Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Gənclərin çağırışaqədərki hazırlığı səviyyəsi: Silahsız-sursatsız dərslər nə işə yarayır?

© Photo : ASANDüşərgə
Düşərgə - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Gənclərin çağırışaqədərki hazırlığı müəllimi deyir ki, silah otağı olmadığı üçün silah ala və uşaqlara təcrübə keçə bilmirlər.
BAKI, 2 noyabr — Sputnik. Bakı məktəblərinə 19 yeni gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbəri qəbul edilib. Maraqlıdır, ölkədə gənclərin çağırışaqədərki hazırlıq səviyyəsi nə yerdədir?
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2015-ci ilədək hərbi hazırlıq fənni iki saat tədris olunurdu. Sonrakı illərdə isə bu fənnin tədris müddəti artıq bir saata salınıb. Lakin Vətən müharibəsindən sonra çağırışaqədərki hazırlıq dərsləri yenidən iki saat olub.
E.Qafarovun sözlərinə görə, praktik məşğələlər demək olar ki, sıfır səviyyəsindədir:
"2015-ci ildə Təhsil Nazirliyi (indiki Elm və Təhsil Nazirliyi - red.) ilə Müdafiə Sənayesi Nazirliyi arasında razılaşma vardı. O zaman 50 məktəbə tədris üçün müəyyən avadanlıqlar verildi. Lakin təəssüflər olsun ki, onlardan doğru şəkildə istifadə olunmadı".
Ekspert deyir ki, 2000-ci ildə Sumqayıtda dərs zamanı baş verən partlayışdan sonra məktəblərdə olan-qalan avadanlıqlar da yığışdırıldı.
"Düşünürəm ki, Müdafiə Sənayesi ilə əməkdaşlıq davam etdirilməli, çağırışa qədər hazırlıq fənni üçün kabinetin olması məsələsinə önəm verilməlidir", - deyə o, əlavə edib.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, mayor, 160 nömrəli klassik gimnaziyada hərbi hazırlıq müəllimi işləyən Elnur İsayev deyir ki, İkinci Qarabağ Müharibəsindən öncə bizim azyaşlılarda bir o qədər də vətənpərvərlik hissi yox idi. Lakin müharibə vəziyyəti tamamilə dəyişib. Müharibədən sonra azyaşlılarda çox böyük coşğu yaranıb:
"2020-ci ilədək bu fənn adi dərs proqramı kimi tədris olunurdu. Artıq yeni dərsliklərimiz çıxıb. Burada İkinci Qarabağ Müharibəsində qəhrəmanlarımızın göstərdikləri şücaət artıq bir mövzu olaraq salınıb. Dərsin nəzəri və praktik hissədən ibarət olması müəllimdən asılıdır. Mən həm nəzəri, həm praktik biliklərə üstünlük verirəm. Özüm də hiss edirəm ki, uşaqlar praktik biliklərə daha çox meyllidirlər".
Praktik dərslərdə nələr öyrədilir?
Müəllim deyir ki, praktik dərslərdə sıra hazırlığı, nizam-intizam öyrədilir. Hədəfə qədər olan məsafənin təyin olunması da praktik dərsin əsas hissələrdən biridir: "Məktəblərin 80-90 faizi silahla təmin olunub. Bizim gimnaziyada şəxsi heyət çoxdur, amma silah otağımız olmadığı üçün silah ala bilmirik. Bəzi silahlar olmasa da, onun nəzəri hissəsini keçirik, uşaqlarda həvəs yaradırıq. Yəni, şəkillər üzərindən də müxtəlif silahlar haqda ümumi məlumat veririk. İtkilərin az olması üçün nələr etməliyik, bunları öyrədirik".
O bildirir ki, ümumiyyətlə, məktəblərdəki silahların hamısı təlim silahlarıdır, burada döyüş silahları yoxdur.
Bu dərslərə marağı daha çox artırmaq üçün nələr edilməlidir?
E.İsayev deyir ki, həm silahsaxlama otağı, həm atış otağı, həm də dərs otağı olmalıdır: "Uşaq sayı çoxdur deyə silah ala bilmirik. Buna görə uşaqları nəzəri biliklərə yönəldirik. Təklif edirəm ki bu dərslərə əlbəyaxa döyüşlər də əlavə edilsin. Çünki müharibədə silah-sürsat bitdikdə əbəyaxa döyüşə keçirilir", - deyə o, əlavə edib.
Xatırladaq ki, 44 günlük müharibədə 760 təhsil işçisi iştirak edib. Onlar qəhrəmancasına döyüşərək şücaət göstəriblər. Müharibədə iştirak edən təhsil işçilərindən 20 nəfəri şəhid olub.
Xəbər lenti
0