Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis sahibkarlarla bağlı yeni qanunu qəbul edib - TƏFƏRRÜAT

© AP Photo / Sait Serkan Gurbuzİş adamları, arxiv şəkli
İş adamları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Sənədə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq. Həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı müəyyən ediləcək.
BAKI, 2 dekabr - Sputnik. Milli Məclisdə "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Beş fəsil, on beş maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin forma və metodlarını müəyyən edir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, layihə ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub və bu sahənin tənzimlənməsi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Komitə sədri “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün göstərilən hədəflərdən söhbət açıb və bu hədəflərə çatmaq üçün yeni qanunun önəmli rolundan danışıb.
Bildirilib ki, qanun 5 fəsil, 15 maddədən ibarətdir. Qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Burada məqsəd əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM-də məşğulluğun qeyri-neft sektorunda KOB-ların payının daha da artırılmasından ibarətdir. Qanunun əsas istiqamətləri KOB-lara yerində xidmət, optimal vergi siyasəti, prosedurların daha da sadələşdirilməsi, bilik və bacarıqların artırılması, maliyyə resurslarından çıxışın asanlaşdırılmasıdır.
Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Sonra Tahir Mirkişili “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edərək deyib ki, bu qanunun 2-ci maddəsinin 1-ci hissəsində "Azərbaycan Respublikasının Qanunu" sözləri "və "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Azərbaycan Respublikasının qanunları" sözləri ilə əvəz olunur.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bildirib ki, Azərbaycanda kiçik və orta biznes subyektlərin mövcud potensialını nəzərə alaraq, onların imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir.
O, təqdim edilən qanun layihəsinin vacibliyini qeyd edərək sahibkarların öz fəaliyyətlərində ondan lazımınca yararlanacağını söyləyib. Bildirilib ki, "Azərbaycanın 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ölkə iqtisadiyyatında kiçik və orta biznes subyektlərin payının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Müasir tələblərə cavab verən hüquqi tənzimləməni özündə ehtiva edən sənəd ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq
Qeyd edək ki, sənədə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq. Həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı müəyyən ediləcək. Layihəyə görə, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılacaq. Eyni zamanda layihə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətlərini müəyyən edəcək.
Sənəddə istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi və digər məsələlərlə bağlı maddələr təsbit olunub.
Yeni qanuna əsasən, dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara baxılması "İnzibati icraat haqqında" qanunla təsdiq edilmiş qaydada həyata keçiriləcək.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə müvafiq qurum tərəfindən təsdiqlənəcək. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı həmin əsasnamə ilə müəyyən ediləcək.
Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyin növləri müəyyənləşir
Layihəyə görə, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığına, təkrar hazırlığına və ixtisaslarının artırılmasına dövlət dəstəyi aşağıdakı formalarda göstəriləcək:
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı və ixtisaslarının artırılması proqramlarının hazırlanması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçiləri üçün vahid təlim, məsləhət və müxtəlif formatlardan (praktiki məşğələlər, işgüzar oyunlar, mühazirə kursları) istifadə etməklə distant təlim xidmətlərinin göstərilməsi;
işaxtaranların sahibkarlıq fəaliyyətinin əsaslarına yiyələnməsinin, gənclər arasında sahibkarlığın, habelə ailə və qadın sahibkarlığının təbliği;
qabaqcıl texnologiyaların tətbiqi və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakına kömək göstərilməsi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinə təlim keçən təlimçilərin hazırlanması.
Qanun layihəsinə əsasən, Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması;
mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin edilməsi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına kömək edilməsi;
vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun inkişafı;
ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payının artırılması.
Bu qanun qüvvəyə mindiyi gündən "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanun ləğv ediləcək.
Kimlər mikro, kiçik, orta və iri sahibkarlardır?
Onu da bildirək k, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkarlıq, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunur.
Qeyd edək ki, hər bir sahibkarlıq subyekti üçün hər iki şərt (işçi sayı və gəlir) mütləq təmin olunmalıdır. "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" 2018-ci ildə təsdiq edilib.
Xəbər lenti
0