Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Razılığa gəlmək mümkün deyil": Aİ-də Ukrayna böhranından kimin qazandığını anlayıblar

© AP Photo / Vadim GhirdaAİ bayrağı, arxiv şəkli
Aİ bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
Macarıstanın xarici işlər naziri Peter Siyyarto bildirib ki, Avropa iqtisadiyyatının tənəzzülə doğru hərəkəti amerikalılar üçün yaxşı xəbərdir və onlar bundan faydalanmaq fürsətini əldən vermədilər.
BAKI, 3 dekabr — Sputnik. Avropalı siyasətçilər Vaşinqtonun Köhnə Dünyanı tənəzzülə sürüklədiyindən və Ukrayna münaqişəsindən dividendlər aldığından şikayət edirlər.
Bu barədə "Politico" nəşri yazır.
Doğrudan da, amerikalılar Kiyevə bir əsgər də göndərmədən (ən azı rəsmi olaraq) Ukrayna böhranından görünməmiş hərbi, iqtisadi, geosiyasi faydalar əldə edirlər. "RİA Novosti"nin müəllifi Daniil Nizamutdinov yazır ki, bütün bunlar Aİ-ni getdikcə qıcıqlandırır.
ABŞ-ın təsirinin genişlənməsi
"Politico" adı açıqlanmayan yüksək rütbəli avropalı məmurdan sitat gətirib: "Əgər buna ayıq başla baxsanız, müharibədən faydalanan ölkə ABŞ-dır, çünki onlar daha çox silah və qazı baha qiymətə satırlar".
Amerikalılar həmişə Qərb dünyasında hökmranlıq etməyə çalışıblar. Ukraynadakı münaqişə isə hamını cilovlamaq üçün, sadəcə, əla fürsətdir.
Son illər Vaşinqton davamlı olaraq Avropaya, xüsusən də anti-Rusiya sanksiyaları və Moskvadan enerji asılılığının zəiflədilməsi məsələlərində təzyiq göstərir. Yazda avropalılar, baxmayaraq ki, əvvəldən bunun Aİ-yə, bəlkə də Rusiyadan daha ağır zərbə vuracağı bəlli idi - "böyük qardaş"ın ardınca qadağaları həvəslə genişləndirməyə tələsdilər.
Həmçinin, Fransa prezidenti Emmanuel Makron son vaxtlara qədər "onun beyni ölüb" dediyi NATO Qərb dünyasının gözündə tam reabilitasiya edilib. Bu təşkilata kimin rəhbərlik etdiyi isə heç kimə sirr deyil.
Silah satışı və "qaz iynəsi"
Avropada və bütün dünyada silaha tələbat artıb. ABŞ isə onun ən böyük ixracatçısıdır (qlobal tədarüklərin üçdə birindən çoxu).
Təkcə təyyarə sənayesində amerikalılar on milyardlarla avro dəyərində müqavilələr alıblar. Kanada 88 ədəd beşinci nəsil F-35, İsveçrə 36, Almaniya 35 ədəd qırıcı sifariş edib.
Yayda Almaniya hakimiyyəti bundesverin yenidən silahlanması üçün, təxminən, 100 milyard avro ayırmaq niyyətində olduqlarını açıqlayıb. Bu məbləğin əhəmiyyətli hissəsini ABŞ büdcənin alacağına şübhə yoxdur. Bundan əlavə, Bern Ukraynaya hərbi malların təkrar ixracına icazə vermədiyi üçün Almaniya İsveçrə ilə mübahisə edib.
Avropanın arsenalları boşalır, Amerika istehsalçıları isə sevinc içində əllərini ovuşdururlar. Təbii ki, hərbi sənaye kompleksinin belə dağıdılması ölkənin bütün iqtisadiyyatına müsbət təsir göstərir.
Üstəlik, qaz ixracı. Vaşinqton uzun müddətdir ki, Avropanı ucuz rus yanacağından imtina etməyə məcbur etməyə çalışır. Və, hazırda bir neçə ay ərzində mayeləşdirilmiş təbii qaz tədarükü iki dəfə artıb.
"Şimal axını"nda baş verən partlayışlar faktiki olaraq Aİ-ni seçimdən məhrum edib. Okeanın o tayından yanacaq almaq məcburiyyəti yaranıb ki, bu da avropalı istehlakçılara amerikalıların özlərindən dörd dəfə baha başa gəlir.
Rəqabət qabiliyyətinin itirilməsi
Enerji böhranı şəraitində Avropa sənayesi rəqabət qabiliyyətini itirib. Almaniya xüsusilə ağır zərbə alıb. ABŞ-da isə yayda inflyasiyanı azaltmaq üçün qanun qəbul ediblər. Sənəd milli iqtisadiyyatın dəstəklənməsi üçün geniş tədbirləri nəzərdə tutsa da Aİ-də bunu ayrı-seçkilik hesab ediblər.
Nəticədə Amerika şirkətləri güclənir, Avropa şirkətləri isə ya bağlanır, ya da ABŞ-a köçür. Burada onlara vergi güzəştləri və ucuz enerji resursları verilir.
Bütün bunlar Aİ siyasətçilərini özlərindən çıxarıb. "Avropa iqtisadiyyatının tənəzzülə doğru hərəkəti amerikalılar üçün yaxşı xəbərdir və onlar bundan faydalanmaq fürsətini əldən vermədilər", - deyə Macarıstanın xarici işlər naziri Peter Siyyarto qəzəblə bildirib.
Makron ABŞ-ın inflyasiya ilə mübarizə qanununu dostluqdan kənar adlandırıb. O, bunun Ümumdünya Ticarət Təşkilatı (ÜTT) normalarına zidd olduğunu irəli sürüb. Fransanın iqtisadiyyat naziri Bruno Le Mer isə Aİ ölkələrini Vaşinqtonun hərəkətlərinə birgə cavab verməyə çağırıb. "Biz Ukraynadakı münaqişənin ABŞ iqtisadiyyatının üstünlüyü və Avropanın zəifləməsi ilə bitməsinə imkan verə bilmərik", - deyə o vurğulayıb və əlavə edib ki, bu gün Paris üçün əsas şey Avropada Almaniya ilə rəqabət deyil, Aİ və ABŞ arasındakı rəqabətdir.
Cavab olacaqmı?
Paris və Berlin isə, hələ ki, razılığa gələ bilmirlər. "Bloomberg"in məlumatına görə, Makron ABŞ-dakılara bənzər tədbirlərdə israrlıdır. Almaniya kansleri Olaf Şolts isə "transatlantik müharibəni" qızışdırmaq istəmir və Vaşinqtonun qərarlarını düzəldəcəyinə ümid edir.
Avropa isə nə qədər "qəzəbli" olsa belə, hazırda kimsə amerikalılarla mübarizə apara biləcək qüvvədə deyil. Fransa, Almaniya, İtaliya yüksək səslə "narahatlıq ifadə edə" bilər, lakin Aİ-də birlik yoxdur. Üstəlik, Avropa Komissiyasının rəhbərliyi əsas müttəfiqi kimi Vaşinqtonu diqqət mərkəzində saxlayır.
Ali İqtisadiyyat Məktəbinin "ticarət siyasəti departamenti"nin rəhbəri Maksim Medvedkovun fikrincə, ÜTT-də Amerika tədbirlərinə etiraz etmək cəhdinin uğur qazanmaq şansı var.
"Problem ondadır ki, ABŞ ÜTT-nin apellyasiya orqanının işini əngəlləməkdə davam edir. Hər hansı başqa yolla kompromis əldə etmək isə çətin olacaq", - deyə o, fikrini dəqiqləşdirib.
Makron ABŞ-a səfər etməyə hazırlaşır. Aydındır ki, o, Co Baydeni qaydalara uyğun oynamağa inandırmağa çalışacaq. Lakin Avropa enerji böhranı, inflyasiya, yaxınlaşan tənəzzül və populizmin yüksəlişi ilə zəifləyib – Aİ-nin Ağ Evə real təzyiq rıçaqları yoxdur.
Ümid, okeanın o tayındakı böyük tərəfdaşların rəhm edib qarşılıq verəcəklərinə qalır. Bu arada, amerikalılar öz strategiyalarını qətiyyətlə və inamla həyata keçirirlər. Və bu gedişlə Avropa lideri statusu tezliklə Berlinə və ya Parisə deyil, Vaşinqtona veriləcək.
Xəbər lenti
0