CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsmana yeni səlahiyyətlər verilir

© Photo : Ombudsman's Office of AzerbaijanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik edilib.
BAKI, 29 noyabr - Sputnik. Milli Məclis “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliyi ikinci oxunuşda təsdiq edib.
Qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi insan hüquqları və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.
Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə hazırlanıb. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşdirmə aparılıb, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.
Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində ombudsmanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddəaların əlavə edilməsi zərurəti yaranıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Prezident tərəfindən təqdim olunan Konstitusiya Qanununun hazırlanmasını iki əsas amil zəruri edir. Birincisi, bir sıra qanunlarda, o cümlədən bu Konstitusiya qanununda da insan hüquqları sahəsində ombudsmana verilmiş bir sıra səlahiyyətlərin yeni icra mexanizmlərini müəyyən etmək və təkmilləşdirməkdir. İkincisi, bəzi beynəlxalq hüquqi sənədlərdən və beynəlxalq təşkilatların tövsiyələrindən irəli gələrək, Konstitusiya Qanununu təkmilləşdirmək, həmin qanunları implementasiya etməkdir. Bununla əlaqədar, Konstitusiya Qanununa "Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya"nın, "Uşaq hüquqları haqqında Konvensiya"nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan müddəalar əlavə edilir. Bununla yanaşı, ombudsmanın seçilməsi ilə bağlı 4.3-cü maddə yeni redaksiyada verilir. Maddəyə əsasən, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
O bildirib ki, həmçinin, milli preventiv qrup haqqında mövcud olan maddə təkmilləşdirilərək yeni redaksiyada təqdim olunur. Qanun layihəsində, eyni zamanda, ombudsman Aparatında monitorinq qruplarının yaradılması və onların hüquqlarının müəyyən edilməsi nəzərdə tutulub, həmçinin ombudsmanın, monitorinq qrupunun, milli preventiv qrupun fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət müəyyən edilir.
Xəbər lenti
0