəlliyi yoxdur. Ümumiyyətlə, insan xisləti belədir. İnsan nəyisə itirdikdən sonra onun dəyərini anlayır. İşğaldan öncə Şuşada iki dəfə olmuşdum. Amma nə heykəllərin, nə o məscidlərin dəyərini dərk etmirdim. Əminəm ki, mənim kimi nə qədər insan o abidələrin önündən keçib, heç dönüb ona diqqətlə baxmayıb. Amma 29 il Şuşadan ayrı qalanda oranın hər tini, hər küçəsinin, hər daşının nə qədər dəyərli olduğunu anladıq".
Sənətkar Türkiyə və Azərbaycan teatrlarının fərqindən də söz açdı. O istəyir ki, Mədəniyyət nazirimiz Azərbaycanda Türk dünyası teatr festivalının keçirilməsi üçün təşəbbüs irəli sürsün. Çünki Türk dövlərlərinin Azərbaycan teatrından öyrənəcəyi çox şey var:
"Mən 25 il bundan qabaq Türkiyəyə gedəndə hələ orada diasporumuz yaranmamışdı. Dərnəklər yaratdıq. Ora yeni gələn azərbaycanlılara yardım etməyə çalışırdıq. Öz maaşımızdan onlara verirdik ki, onlar təhsil ala bilsinlər. Mən ora yeni gedən dönəmlərdə onlar bizim haqqımızda heç nə bilmirdilər. Bizi qınayırdılar ki, "əşi gedin alın da Qarabağınızı", "Niyə Qarabağı verdiniz?" kimi fikirlər səsləndirirdilər. Çünki, bizi tanımırdılar. Elə bilirdilər ki, mən heç nə bilmirəm. Amma sonradan söhbət etdikcə, gördülər ki, mənim bildiklərimi onlar bilmirlər. Deyirdilər ki, "hocam, siz KQB-dəmi (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi - red.) işləmisiniz?" Deyirdim, "yox əlbəttə, niyə soruşursunuz?" Deyirdilər ki, "çünki hər şeydən xəbərdarsınız". Onlara izah edirdim ki," mən Sovet dövlətində təhsil almışam, incəsənət adamı olsam da, digər fənləri də bəlli səviyyədə oxumuşam". Sən demə, mənim "orta səviyyə" hesab etdiyim onlarda yüksək imiş. Hər adam bilməzmiş. Biz də onları son illərdə, filmləri gəldikdən sonra tanımağa başladıq".
Kinonun insan şüuruna təsirindən danışan müsahibimiz bildirir ki, kino insan təfəkkürünə müdaxilə edən ən güclü sistemdir. Sən onu görmürsən, amma o sənə təsir edir: "1938-ci ildə Şəki üsyanı (Çar Rusiyasının Azərbaycanda yeritdiyi müstəmləkəçilik əsarətinə qarşı çevrilmiş üsyan) zamanı əhalinin əlindən silahları alırdılar. Şəki üsyanının başçısı camaatı yığır, deyir "camaat, görürsünüz ki, Çar hökuməti bizdən məcbur əlimizdə-ovcumuzda nə varsa, alır. Siz nə badə, əlinizdəkiləri keçi piyi ilə yağlayıb, dəriyə büküb basdırasınız". Bununla da o, əslində camaatın hansı addımı atmalı olduğunu sətiraltı çatdırır. Kino da buna bənzəyir. Sənə demir get filan addımı at. Sənə təsir edir. Subliminal mesaj ötürür kino. Ona görə də film seçərkən diqqət etmək lazımdır ki, sonradan faciələrlə qarşılaşmasınlar".
Cahangir Novruz sənətə gələndə ailəsi onun bu istəyinə qarşı çıxıb. Ailə üzvləri düşünürdülər ki, Cahangir ailəsinin kölgəsində itib-batacaq. Amma zamanla Nəsibə xanım da, atası Mütəllib bəy də nə qədər yanıldıqlarını anlayıblar:
"Anam dedi ki, Azərbaycan Dövlət Universitetinin rektoru deyir, "oğlunuz hansı ixtisası istəsə, ora qəbul edəcəyik". Dedim "mən prokuror olub camaatı tutacağam? Məndən adam tutan olar?". Dedilər "onda Şərqşünaslığı oxu". Dedim, "istəmirəm". Dedilər, "bəs nə istəyirsən?" Dedim, "teatr!" Evdə çox böyük mübahisələr başladı, onlar məndən küsdülər. Anam "onda zəhmət çəkib özün girəcəksən" dedi. Sonuncu imtahanda bildilər ki, mən Nəsibə xanımın oğluyam. Amma artıq qəbul olunmuşdum".
Nəsibə xanım oğluna qarşı çıxsa da, sonradan onunla qürur duymağa başlayıb: "Bir gün anam evə gəldi, gördüm üzü gülür. Dedi, "bu gün mənim ən xoşbəxt günümdür". Soruşdum ki, "nə olub?" Dedi, "küçədən keçəndə iki xanım yanımdan keçdi, dedilər ki, "Cahangirin anasıdır"". Çünki, o zamanlar mən efirə çıxırdım. Hər kəs məni tanıyırdı. Onda soruşdum ki, "sən niyə mənə qarşı çıxırdın?" Anam dedi, "mən düşünürdüm ki, sən baban kimi, mənim kimi bu yükü daşıya bilməyəcəksən, bizim kölgəmizdə qalacaqsan".
Valideynlərin kölgəsində qalmaq Cahangir Novruzovu həmişə narahat edib. Nəsibə Zeynalovanın oğlu olmaq ona şərəfdir, amma onun oğlu olduğuna görə tanınmaq onu həmişə məyus edib. Öz sənəti ilə sevilməyə can atan Novruzov öncə Şəkiyə, daha sonra isə Türkiyəyə üz tutur:
"Mən Nəsibə xanımın oğlu olmamaq üçün Şəkiyə, sonra da Türkiyəyə getdim. Bu barədə Azərbaycan xalqından inciyəm. Mənim şəxsiyyətim, sənətim yoxdurmu? Mən o qadının oğlu olduğuma görə fəxr edirəm, amma sənətdə mənim öz yolum var. Şəki teatrında olanda gəlib anam mənim yerimə tamaşa oynamırdı ki. Mən Türkiyəyə buna görə getdim. Çünki, Türkiyədə Nəsibə xanımı tanıyan yoxdur. Orada mənim xeyli tələbəm var. Cahangir hocanın tələbələrini bütün seraillarda görə bilərsiniz. Bu yaxınlarda eşitdim ki, tələbələrim artıq İstanbulda öz şəxsi teatrlarını yaradıblar. Onlar Azərbaycan teatr ənənələrini yaşadırlar. Onların yaratdığı teatrda Azərbaycan teatr estetikası var".
Səhnəmizin "Cənnət xalası"nın verdiyi tövsiyələri bu gün tələblərinə ötürür Cahangir müəllim. Nəsibə xanımla bağlı xatirələrini bölüşən həmsöhbətimiz göz yaşlarına hakim ola bilmir:
"Universitetin ikinci semestrində oxuyurdum. Süleyman Rüstəmin yubleyi idi. Mehdi Məmmədov onun yubleyini təşkil edirdi. Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" əsəri Aktyorlar evində səhnələşdirilmişdi. Mən orada Qafarı oynayırdım. Anamı tamaşaya dəvət edəndə, dedi baxaram, vaxtım olsa, gələrəm. Tamaşa belə qurulmuşdu ki, mən salondan gəlməli idim. Qapının ağzında qrimlənib dayanmışam. Tamaşa başlayıb, bir də baxdım ki, Nəsibə xanım gəldi. Yaxınlaşıb mənə dedi ki, "çoxdan başlayıb?". Mən də yaşlı adamın səsi ilə "biraz var" dedim. Dedi qoy buradan baxım. Dedim "Nəsibə xanım, mən buradan çıxacağam". O da dedi "hə yaxşı keçim". Mən də gəldim anamın qabağına, dedim "belə də bəla olar? İnsan insanı tanımır". Anam məni qətiyyən tanımamışdı. Həmin axşam anamın dodağı qaçırdı, sevinirdi". Anam mənə deyirdi "oğlum, püxtələşmiş sənətkar gərək səhnədə olduğunu, kim olduğunu unutsun. Eyni zamanda, səhnədə olduğunu və kim olduğunu unutmasın. Sən gərək səhnədə olanda Cahangir olduğunu həm unudasan, həm də biləsən ki, sən Cahangirsən. Bu iki ziddiyyəti saxlaya bilsən, səndən aktoyr olacaq". Bunu Konstantin Stanislavski (Teatr tarixində ilk dəfə səhnə metodunu, nəzəriyyəsini və aktyor sənəti məktəbini yaradıb-red.) də yazmışdı. Amma anam onu oxumamışdı. Ağlın yolu birdir axı. Bu gün anamın mənə verdiyi tövsiyələri öz tələbələrimə də verirəm".
Atası Mütəllib bəy zamanının ən məşhur muğam ustalarından olub. Mütəllib bəy də Nəsibə xanım kimi oğlunun sənətə gəlməsinə qarşı çıxsa da, ona öz tövsiyələrini verib: "Atama həmişə deyirdim ki, "sən niyə səhnəni tez tərk etdin?" Deyirdi, "saçlarım ağarıb". Deyirdim, "axı həmyaşıdların çıxır". Deyirdi ki, "onlar saçlarını boyayır, mən bunu qəbul etmirəm". O mənə deyirdi ki, "deməli, artist olacaqsan. Artist ol, amma "artistka" olma". Məncə, mən onun vəsiyyətinə sadiq qalmağı bacardım".
Birinci Fəxri Xiyabanı ailə məzarlığı hesab edən sənətkar, hər dəfə ora gedəndə sözlə ifadə edə bilməyəcək hislər keçirdiyini dilə gətirir:
"Mən hər dəfə Nəsibə xanımın qəbrini ziyarət edəndə sanki uşaqlığıma dönürəm. Fəxri Xiyaban sanki bizim ailə qəbiristanlığımızdır. Orada dəfn olunan insanların 98 faizi mənim əzizlərim olub. Onların məni oxşamalarını, saçlarımı sığallamalarını, söhbətlərini xatırlayıram. O zamanlar onların dedikləri sözlərin fərqinə varmırdım. Zaman keçdikcə, yaşa dolduqca, onların nə demək istədiklərini anlayıram...Kitablar kimi.. Oxunan kitabları anında anlamırıq, zaman keçdikcə, başa düşürük. Şəraba da bənzətmək olar, zaman keçdikcə, daha da qiymətlənir o sözlər...".
Xəbər lenti
0