CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat Elm və Təhsil Nazirliyini sərt tənqid edib

© Photo : Facebook / razi.nurullayevRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Razi Nurullayevin sözlərinə görə, qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur
BAKI, 29 noyabr - Sputnik. "Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm, gözləmişəm ki, bəlkə yanaşmalar dəyişər, qarşılıqlı hörmət olar. Ha çalışırlar ki, hər şey daha yaxşı olsun, daha pis olur. Qurulan mexanizmi söküb yeni sistem qururlar, o isə köhnə sistemə 24 saat dua oxutdurur".
Bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, İmişlidə işə ehtiyacı olanlar qapılarını döyür, icra hakimiyyətinin qarşısına toplanırlar:
"Niyə həll etmirsiniz? Atama, qardaşıma, bacıma, qohum-əqrabama görə xahiş etmirəm ki. İmişlidə neçə aylardır ki, yalnız texniki işlər üzrə 38 vakansiya var. Niyə ora uyğun insanları təyin etmirsiniz? Gözləyirsiniz ki, o məqsədlər üçün ayrılan pulu dövlətin büdcəsinə qaytarasınız? Bəs, o insanların ah-naləsindən, göz yaşlarından qorxmursunuz? Haqqı deyim ki, elm və təhsil naziri ilə danışmaq problemi yoxdur. Amma neçə aylardır ki, zəng etmirəm, məktub göndərmirəm və etməyəcəm də. Əgər hər şey havadan asılı qalırsa, nə mənası?
Ümumiyyətlə, bir sıra hallarda dövlət qurumlarının birinci şəxsləri ilə danışanda problem həll olmur, əksinə daha çətinə düşür. Düzdür, il yarım öncə hörmətli nazirdən bir dəfə bir kimsəsiz gənc xanımı xahiş etmişəm və onu məktəbə işə götürüblər. Biz onun həyatını xilas etmişik, çünki evdə başsız üç xanım var idi. Onların taleyi necə olacaqdı, bir Allah bilir. Bu il imtahan verib İmişli üzrə ən yüksək balı da topladı. Xahiş etdiklərim, əsasən təhsili olan kimsəsiz gənc xanımlardır. Çünki, ya onların həyatını iş verməklə xilas edəcəksən ya da onlar zalım dünyanın burulğanına düşüb məhv olacaqlar. Axı vakansiya ola-ola aylarla, illərlə insanları incitməyə nə ad vermək olar?".
"Elm və Təhsil Nazirliyini anlamaqda çox çətinlik çəkirəm, çox. Deyim ki, elmimiz və təhsilimiz yüksək səviyyədədir, bu da yalan olar. Bəs, bu qədər özünəgüvən, saymamazlıq, laqeydlik haradan və nədən qaynaqlanır? Bu suala cavab tapmaqda kömək istəyirəm", - deyə o əlavə edib.
Parlament sədri Sahibə Qafarova isə bildirib ki, nazir Emin Əmrullayev çox açıq adamdır: “Əgər hansısa problemlər varsa, məktub yazıb cavab ala bilərsiniz. Məktub yazmayacaqsınız, cavab almayacaqsınız. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi haqqında belə danışmaq düzgün deyil”.
Xəbər lenti
0