CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Parlamentdə gələn ilin büdcəsi ikinci oxunuşda qəbul edilib

Büdcə - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Komitə sədri 2023-cü ilin dövlət büdcəsi layihəsinin ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.
BAKI, 25 noyabr-Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə ikinci oxunuşda baxılıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, cari ildə də azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılıb, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib, Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib.
© Sputnik / Murad OrujovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili  - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili
Bu işlərin aparılması üçün son 2 ildə Dövlət Büdcəsindən 4.8 milyard manatdan çox vəsait ayrılıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq illər öncə həyata keçirilən infrastruktur, enerji marşrutları və nəqliyyat koridorları bu gün ölkə iqtisadiyyatına mühüm yeni imkanlar yaratmaqdadırlar.
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, onların ölkə iqtisadiyyatına reinteqrasiyası və Böyük Qayıdışın təmin olunması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın reallaşması kimi makro-fiskal çağırışlar yaranacaq.
Nəzərə çatdırılıb ki, təqdim edilmiş layihədə 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2.7%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.5% olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmin olunacağı, qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 70%-ə, orta aylıq əmək haqqının 898 manata çatacağı, orta illik inflyasiyanın 6.9% olacağı, vergi Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Dövlət və İcmal Büdcənin gəlir və xərclərinin hesablanmasında neftin 1 barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Komitə sədri deyib ki, təqdim edilmiş layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522.9 milyon manat çox olaraq 30 milyard 720.7 milyon manat nəzərdə tutulub. Artımın yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanları vasitəsilə təmin olunan gəlirlər 1 milyard 807 milyon manat artıq planlaşdırılıb. Eyni zamanda, bu ilin büdcə gəlirlərinin 10 aylıq icra göstəriciləri 2023-cü ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir. O, qeyd edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin 2023-cü ildə 235 milyon manat azaldılması və növbəti 3 ildə də orta hesabla o qədər azaldılması nəzərdə tutulub.
Bildirilib ki, 2023-cü ilin dövlət büdcəsi xərclərinin 2022-ci ilə nisbətən 996.2 milyon manat artırılaraq 33 milyard 300 milyon manata çatdırılması, o cümlədən sosialyönümlü xərclərin 15 218.9 milyard manata və ya ümumi xərclərin 45.7%-ə çatdırılması planlaşdırılır. Müdafiə, təhlükəsizlik, məhkəmə, hüquq-mühafizə və prokurorluq xərclərinin 500 milyon manat artırılaraq 8 milyard manatı keçməsi ölkəmizin bu sahədə olan təhlükələrdən qorunması baxımından məqbul hesab edilir.
Təhsilə ayrılan xərclərin 536 milyon manat, səhiyyəyə ayrılan xərclərin isə 197.6 milyon manat artırılması nəzərdə tutulub. Əməyin ödənişi xərclərinin 420 milyon manatadək artırılması əmək haqqı fondunun ÜDM-ə nisbətinin tədricən artırılmasının təmin edilməsi baxımından məqbul sayılır. 2023-cü ildə dövlət büdcəsindən dotasiya almayacaq rayonların sayının 6 rayon artaraq 57-yə çatması təqdirəlayiq hesab edilir.
Komitə sədri 2023-cü ilin dövlət büdcəsi layihəsinin ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.
Maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində növbəti ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat və yaxud cari ilə nisbətən 11,4 faiz çox olmaqla təklif edilir. Müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub.
© Sputnik / Murad OrujovSamir Şərifov
Министр финансов Самир Шарифов - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Samir Şərifov
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.
Samir Şərifov qeyd edib ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra ölkə Prezidentinin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə cari ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021, 2022 və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilib. 2023-cü ilin dövlət və icmal büdcələri, büdcə zərfinə daxil olan digər qanunvericilik aktları məhz strateji çağırışlar çərçivəsində həyata keçiriləcək tədbirlərin maliyyə təminatı məsələlərinin həllinə yönəldilib.
Bildirilib ki, Böyük Qayıdışın təmin edilməsi zamanı işğaldan azad edilmiş ərazilərin zəngin resurs və infrastruktur potensialının səmərəli istifadə edilməsi, əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılmasının dəstəklənməsi məqsədi ilə “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsi ilə yanaşı, Vergi və Əmək Məcəllələrində, “Sosial sığorta haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələri də təqdim olunub. Bu qanun layihələri Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamının icrası ilə əlaqədar olaraq hazırlanıb. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən rezident vergi ödəyicilərinin 1 yanvar 2023-cü ildən etibarən 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmçinin siyahısı təsdiq ediləcək istehsal fəaliyyəti sahələrində fəaliyyət göstərəcək sahibkarlar tərəfindən xammal və materialların idxalının əlavə dəyər vergisindən azad edilməsini nəzərdə tutur. Bununla yanaşı, işəgötürənlər tərəfindən ödənilən sosial sığorta haqları 1 yanvar 2023-cü ildən 10 il ərzində dövlət tərəfindən subsidiyalaşdırılacaq. Habelə, işğaldan azad edilmiş ərazilərdə çalışanların vəzifə maaşlarına 5 il ərzində 20 faiz məbləğində əlavə, müasir bilik və bacarıqlara malik mütəxəssislərə bu ərazilərdə 1 il müddətinə əmək müqaviləsi bağladıqda vəzifə maaşı həcmində birdəfəlik müavinət veriləcək. Qeyd olunan güzəştlərin dəyəri ildə 150 milyon manat məbləğində dəyərləndirilir.
Nazir 2023-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin böyük hissəyə malik olduğunu deyib. Qeyd edilib ki, növbəti ildə bu xərclər ümumi xərclərin 45,7 faizini təşkil etməklə, 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulur. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. Sosialyönümlü xərclərin 52,8 faizi və yaxud 8 milyard 41 milyon manatı əməyin ödənişi xərclərinə, 26,7 faizi və yaxud 4 milyard 65 milyon manatı təqaüd və sosial müavinətlərə, 9 faizi və yaxud 1 milyard 366 milyon manatı əhaliyə səhiyyə xidmətlərinin göstərilməsinə, 7,5 faizi və yaxud 1 milyard 144 milyon manatı ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi və yaxud 477 milyon manatı ərzaq məhsullarının, dərman ləvazimatlarının alınmasına yönəldiləcək.
Bildirilib ki, əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri üçün növbəti ilin büdcəsində 4 milyard 416 milyon manat vəsait proqnozlaşdırılır. Bu, cari ilə nisbətən 687 milyon manat və yaxud 18,4 faiz çoxdur. 2021-ci ilin göstəriciləri ilə müqayisədə isə 1 milyard 252 milyon manat və yaxud 39,6 faiz çoxdur. Növbəti ildə ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 23 faiz və yaşayış minimumunun məbləğinin 17 faiz artırılması nəzərdə tutulur və beləliklə ehtiyac meyarının məbləği yaşayış minimumunun məbləğinə çatdırılır.
2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.
Maliyyə naziri təhsil, səhiyyə, tibbi sığorta, idman, sahibkarlığın maliyyələşdirilməsi sahələrində, habelə ölkənin enerji, qaz, su təchizatı, nəqliyyat, kommunal, kənd təsərrüfatı məhsullarının istehsalı, ətraf mühitin qorunması, sosial-mədəni təyinatlı obyektlərin və digər layihələrin maliyyə təminatı, həmçinin dövlət borclarına xidmət, beynəlxalq fəaliyyət üçün ayrılan vəsaitlər barədə də məlumat verib.
Samir Şərifov 2023-cü il dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə bildirib ki, büdcə xərclərinin 92,2 faizi və yaxud 30 milyard 721 milyon manatının dövlət büdcəsinin müxtəlif mənbələr üzrə nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və yaxud 2 milyard 579 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Kəsirin ÜDM-ə nisbəti 2,4 faiz səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 14 milyard 424 milyon manatı və yaxud 47 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Büdcənin neft-qaz sektorundan məcmu gəlirləri 16 milyard 297 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 402 milyon manat vəsaitin, qeyri-neft sektorundan 8 milyard 385 milyon manat vəsaitin, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 4 milyard 750 milyon manatın daxil olması proqnozlaşdırılır. Sair gəlirlər üzrə 562 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 727 milyon manat vəsaitin daxil olması gözlənilir.
Diqqətə çatdırılıb ki, növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat proqnozlaşdırılır. 2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 213 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 646 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə 2 milyard 393 milyon manat təşkil edəcək.
Maliyyə naziri deyib ki, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin layihələri “Büdcə sistemi haqqında” Qanunun tələbləri və büdcə qaydası ilə müəyyən edilən yuxarı hədlər gözlənilməklə hazırlanıb, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi artımı, əhalinin maddi rifahının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradır.
Müzakirələrdən sonra 2023-cü ilin dövlət büdcəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0