CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki təkər üstündə ölümlə rəqs etmək: Onlar piyada səkilərini də tutmalı olublar - VİDEO

© Sputnik / Nigar IskanderovaHüseyn Qurbanov
Hüseyn Qurbanov - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Velosipedçi bildirir ki, sürücülərin avtomobilin dönmə işıqlarını yandırmaması belə onlar üçün həyati təhlükə daşıyır.
BAKI, 28 noyabr — Sputnik. Havaların soyuması bəzi yol-nəqliyyat iştirakçılarının hərəkətini məhdudlaşdırır və böyük təhlükələrə səbəb olur. Velosiped zolağının olmaması peşəkar velosipedçilər üçün çoxsaylı maneələr yaradır.
Velosipedçilər üçün yollarda yaranan əsas təhlükələr nələrdir və bunu necə minimuma endirmək olar?
© Sputnik / Nigar IskanderovaHüseyn Qurbanov
Hüseyn Qurbanov - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Hüseyn Qurbanov
Peşəkar velosipedçi Hüseyn Qurbanov üçün velosiped gündəlik nəqliyyat vasitəsi, həm də bir hobbi, fərqli sevgidir. Sputnik Azərbaycan-ın həmsöhbəti olan peşəkar velosipedçi bildirir ki, yol nəqliyyat hərəkətinin iştirakçısı olaraq gündəlik müxtəlif problemlərlə rastlaşır:
"Bu problemər də əsasən bəzi sürücülərin velosipedçiləri yol hərəkətinin iştirakçısı olaraq tanımamasından, onlara saymazyana yanaşmasından qaynaqlanır. Baxın, hazırda yol gələrkən yolun sağı ilə hərəkət istiqamətindəydim, işıqforu keçib sağa dönməliydim. Sürücü mənə işarə edirdi ki, sür. Yolun sağı ilə hərəkət edərək ona şərait yaratmışdım, əllə də işarə edirəm ki, sağa dönürəm, amma o mənə yolda heç bir şərait yaratmadı. Yaxud da olur ki, yolun sağı ilə getdikdə, avtobus dayanacağına çatdıqda arxamdakı nəqliyyat vasitəsinin sürücüsü işarə ilə bildirir ki, o da dayanacaqda dayanacaq. Bunu bilib sürətimi bir qədər də artırıram ki, o gəlib avtobusun arxasında dayana bilsin. Lakin sürücü əvvəlki sürətlə düz qabağıma çıxaraq mənə təhlükə yaratdı".
Bu kimi halların çox olduğunu deyən həmsöhbətimiz bildirir ki, velosipeddəki pedallar və ayaqqabının alt hissələri kontaktdadır. Bu ayaqqabılar manqit kimi pedallara birləşir: "Mən ayağımı çıxara bilməyəndə ya sağa, ya da ki sola doğru aşmalı oluram. Yəni, qəfil maneələr yarandıqda bizim üçün çətin olur".
Yollarda velsoiped zolaqları, işarələrinin olmaması da manəələrə, təhlükələrə səbəb olur
H.Qurbanov deyir ki, yollarda xətləmə yoxdur: "Əksər hallarda sürücülər "yol bizimdir", deyirlər. Onlarla razıyam. Velosiped işarəsinin olmadığı yollarda yol onlarındır. Məsələn, gəldiyim yolda sağla hərəkət etməli, əsas prospektə keçəndə digər yolun sağına keçməliyəm. Sağımdan maşın gəlir, əlimi qaldırıram ki, yol versin, sağa çıxım. O yol vermədikdə, yol mənimdir, dedikdə məcbur olub qəza şəraiti yaradıram".
© Sputnik / Nigar IskanderovaHüseyn Qurbanov
Hüseyn Qurbanov - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Hüseyn Qurbanov
"Belə olan halda yol polisi əməkdaşı da məni günahlandırır ki, sən niyə prospektdə yolun ortası ilə gedirsən. Mən ona başa salmağa çalışsam ki, sağla hərəkət etmək istəyirəm, onda da polis deyəcək, "bura velosiped yolu deyil", - həmsöhbətimiz əlavə edir.
Velosipedçilərin əsas istəkləri nədir?
Hüseyn Qurbanov deyir ki, təhlükələri, qəzaları azaltmaq üçün velosiped yolları məhdud ərazilərdə deyil, bir çox yerlərdə olmalıdır: "Mövcud olan bir sıra velosiped yolları əlverişli deyil. Məsələn, A nöqtəsindən B nöqtəsinə çatmaq üçün yol boyu velosiped xətti olmalıdır. Yəni xətt yolun ortasında qırılmamalıdır. Ən azı bir yolu digərinə birləşdirən yolda bir zolaq, buradan velosipedçilərin də istifadə etmələri üçün nişan olmalıdır. Belə olan halda həmin yolda ən azı hansısa xəbərdarlıq işıqları olmalıdır ki, sürətlə gələn sürücülər hər an buradan velosipedçinin keçə biləcəyini bilsinlər".
Qurbanov deyir ki, velosiped zolağı yolun sağı ilə çəkilməlidir: Yolun sağında 1.5-2 metr də bizə hərəkət üçün kifayət edər. İnsanların velosiped yollarında hərəkəti də bizə maneələr yaradır".
O deyir ki, təhlükələrin, qəzaların sayının azaldılması həm də digər yol-nəqliyyat iştirakçılarından, avtomobil sürücülərindən asılıdır:
"Sürücülərdən xahiş edirəm ki, dönmə hərəkətini icra edərkən mütləq dönmə işıqlarından istifadə edin. Əks halda biz qəza vəziyyəti yaratmış oluruq. Dəfələrlə belə hal olub və bu zaman mən yol hərəkətinin iştirakçısı olan avtomobilə çırpılmışam. Sürücü düşüb deyir ki, niyə sən mənim arxamca gəlirsən. Əslində mən məsafə saxlayıram, sadəcə olaraq onun dönmə hərəkətini icra edəcəyini bilmədiyim üçün sürətimi azalda bilmirəm".
© Sputnik / Nigar IskanderovaHüseyn Qurbanov
Hüseyn Qurbanov - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Hüseyn Qurbanov
Velosipedçinin digər təklifi avtobuslarla bağlıdır:
"Bəzən hava çox küləkli olur və biz hərəkətimizi davam etdirə bilmirik. Bu səbəbdən də istəyərdik ki, avtobuslarda da velosipeddaşıma üçün yer olsun. Bir dəfə olub, belə bir vəziyyətdə avtobusa minmək istəmişəm, amma icazə verilməyib".
Öncəki aylarla müqayisədə hava şəraiti ilə əlaqədar olaraq yollarda velosipedçilərin sayı azalıb və hazırda demək olar ki, ancaq peşəkarlar yollarda şütüyürlər. Hava şəraiti yağmurlu olduqda Hüseyn digər alternativ nəqliyyat vasitələrindən istifadə edir. Lakin yol hərəkəti iştirakçısı olduğu halda qəfil yağış başlayarsa, o bir müddət dayanaraq yağışın kəsməsini gözləyir ki, sonra yoluna davam edə bilsin.
© Sputnik / Nigar IskanderovaHüseyn Qurbanov
Hüseyn Qurbanov - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Hüseyn Qurbanov
Qeyd edək ki, həmsöhbətimiz həm həyatını təhlükəyə atmamaq, həm də baş verə biləcək hansısa hadisədə cavabdeh qalmamaq üçün üzərində işığı əks etdirən xüsusi velosipedçi formasını geyinir, onun velosipedinin arxasında stop işarəsi üçün nəzərdə tutulan işıq da var.
Bəs, sürücülər nə deyir?
Sürücü Nizami Məmmədov deyir ki, velosipedçilər əksər hallarda mərkəzi yollarda hərəkət edirlər və bəzi hallarda heç sağa-sola da baxmırlar:
"Xüsusən də kuryer xidməti göstərən velosipedçilərin bəziləri yollarda müəyyən maneələr yaradırlar. Problemlərin yaranma səbəbi velosiped zolağının olmamasından qaynaqlanır. Zolaq olmadığından, onlar ya piyadanın, ya da avtomobilin yolu ilə getmək məcburiyyətində qalırlar. Onlar üçün zolaq ayrıldıqdan sonra hansı yolla hərəkət etməli olduqlarını tələb etmək olar".
O bir sürücü olaraq velosipedçilərə şərait yaratdığını, həm də yol təhlükəsizliyi üçün ehtiyat etdiyini, çəkindiyini deyir:
"Bir neçə gün öncə dönmə əməliyyatı yerinə yetirərkən velosipedçi yolun ortasına yıxıldı. Xoşbəxtlikdən hərəkətdə olan avtomobil bunu görərək dərhal dayana bildi".
Avtomobil yolundan piyada yoluna çıxarılan velosipedçilər
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində velosiped yollarının çəkilməsi demək olar ki, dalana dirənib:
"Velosiped yollarını avtomobil yolunun sağında çəkmək əvəzinə piyada səkisinin üzərində salıblar. Belədə velosipedləri avtomobil yolundan piyada yolunun üzərinə çıxartmış olurlar və bununla da piyadalara maneələr yaradırlar. Qanunvericiliyə əsasən onların bir sıra hüquqları var, yəni müəyyən şərtlərə əməl etməklə velosipedi bütün yollarda sürə bilərlər. Bunun üçün velosipedin önündə və arxasında işıq fənəri olmalı, velosipedçi dəbilqə taxmalı, yolun sağı ilə hərəkət etməlidir".
Ekspert təəssüf edir ki, bəzən sürücülərin avtomobil yollarında velosipedçiləri sıxdıqlarının şahidi olur.
© Sputnik / Nigar IskanderovaHüseyn Qurbanov
Hüseyn Qurbanov - Sputnik Azərbaycan, 1920, 26.11.2022
Hüseyn Qurbanov
O bildirir ki, velosiped yolları avtomobil yolunun sağında çəkilməlidir: "Yəni bu yollar piyada yolunda çəkilməməlidir. Velosipedçilər üçün zolaqlar salınmalıdır. Avtobus zolaqlarında belə hərəkət iştirakçıları üçün şərait yaradılmalıdır".
Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, cari ilin 9 ayı ərzində paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb, 102 nəfər ölüb, 136 nəfər yaralanıb. Velosipedçilərin iştirakı ilə 4 hadisə olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Müqayisəyə nəzər saldıqda isə görə bilərik ki, ötən ilin 9 ayında yol qəzalarında həlak olan 504 nəfərdən 17-i velosipedçi olub.Velospiedçilərin ölüm sayında kifayət qədər azalma olsa da, təhlükə, problem aktual olaraq qalmaqdadır.
Xəbər lenti
0