CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yazıçı Əlisa Nicat gələn ildən təqaüd alacaq

© Photo : AZƏRTACƏlisa Nicat
Əlisa Nicat - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Yazıçı Əlisa Nicatın maddi vəziyyətinin pis olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Yaşadığı evin ümumi vəziyyəti acınacaqlıdır.
BAKI, 1 dekabr — Sputnik. Yazıçı Əlisa Nicatın maddi vəziyyətinin pis olması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Əlisa Nicata baş çəkib.
Xuduoğlu bildirib ki, evin ümumi vəziyyəti acınacaqlıdır: "Qışı yola vermək üçün istilik sistemi vacibdir. Bu gün ustalar lazım olan avadanlıqları alacaq, sabah işə başlayacaqlar".
Sosial media istifadəçiləri bu məsələdə daha çox Azərbaycan Yazıçılar Birliyini tənqid edib.
Məsələ ilə bağlı Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza Sputnik Azərbaycan-a bildirib ki, yazıçı təqaüd almaq üçün mütləq ərizə ilə müraciət etməli idi:
"Şayiələr gəzir ki, ona ev verilib, amma yazıçı onu satıb. Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm. Təqaüdə gəldikdə isə yazıçı bununla bağlı müraciət etməyib. Yəqin ki, gələn il ona təqaüd ayrılacaq. Fevral ayına qədər sənədlər toplanır, fevraldan sonra təqaüd ala bilər".
Əlisa Nicat kimdir?
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib.
1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967–1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973–1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983–1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib.
1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993–1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.
1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun Elmi Şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.
Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri və povestləri var.
Xəbər lenti
0