Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ölkədə magistr təhsili bərbaddır, əmək bazarı isə öyrənilmir - ekspertlərdən tənqid

© AFP 2024 / STEPHANE DE SAKUTINTələbə
Tələbə - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Ölkədəki magistr təhsili qənaətbəxş olmadığından, gənclər kütləvi şəkildə xaricə üz tuturlar.
BAKI, 28 noyabr — Sputnik. İş elanlarının 23 %-də orta ixtisas diplomu tələb edilir. 7 % iş elanlarında isə təhsil kateqoriyası göstərilmir. Bu gün Azərbaycanda şirkətlər işəgötürmə zamanı cəmi 0,7 % halda magistratura təhsil səviyyəsinin olmasını tələb edir. Cəmiyyətdə fikir var ki, magistratura təhsili karyerada irəliləyiş üçün önəmlidir, reallıq isə əksini göstərir.
Bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib.
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyadan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də əmək bazarı ilə bağlı təhlillərin aparılması və proqnozların hazırlanmasıdır. "Observatoriyanın "Azərbaycanda əmək bazarında iş elanlarının kəmiyyət təhlili" tədqiqatı zamanı əmək bazarında işəgötürənlərin daha çox onlarda olan əmək sahələri üzrə bilik və bacarıqlara malik, daha çox beynəlxalq sertifikatları olan işçi qüvvəsinə üstünlük verdiyi müəyyən olunub.
Bir sıra yerlərdə həmin iş yerlərinin xüsusiyyətinə uyğun olaraq ali təhsil tələbi var. Biz qismində magistratura diplomu tələbi də qoyulur. Magistratura artıq əvvəlki mərhələdə qazanılmış, öyrənilən biliklərin, ixtisas bacarıqlarının daha da inkişaf etdirilməsinə, möhkəmləndirilməsinə imkan verdiyi üçün bakalavr təhsili alanlar bir çox hallarda magistr təhsilini də keçməyə çalışırlar ki, bu onların gələcək karyerasına da müsbət təsir edir", - deyə verilən məlumatda bildirilib.
Magistratura təhsili iş yerlərində heç bir önəm kəsb etmir?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir çoxları magistratura təhsilini önəmsiz saysa da, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır: "Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteryası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma bu, gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik"
Ekspertin sözlərinə görə, əksər gənclər magistratura təhsili almaq üçün xarici universitetlərə müraciət edirlər. Onlar müsbət cavab almadıqda, ölkədə magistratura təhsil almaqdan da imtina edirlər. Səbəb isə dövlət universitetlərində magistiratura təhsilinin yaxşı səviyyədə olmamasıdır.
"Belə düşünürəm ki, universitet və buna müvafiq olaraq bakalavr ixtisasını düzgün seçməklə də uğur qazanmaq mümkündür", - deyə Kamran Əsədov bildirib.
Azərbaycanda magistr təhsili formaldırmı?
K.Əsədov bildirir ki, Azərbaycanda magistr təhsili formaldır: "Akademik səviyyədə bir iş nəzərdə tutulmursa, bu zaman magistr təhsili lazım da deyil. Çünki ölkədə magistr təhsili qənaətbəxş deyil. Bu səbəbdən də gənclər kütləvi şəkildə xaricdə magistr təhsilinə yönəliblər".
Ekspert deyir ki, magistiratura təhsilinin ürəkaçan olmamasının səbəblərindən biri də dərsliklər və metodikanın çox köhnə olmasıdır: "Ümumiyyətlə, yerli ali təhsil ocaqlarından bəlkə biri, ya ikisi güclü təhsil sisteminə malikdir. Ümumi təhsil vəziyyətini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, magistraturanın heç bir önəmi yoxdur. Azərbaycandansa xaricdə magistr təhsili almaq daha yaxşıdır. Təhsil və təcrübə baxımdan xarici universitetlər Azərbaycandakı universitetlərdən bir neçə dəfə üstündür".
"Lakin bunu bütün sahələrə aid etmək olmaz. Neft-qaz sənayesi ilə bərabər bir neçə sahə var ki, Azərbaycan universitetləri kifayət qədər yüksək reytinqə və təcrübəyə malikdir", - deyə o, əlavə edib.
Düzgün seçim üçün gənclər nə etməlidir?
Bu gün dünyada magistr proqramlarının çox çevik şəkildə yeniləndiyini deyən həmsöhbətimiz bildirir ki, sənaye və ictimaiyyətin tələbi tez bir zamanda bu proqramlarda öz yerini tapır. Eyni zamanda, magistrların elmi- pedaqoji və istehsalat təcrübələrinin formal deyil, ciddi şəkildə tətbiq edildiyi universitetləri tərcih etmələri onlar uçun faydalı olar. Magistrantlar mübadilə proqramlarından fəal istifadə etməli, Azərbaycan və xaricdə təcrübələrdə, təlimlərdə aktiv iştirakçı olmalıdırlar. Gələcəyin elm adamları olacaqları üçün onların elmi konfranslarda və elmi nəşrlərdə fəaliyyətləri olmalıdır.
Bu sahədə nə kimi dəstəklər var?
Həmsöhbətimiz bildirir ki, artıq bir çox universitetlərdə magistatura dərslərinin axşam saatlarında təşkil olunması əmək fəaliyyəti ilə məşgul olmaq istəyənlərə dəstəkdir və tələbələr magistr təhsili aldıqları ixtisasa uyğun iş taparlarsa, bu, onların akademik təhsilinin praktikada tətbiqinə imkan verər: "Magistiratura səviyyəsində təhsil alan tələbələr mütləq kompüter texnologiyaları və xarici dilləri də mükəmməl öyrənməlidirlər. Beləliklə onlar gələcək elmi fəaliyyətlərində daha da uğurlu olarlar".
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, ADA, UNEC, Bakı Ali Neft Məktəbi Azərbaycanda ən yaxşı magistr təhsili versə də, bunu bacarmayan universitetlər də var: "Ali məktəblərdə kadrla bağlı bir sıra problemlərimiz var. Azərbaycan Dövlət Texniki Universitetinin rektoru universitetdə müəyyən şərait yaratsa da, özü də proqressiv və inkişafa açıq biri kimi fərqlənsə də, təəssüflər olsun ki, universitetin müəllim heyəti xeyli yaşlaşıb. Xüsusən də qeyd etməliyəm ki, bizim texniki sahə üzrə problemlərimiz var. Maddi-texniki baza istənilən səviyyədə deyil".
Əmək bazarındakı vəziyyət öyrənilmir
O bildirir ki, ümumiyyətlə magistiratura pilləsi üçün əmək bazarındakı vəziyyət öyrənilmir: "Əslində isə universitetlərin ilk hədəflərindən biri əmək bazarındakı vəziyyət olmalıdır. Yəni, araşdırılmalıdır ki, diplomu verdikdən sonra məzun əmək bazarında özünə yer tapa biləcəkmi. Əmək bazarında yer tapa bilməyən universitetlər sıradan çıxmalıdırlar".
Magistratura təhsilinin əhəmiyyətli olduğunu vurğulayan İ.Orucov əlavə edib ki, təkcə diplom əldə etmək yetərli deyil. Şəxsin magistratura təhsili aldığı sahə üzrə yüksək səviyyədə bilikləri olmalıdır.
Xəbər lenti
0