SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və ailə üzvləri Şəki sakinləri ilə səmimi söhbət ediblər

İlham Əliyev Şəkidə - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Prezident, birinci xanım və qızları Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
BAKI, 2 dekabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəki şəhərindəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qoruqda görülən işlər barədə dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya məlumat verdi.Bildirildi ki, qoruğun ərazisində Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki iki abidənin (Rəsm Qalereyası və qoruğun inzibati binası) təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrin hər ikisi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilib.
Sonra qoruğun iaşə binasındakı bərpa işləri barədə məlumat verildi. Qeyd edildi ki, XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi bina ənənəvi Şəki memarlığı üslubunda tikilib. Təəssüf ki, sovet dövründə bu binada xəstəxana fəaliyyət göstərib və nəticədə onun memarlıq irsi tamamilə pozulub, bir sıra əlavələr edilib. Bu memarlıq abidəsi hazırda tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir, daxili tərtibatı iaşə obyekti və tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılır.
Daha sonra qoruğun yeni inzibati binası ilə tanışlıq oldu. Bildirildi ki, qoruğun yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. Binada kommunikasiya xətləri, istilik sistemi qurulub, inzibati heyətin fəaliyyəti üçün bütün şərait, fond və arxiv otaqları yaradılıb. İnzibati binanın ümumi sahəsi 324 kvadratmetrdir.
Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı şəbəkə emalatxanasında görüləcək bərpa işləri barədə məlumat verildi.
Bildirildi ki, şəbəkə emalatxanasının yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binaya ümumi sahəsi 127 kvadratmetr olan əsas və sahəsi 30 kvadratmetr olan yardımçı tikililər daxildir. Hazırda bərpa olunan binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliyyət göstərəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəbəkə ustası ilə söhbət etdilər.
Dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Leyla Əliyevaya qoruqdakı dairəvi məbəddə aparılan təmir-bərpa işləri barədə də məlumat verildi.
Bildirildi ki, dairəvi məbəd XIX əsrin əvvəllərində tikilmiş və dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Dairəvi məbədin memarlığı Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna oxşardır. Bina XIX əsrdə pravoslav kilsəsi kimi fəaliyyət göstərib, daha sonra sovet dövründə anbar kimi və digər təyinatlar üçün istifadə edilib. Bina ilkin variantda sırf dairəvi formada olub, daha sonra ona üç tərəfdən köməkçi tikililər əlavə edilib. Bu binada son 30 il ərzində Şəki Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərib. Hazırda binada bərpa işləri aparılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçəçi qadın sakin ilə söhbət etdilər.
Həmçinin məlumat verildi ki, Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində yerləşən bəzi tarixi binalarda təmir-bərpa işləri davam etdirilir. Burada Şəki xanlığı dövrünə aid, ümumi uzunluğu təxminən 1300 metr olan Qala divarları yerləşir. Bu qala divarları əvvəlcə Şəki xanları, XIX əsrdə isə çar Rusiyası tərəfindən hərbi məqsədlər üçün istifadə edilib.
Diqqətə çatdırıldı ki, qoruğun memarlıq abidələrindən biri də XIX əsrdə inşa olunmuş əsgər kazarmasıdır və hazırda dövlət mühafizəsinə götürülüb. Bina yerli inşaat materiallarından istifadə olunmaqla, ənənəvi memarlıq üslubunda inşa edilib. Tikili giriş hissədən və əsas zaldan ibarətdir. Hazırda binada bərpa işlərinə başlanılıb və “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun fond otaqları kimi fəaliyyət göstərəcək.
Daha sonra Tarix-Diyarşünaslıq Muzeyində davam edən bərpa işləri barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, Tarix-Diyarşünaslıq Muzeyinin binası dövlət mühafizəsinə götürülmüş, XIX əsrin sonlarında tikilmiş memarlıq abidəsidir. Bu bina XIX əsrdə rus əsgərləri üçün kazarma binası kimi tikilib. Bina ənənəvi yerli tikinti materiallarından (çay daşı və bişmiş kərpic) və Şəki memarlığı üslubunda inşa edilib. Muzeydə təxminən 2461-dən artıq eksponat var. Hazırda binada təmir-bərpa işləri davam edir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əlieva Rəsm Qalereyasında görülmüş bərpa işləri ilə tanış olublar.
Bildirilib ki, 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilib. Binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Qalereya binasının ümumi sahəsi 296 kvadratmetrdir. Bina üç hissədən - giriş, ekspozisiya zalları və inzibati bölmədən ibarətdir.
Məlumat verildi ki, Rəsm Qalereyasının fondunda 254 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 8-i heykəl olmaqla 69 eksponat hazırda ekspozisiyada sərgilənir, 185-i isə qalereyanın fond otağında mühafizə olunur. Ekspozisiyadakı əsərlər Azərbaycan incəsənət tarixinin, onun mövzu və üslubca müxtəlif istiqamətlərinin, inkişaf dövrlərinin ziyarətçilər tərəfindən daha dərindən başa düşülməsi üçün tarixi ardıcıllıqla sıralanıb. Ekspozisiyadakı incəsənət əsərlərinin mühafizəsi məqsədilə müvafiq temperatur və rütubət rejimi üçün zəruri olan sistem quraşdırılıb.
Qalereyanın birinci zalında görkəmli fırça ustası Maral Rəhmanzadənin “Kəlağayı geyinmiş qadın”, ikinci zalda “Zəngəzurda” əsərində yaylağa köç edən sürü və “Qaragöl” əsəri (Laçın rayonunda, Azərbaycan ilə Ermənistan arasında sərhəddə yerləşən göl), üçüncü zalda isə mərkəzi divarda Azərbaycanın görkəmli rəssamları Altay Sadıqzadənin “Sahil”, Sakit Məmmədovun “Şərq” və Elbəy Rzaquliyevin “Qırmızı Atlılar” əsərləri nümayiş olunur.
Tarix-Memarlıq Qoruğu ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinin sakinləri ilə söhbət etdilər, xatirə şəkilləri çəkdirdilər.
***
Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram səhifəsində Şəkidən foto paylaşıb.
Foto ilə yanaşı paylaşımda deyilir:
"Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər".
Xəbər lenti
0