SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Birinci vitse-spiker yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddətin artırıldığını, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin isə azaldıldığını bildirib.
BAKI, 29 noyabr — Sputnik. Bu gün Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib ki, ölkədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Milli Məclis də qanunvericilik müstəvisində bu prosesdə yaxından iştirak edir.
Vitse-spiker parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etdiyini diqqətə çatdırıb. O, yeni qanunun hazırlanmasını zəruri edən məqamlardan söhbət açaraq, qeyd edib ki, qanunun qəbulundan 30 il keçib, bu müddətdə ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib, yeni qanunda həmin dəyişikliklər öz yerini tapmalı idi. O, bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib.
Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələri tərəfindən qanun layihəsinin hazırlanması prosesi barədə məlumat verib. İş prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu söyləyib.
Vitse-spiker diqqətə çatdırıb ki, qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilərək, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. Bununla yanaşı, mətbuatda, sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə müxtəlif fikirlər səsləndirilib. İctimai dinləmələrdə, müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O, Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı həyata keçirdiyi işləri də təqdirəlayiq hesab edib.
Bildirilib ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.
Sonra qanun layihəsi ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapdığını bildirib. Qeyd edib ki, məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsindən ibarət idi. O, qanun layihəsinə edilən dəyişikliklərdə müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlərin öz əksini tapdığını deyib.
Birinci vitse-spiker yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddətin artırıldığını, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin isə azaldıldığını bildirib. Qeyd edib ki, layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb.
Əli Hüseynli qanun layihəsinin "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun olduğunu vurğulayıb.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığı bildirib. Komitə sədri qeyd edib ki, onun təmsil etdiyi Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda vətəndaşlar tərəfindən yüksək dəstək alan müddəaların layihədə daha da genişləndirilməsi, müdafiə olunmayan təkliflərin isə sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi həm də xalqın siyasi iradəsini ifadə edir.
Komitə sədri qanun layihəsinə edilən bəzi dəyişikliklər barədə məlumat verib. Diqqətə çatdırıb ki, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsi demokratik bir normadır. Partiyalarla bağlı dövlət orqanları tərəfindən atılan addımların yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət edəcəyi sənəddə qeyd olunub.
Zahid Oruc bildirib ki, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. O, qeyd edib ki, qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələrini bu baxımdan inqilabi addımlar kimi xarakterizə etmək olar. Layihədə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Komitə sədri vurğulayıb ki, dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.
"Siyasi partiyalar haqqında" qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi;
siyasi partiyanın nizamnaməsi – siyasi partiyanın ümumi fəaliyyətini tənzimləyən və bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları əks etdirən təsis sənədi;
siyasi partiyanın proqramı – siyasi partiyanın ideoloji fəaliyyətini tənzimləyən və bu Qanunun 13.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş məsələləri əks etdirən sənəd;
siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, icra orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanı;
siyasi partiyanın struktur qurumları – siyasi partiyada müvafiq istiqamətlər üzrə yaradılmış məşvərətçi qurumlar, siyasi partiyanın qərargahında cari işlərlə məşğul olmaq məqsədilə yaradılmış bölmə (katiblik, aparat və s.), həmçinin yerli təşkilatlar;
siyasi partiyanın qərargahı – siyasi partiyanın idarəetmə orqanlarının yerləşdiyi yer;
siyasi partiyanın üzvü – siyasi partiyaya qəbul olunmuş 18 yaşına çatmış tam fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının vətəndaşı;
nümayəndə – siyasi partiyanın ali orqanında təmsil olunmaq məqsədilə yerli təşkilat tərəfindən siyasi partiya üzvləri sırasından müəyyən olunan şəxs;
nümayəndəlik norması – yerli təşkilatın nümayəndə sayını müəyyən etmək məqsədilə yerli təşkilat üzrə siyasi partiya üzvlərinin sayına əsasən müəyyən olunan norma;
üzvlük haqqı – siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul şəklində mütəmadi ödənilən vəsait;
dövlət maliyyə yardımı – bu Qanunla nəzərdə tutulmuş qaydada siyasi partiyalara dövlət büdcəsindən ayrılan vəsait;
ianə – siyasi partiya qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pul və ya digər əmlak şəklində verilən vəsait, habelə digər formada göstərilən maddi yardım.
Xəbər lenti
0