Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banan yenə bahalaşdı - alıcılar şikayət edir

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidBanan satışı, arxiv şəkli
Banan satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
İri mağazalarda bananın qiymətinin daha ucuz olmasının səbəbi kimi həmin obyektlərin çoxunun ölkəyə banan idxal edən şirkətlərin marketlər şəbəkəsinə daxil olması göstərilir.
BAKI, 1 dekabr — Sputnik. Azərbaycanda bananın qiyməti yenidən bahalaşıb. Belə ki, supermarketlərdə alıcılara banan artıq 3 manata təklif olunur. Bəzi yerlərdə isə banan 3 manat 30 qəpiyə satılır.
Məlumat üçün bildirək ki, bir həftə öncə bananın bir kiloqramının satış qiyməti 2,60 manat - 2,70 manat civarında idi. Alıcılar da bananın qiymətinin qəflətən bahalaşdığını söyləyirlər.
Alıcı Mübariz Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən həftə bananı marketlərin birindən 2 manat 60 qəpiyə alıb. Bu gün isə marketlərdə bananın bir kiloqramı 3 manatdır:

"Banan hər gün aldığım meyvədir. Evdə iki uşaq olduğundan minimum günə iki banan alırıq. Qiymətin birdən-birə 30-40 qəpik bahalaşmasının səbəbi məlum deyil. Yəqin ki, Yeni il bayramına qədər 3 manat 50 qəpik olar".

Digər alıcı isə bananı meyvə mağazasından 3 manat 30 qəpiyə aldığını söylədi. Gülnar Səfərova adlı alıcı deyir ki, bir gün əvvəl məhəllədəki meyvə mağazasından bananı 3 manat 30 qəpiyə alıb:

"Banan elə meyvədir ki, evdə azyaşlı uşaq varsa, ən azı gündə iki ədəd alınmalıdır. Amma belə görünür ki, onun da qiyməti bahalaşdığından əlçatmaz olacaq. Dünən banana 3 manat 30 qəpik xərcləmişəm. Qiyməti bahalaşdıranda bəzi məhsulların uşaqlar üçün vacib olduğunu nəzərə almırlar. Ona görə də uşaqlarımız vitaminsiz böyüyür".

Böyük supermarketlərdə apardığımız müşahidələr zamanı bananın qiymətinin bahalaşdığının şahidi olduq. Hazırda marketlərdə bananın satış qiyməti 3 manatdır. Meyvə mağazalarında isə qiymət 3 manat 30 qəpiyə qədər bahalaşıb.
Bayıl qəsəbəsində yerləşən meyvə mağazasının satıcısı Zaur Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Meyvəli" adlanan topdansatış mərkəzində bananın qiyməti 2 manat 90 qəpik olub:

"Biz hər kiloqramda 20-30 qəpik bananın üzərində gəlir əldə edirik. Mağazalar ona görə 10 qəpik ucuz verir ki, onların çoxu ölkəyə banan idxal edən şirkətlərin marketlər şəbəkəsinə daxildir. Topdansatışda qiymət bahalaşıb. Biz də məcbur olub qiyməti artırmışıq".

Satıcı hər il qış mövsümündə bananın qiymətinin bahalaşdığını söyləyir. Bildirir ki, yayda banan alan az olduğundan, tələb azaldığından qiymətlər ucuzlaşır.
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında müsahibəsində qeyd edib ki, bananın qiymətinin bahalaşmasının bir səbəbi logistika xərclərinin artması ilə bağlı ola bilər. Onun sözlərinə görə, burada obyektiv və subyektiv səbəblər var:
"Obyektiv səbəb odur ki, dünyada yükdaşıma, logistika qiymətləri bahalaşıb. Həmçinin dünyada ümumi inflyasiya prosesləri güclüdür. Bir çox ölkələrdə infilyasiya ikirəqəmlidir. Bu qiymət artımı mal və məhsulların maya dəyərinə təsir göstərir".
© SputnikNatiq Cəfərli
Natiq Cəfərli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Natiq Cəfərli
İqtisadçı deyir ki, Azərbaycana ən çox banan Ekvadordan gətirilir. Yol xərclərinin artması isə qiymətlərə təsir göstərir.
N.Cəfərli qeyd edib ki, subyektiv səbəb isə Yeni il ərəfəsi ölkəmizdə sitrus meyvələrinin bahalaşmasıdır:
"Hər il Yeni il bayramı öncəsi sitrus meyvələrinin qiyməti atır. Yəqin ki, biz dekabr ayı boyunca bu qiymət artımını müşahidə edəcəyik. Çünki, yeni il süfrəsinin qurulması üçün əhalinin meyvə-tərəvəzə təlabatı artır. Bu da qiymətlərin bahalaşmasına səbəb olur".
Qiymət artımına təsir edən başqa bir amil isə Azərbaycana banan gətirən şirkətlərin sayının az olmasıdır.
N.Cəfərli bidlirir ki, həmin şirkətlərin qiymətləri diktə etmək imkanları var:

"Topdansatış mərkəzlərinin qiyməti diktə etməsi, inhisarçı mövqedə olması qiymətlərin artmasına gətirib çıxardır. Novruz bayramına qədər bananın qiymətinin baha qiymətə satılması gözləniləndir".

Dövlət Gömrük Komitəsinin illik hesabatlarına görə, ölkəmizə banan gətirən şirkətlərdən biri də Veysəloğlu Şirkətlər Qrupudur. Qrupun meyvə-tərəvəz satınalması üzrə rəhbəri Sərdar Ceylan Sputnik Azərbaycan-a bildirib ki, bu problem qlobal miqyasda baş verən trendlərlə izah olunur:
“Banan və digər gündəlik istehlak məhsullarının qiymətində dəyişiklik dünya bazarında baş verən proseslərlə bağlıdır. Bildiyiniz kimi, banan idxal olunan bir məhsuldur və Avropaya Mərkəzi və Cənubi Amerikadan, xüsusilə Ekvadordan gətirilir. Ona görə də logistika xərclərinin artması, iqlim dəyişikliyi səbəbindən keyfiyyətli məhsulu tapmaqda müəyyən çətinliklər var. Əgər Ekvadorda xammal istehsal edən, yəni yerli fermerlər bananın qiymətini qaldırırlarsa, bu, dünya bazarına da öz təsirini göstərir. Bananın tez çürüməsinin qarşısını almaq üçün logistika prosesi düzgün qurulmalıdır. Yəni soyuq zəncirin bütün şərtləri təmin olunmalıdır. Burada logistika prosesi vacib və yüksək xərc tələb edən əməliyyatdır. Üstəlik, bazardakı tələb-təklif nisbəti də qiyməti müəyyənləşdirən amillərdən biridir. Pandemiyanın başlanmasından etibarən tədarükçülər məhsul qıtlığı, logistikada yaranmış “darboğazlar”, habelə nəqliyyat, hava və əmək problemləri ilə rastlaşmalı oldular. Qara dəniz bölgəsində davam edən münaqişə əsaslı şəkildə tədarük zəncirinin pozulmasına gətirib çıxarıb. Bunların hamısı ərzaq qiymətlərində dəyişikliklərə səbəb ola bilər”.
CC0 / Alexas_Fotos / BananaAlma və banan, arxiv şəkli
Alma və banan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Alma və banan, arxiv şəkli
Rəsmi məlumata görə, Azərbaycana 2022-ci ilin ilk səkkiz ayında idxal olunmuş bananın qiyməti öncəki illə müqayisədə daha ucuz başa gəlib. Bu ilin ilk səkkiz ayında Azərbaycana xaricdən 37.63 min ton həcmində banan idxal edilib. Bunun da idxal dəyəri $26.9 milyondur. İdxal həcmi miqdarla ifadədə ötən ilin eyni dövründən 9% artıb. Bananın bir kiloqramının orta dəyəri 2022-ci ilin yanvar-avqsut aylarında 71 sent (1.21 manat) olub.
Bananın 99%-i Cənubi Amerika ölkəsi Ekvadordan idxal edilir. Banan Ekvadorun ixracının üçüncü ən böyük valyuta gətirən məhsuldur. 2021-ci il ərzində ölkə xaricə $3.5 mlrd.-lıq banan ixrac edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli bazarda bananın bir kiloqramının qiyməti sentyabr ayında 2.57 manat təşkil edib. Bu da öncəki aydan 6.5% bahadır.
Belə ki, avqusta qiymətlər 2.41 manat/kq təşkil edirdi. Hazırda isə bananın qiyməti artaraq.
Xatırladaq ki, bu, ölkəmizdə il ərzində bananın qiymətində müşahidə olunan ilk artım deyil. Bu ilin fevral ayında da bananın qiyməti 2 manat 90 qəpiyədək bahalaşmışdı. Hətta pərakəndə küçə satışında bananın qiyməti 3 manat 50 qəpiyə təklif olunurdu. Həmin ərəfədə şirkətlərdən biri bahalaşmanı Ekvadorda keyfiyyətli bananı tapmağın çətinliyi, logistikada yaranmış “dar boğazlar”, habelə nəqliyyat, hava və əmək problemləri ilə rastlaşdıqları problemlərlə əlaqələndirmişdi.
Xəbər lenti
0