CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rayonlarda ucuz, paytaxtda bahadır - Ətin qiymətində bu qədər fərq necə yaranır?

© Sputnik / Ilham MustafayevƏt
Ət - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
Fermerlərin sözlərinə görə, qəssablara hər 100 kiloqramda 200-300 manat pul qalır.
BAKI, 3 dekabr — Sputnik. Azərbaycanda ətin qiyməti günü-gündən bahalaşır. Ən qəribəsi isə odur ki, rayonlarda mal əti topdan satışda 8 manatdan satılsa da, Bakıda qiyməti 13 manat 50 qəpikdən aşağı deyil.
Srağagün bu məsələ Milli Məclisdə də qaldırılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev bildirib ki, qoyun ətinin qiyməti 13 manatdan 18 manata qalxıb:
"Bunun metodologiyası necə hesablanır? Səhər tezdən Ağcabədiyə bazara getməsən, ətin qiyməti 11 manatdır. Yox, əgər tezdən getsən, topdan satışda əti 8 manata almaq olur. Necə olur ki, həmin ət Bakıda 18 manata təklif olunur. Hələ deyirlər ki, "aşağı yeri yoxdur". Bəlkə ölkədaxili rüsum var? Bu, necə hesablanır? Son 5 ayda ətin qiyməti Bakıda 13, 15, 18 manat olub".
Rayonlarda yaşayan fermerlər də bölgələrdə ətin qiymətinin ucuz olduğunu söyləyirlər. Qax rayonundan olan fermer Həmzət Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, diri çəkidə baqqallar mal ətinin kiloqramını 8 manatdan alırlar:
"Əgər heyvanı kəsib alırlarsa, ondan ətin bir kiloqramını 10 manatdan hesablayırlar. Qəssablara hər 100 kiloqramda 200-300 manat pul qalır. Ən çox qazanan elə qəssablar olur. Kəndliyə isə zəhmətinin müqabilində çox az məbləğdə xeyir qalır".
H.Abbasovun sözlərinə görə, son bir ildir ki, otun-yemin qiymətinin bahalaşması fermerlərin də xərclərini artırıb:
"Bir dananı bəsləyib satmaq üçün minimum iki il ona qulluq etmək lazımdır. Küləşin bir bağlaması 3 manat, yoncanınkı isə 5-6 manatdır. Artıq bəzi rayonlarda yoncanın bağlaması 7 manata qalxıb. Arpanın bir kiloqramı isə 70 qəpikdir. Orta hesabla hesablasaq, bir heyvan bir gündə 5-6 manatlıq ot-yem yeyir. Buna görə artıq heyvan saxlamaq kəndliyə sərf etmir".
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ətin qiymətini dövlət tənzimləmir. Belə halda ət satışı ilə məşğul olan şəxslərin əti istədiyi qiymətə satmaq haqqı var: "Bakıda bəzi mağazalarda sümüksüz ətin bir kiloqramı 22 manatdır. Ətin qiyməti tənzimlənmədiyindən sahibkar istədiyi qiyməti qoyur".
İqtisadçının fikrincə, ətin qiyməti o vaxt ucuzlaşar ki, bazarda rəqabət olsun:
"Ölkəmizə diri heyvan ətinin idxalını hər il artırırıq. Bu o deməkdir ki, ölkəmizdə tələbatı ödəyəcək qədər mal-qara yoxdur. Rayonlarda ətin qiymətinin ucuz olmasının səbəbi isə alıcılıq qabiliyyətinin çox aşağı olması ilə bağlıdır. Əgər qəssab rayondan heyvanı alıb Bakıya gətirirsə, buna görə müəyyən qədər logistika xərci çıxır. Bundan əlavə sanitar arayışlara görə, rüsumlar da ucuz deyil. Heyvandarlıqla məşğul olanların əti ucuz satması üçün ölkədə istehsal çox olmalıdır. Biz isə ətlik heyvanları əsasən Gürcüstandan idxal edirik. Bütün bunlar təbii ki, qiymət artımına rəvac verir".
Qəssab Elnur Həsənov isə son bir ildir ki, ətin qiymətinin rayonda da bahalaşdığını söyləyir. O, Sputnik Azərbaycan-a bildirib ki, mal bazarlarında heyvanların diri çəkidə qiyməti bahalaşıb:
"İndi rayonlarda diri çəkidə heyvan satan azdır. Hamı malını kəsdirib, çəkdirib satır. Biz də mal ətinin bir kiloqramına 10 manatdan pul ödəyirik. İndi 8 manata rayonda ət satan yoxdur. Bu qiymətə erkək dana əti almaq mümkün deyil. Bundan əlavə yol haqqı, baytar şəhadətnaməsi, icarə haqlarını hesablasaq bizə o qədər də çox pul qalmır. Son iki ayda mal ətinin qiyməti topdansatışda iki manata qədər bahalaşıb. Biz isə mal ətini 13 manat 50 qəpikdən satırıq".
E. Həsənov bildirdi ki, qoyun əti isə rayonlarda topdansatışda 12-13 manatdır: "Bakıda 15 manata təklif olunur. Quzu ətinin bir kiloqramı isə 18 manatadır. Çünki, quzu əti qıtdır. Ən ucuz alanda 15 manata topdansatışdan alırıq".
Qeyd edək ki, Azərbaycanda ötən ay ət məhsullarının orta aylıq pərakəndə satış qiymətləri artıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, aylıq müqayisədə oktyabr ayında sümüklü mal ətinin bir kiloqramının qiyməti 12.39 manatdan 12.92 manata, sümüksüz mal ətinin (tikə) qiyməti 14.36 manatdan 15.03 manata qalxıb. Qoyun ətinin bir kiloqramı isə aylıq müqayisədə 1.5% bahalaşma ilə 13.61 manatdan 13.81 manata qədər bahalaşıb.
Məlumat üçün bildirək ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 2,9 faiz artaraq 470,8 min ton, süd istehsalı 1,6 faiz artaraq 1837,6 min ton, yumurta istehsalı 6,7 faiz artaraq 1658,6 milyon ədəd olub.
Xəbər lenti
0