CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha kəskin su problemlərinin olacağı gözlənilir - Qorxulu rəqəmlər

© Photo : Azersu Open Joint-Stock CompanySu mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırılır
Su mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırılır - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Ekspertlər Azərbaycanda su ehtiyatlarının nə üçün azaldığına aydınlıq gətiriblər.
BAKI, 28 noyabr — Sputnik. Ölkəmizdə də iqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azalması tendensiyası müşahidə olunur.
Bu barədə bir qədər əvvəl Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azaldılması, yeni su mənbələrinin yaradılması, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir:
Maraqlıdır, vəziyyəti bu həddə çatdıran əsas səbəblər, yaxın gələcək üçün proqnozlar nədir və hansı addımları atmalıyıq?
Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su itkilərinin azaldılması hədəf seçilməlidir: "Həm sənayedə, həm də məişətdə su itkiləri azaldılmalıdır, müasir suvarma texnologiyalarına keçid olmalıdır və bunun üçün adaptasiya planları işlənib hazırlanmalıdır. Su itkiləri azaldılmasa, vəziyyət olduğu kimi qalsa, o zaman heç bir hədəfə çata bilməyəcəyik".
Ekspert bildirir ki, bundan başqa, iqlim dəyişikliyi də su qıtlığı probleminə səbəb olan amillərdəndir: "İqlim dəyişmələri nəticəsində su ehtiyatları 25 faizədək azala bilər. Bundan başqa, fermerlərin məlumatsızlığı, əlacsızlığı da vəziyyəti bu həddə çatdırır".
O deyir ki, sovet dövründən qalan köhnə suvarma sistemləri daha çox su itkilərinə səbəb olur: "Azərbaycanda daha kəskin su problemlərinin olacağı gözlənilir və bu vəziyyət üçün səfərbər olmalıyıq. Bunun üçün az su işlətməyi bacaran bir iqtisadiyyat qurmalıyıq. Artıq Milli Su Proqramı hazırlanır, bundan başqa, bizim Milli Adaptasiya Proqramımız var. Bu proqramda da suya qənaət məsələləri qeyd olunub".
Çayın üzərində su anbarının tikilməsinin nə kimi fəsadları ola bilər?
Həmsöhbətimiz bildirir ki, bu balıqların miqrasiyasına təsir edir. Həm də suyun daha da azalması, əhalinin su ilə təminatının pisləşməsi ilə nəticələnəcək. İstənilən çayın üzərində su anbarı tikmək olmaz.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Qurunun Hidrologiyası və Su Ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi su ehtiyatlarına köklü təsir edir:
"Yeraltı suların səviyyəsinin aşağı düşməsi, axımın azalması və digər amillər su ehtiyatlarının azalmasına təsir edir. Buxarlanmanın artması, yağıntıların azalması vəziyyəti bu həddə çatdırır. Orta illik temperatur artdıqca, su ehtiyatlarında azalmalar olacaq. Yəni, bu və bu cür təbii proseslərə hansısa bu formada müdaxilə edə bilmərik. Lakin mənbələrin sayının azalmasına antropogen amillər də təsir edir və biz müəyyən tədbirlər görməklə sudan daha düzgün istifadəni təşviq etməliyik. Çünki ölkəmiz su ehtiyatlarına daha az sahib ölkələr sırasındadır".
Mütəxəssis apardıqları tədqiqatlara əsasən deyir ki, Qarabağ ərazisində də su ehtiyatları azalıb: Əvvəl Qarabağın su ehtiyatı 2.14 kub kilometr hesab olunurdusa, 30 ildən sonra bu rəqəm 1.93 kub kilometrədək azalıb.
Bəs, Azərbaycanın nə qədər su ehtiyatı var?
Yer kürəsində mövcud olan 11 iqlim tipindən 8-nin müşahidə olunduğu ölkəmizdə 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir. Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir. Kür çayı hövzəsinin (Araz çayı istisna olmaqla) su ehtiyatı 86000 km2 su toplayıcı sahəsindən 16,-17,8 km3–dir, qonşu ölkələrdən daxil olan axım 11,7-12,7 km3 və ya 70-71% təşkil edir, yerli axım isə 4,50-6,02 km3-dir.
Araz çayı hövzəsinin su ehtiyatı 102000 km2 su toplayıcı sahəsindən 9,10-9,30 km3 bərabərdir, qonşu ölkələrdən daxil olan axım 7,70-8,10 km3 və ya 85-87%-dir, yerli axim isə 1,04-1,40 km3-dir. Xəzər dənizinə tökülən çayların su ehtiyatları bütövlükdə 2,17-3,41 km3-dir, qonşu ölkələrdən daxil olan axım 0,14 km3-dir, yerli axım isə 2,17-3,27 km3 təşkil edir.
Azərbaycan Respublikası çaylarının su ehtiyatları bütövlükdə müxtəlif qiymətləndirmələrə görə 28,1-30,3 km3 təşkil edir. Qonşu ölkələrdən Respublika ərazisinə daxil olan axım 19,7-20,3 km3 və ya 67-70% təşkil edir. Respublika ərazisində formalaşan axım həcmi isə 7,81-10,6km3 təşkil edir . Beləliklə, qonşu ölkələrdən daxil olan axım 2,0-2,5 dəfə yerli axımdan çoxdur.
Azərbaycanda su çatışmazlığı var. Bunu da ərazinin hər 1 km2-ə düşən su təminatı ilə göstərmək olar. Yerli axım ilə Respublika ərazisinin təmin olunması 90-122 min m3/il təşkil edir. Xarici ölkələrdən daxil olan axımı nəzərə alaraq Respublikanin bütövlükdə su ilə təmin olunması 324-350 min m3/il təşkil edir.
Şirin su ehtiyyatı:
Respublikanın göllərində şirin su ehtiyatları 0,90 km3-dir, göllərin su səthinin sahəsi isə 394 km2-dir. Respublikanin su anbarlarının tam həcmi 21,4 km3, işçi həcmi 12,4 km3-dir, su səthinin sahəsi isə 694 km2-dir.
Azərbaycanın yeraltı suları:
Azərbaycan Respublikası ərazisində istifadəyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Orta illik həcmi 36 mlyd. m3-ə yaxın olan su ehtiyatlarının 21 mlyd. m3–i ölkə hüdudlarından kənarda formalaşır. Azərbaycan əhalisinin su təchizatında müstəsna rol oynayan iki əsas çayın – Kür və Arazın hövzələri bütünlüklə Ermənistanın ərazisini, Gürcüstan ərazisinin böyük bir hissəsini, eləcə də Türkiyə və İran ərazisində xeyli sahəni əhatə edir və Azərbaycannın sərhədlərini keçənə qədər artıq ciddi çirklənməyə məruz qalmış vəziyyətdə olur.
Azərbaycan ərazisində su ehtiyatlarından içmək və təsərrüfat məişət ehtiyatları ilə yanaşı suvarma əkinçiliyi və kənd təsərrüfatının digər sahələrində, balıqçılıq, hidroenergetika, ekoloji və digər məqsədlərlə geniş istifadə olunur. Respublika ərazisində yerüstü su ehtiyatlarından illik istifadə 11-12 mlyd. m3 -ə, yeraltı su ehtiyatlarından illik istifadə isə 2,5-2,8 mlyd. m3 -ə yaxındır.
İstifadəyə yararlı şirin (minerallaşma dərəcəsi 1,0 q/l-ə qədər) və az minerallaşmaya (1-3q/l) malik yeraltı sular respublika ərazisində Paleozoy yaşlı süxurlardan başlayaraq müasir dövr çöküntülərinə qədər bütün genetik tiplərdə intişar taparaq ölkəmizdə dağlıq və dağətəyi bölgələrində qeyri- bərabər yayılıb.
Hansı işlər görülüb?
Respublikanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin suya olan ehtiyaclarını ödəmək məqsədi ilə dəqiq hidrogeoloji kəşfiyyat işləri aparılıb, mərkəzləşmiş və qrup su götürücüləri üzrə istismar ehtiyatları uyğun olaraq hesablanaraq təsdiq olunub.
Hazırda Respublikanın 35-dən çox şəhər və qəsəbələrində əhalinin su ilə təchizatı tam və qismən yeraltı suların hesabına ödənilir. Bura Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Ağstafa, Bərdə, Tərtər, Naxçıvan, Ordubad və s. aiddir.
Dağlıq bölgələrdə yeraltı suların proqnoz ehtiyatları inzibati rayonlar üzrə qiymətləndirilib, bütövlükdə 1806,9 min m3/gün təşkil edir. Lakin respublikanın düzənlik və dağətəyi bölgələrindən fərqli olaraq dağlıq bölgələrdə yeraltı suların ehtiyatlarını qiymətləndirmək istiqamətində hidrogeoloji tədqiqatlar tam aparılmayıb. Belə ki, İsmayıllı, Quba, Qusar, Lerik, Yardımlı, Qazax, Tovuz və digər rayonların dağlıq ərazilərində yeraltı suların ehtiyatları qiymətləndirilməyib.
20-ə yaxın mərkəzləşdirilmiş yeraltı sugötürücü fəaliyyət göstərir
Son illərin rəsmi məlumatlarına əsasən şirin və azminerallaşmaya malik yeraltı sulardan istifadənin həcmi regional ehtiyatların 1,5, təsdiq olunan ehtiyatların isə 26%-ni təşkil edir. Yeraltı sulardan istifadənin 80%-i suvarma və texnikiməqsədlərə sərf olunur.
Termal sular
Respublika üzrə termal suların proqnoz istismar ehtiyatları aşağıdakı kimi qiymətləndirilir:
Böyük Qafqazın cənub yamacı - 2000 m3/gün (t-30-50°C) ;
Quba-Xaçmaz zonası - 21000 m3/gün (t-40-85°C) ;
Abşeron yarımadası - 20000 m3/gün (t-40-90°C) ;
Kiçik Qafqazın dağlıq hissəsi - 4000-5000 m3/gün (t-30-74°C) ;
Naxçıvan MR - 3000 m3/gün (t-40-50°C) ;
Talış dağlıq bölgəsi - 15000 m3/gün (t-31-43°C) ;
Lənkəran düzənliyi - 7000-8000 m3/gün (t-44-64°C) ;
Kür çökəkliyi - 170000 m3/gün (t-30-71°C) ;
Respublika üzrə - 249000 m3/gün.
Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.
Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilən termal sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.
Xəbər lenti
0