Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pakistanla bağlı mühüm qərar verildi: Azərbaycanda düyü ucuzlaşacaq

© AFP 2023 / BENSON IBEABUCHIdüyü
düyü  - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Bundan sonra Pakistandan gətirilən düyüyə görə rüsum tutulmayacaq. İqtisadçılar Nazirlər Kabinetinin qərarının bazarda düyünün qiymətini aşağı salacağını söyləyib.
BAKI, 25 noyabr — Sputnik. Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib. Azərbaycanın Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq.
Bəs bu addım Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi?
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabinetinin qərarını müsbət qiymətləndirib, bu addımın bazarda düyünün qiymətini aşağı salacağını söyləyib.
O bildirib ki, Azərbaycan Pakistanla dost dövlətdir və ticarəti genişləndirmək, xüsusən daxili ərzaq bazarı üçün bu addım müsbətdir.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın düyü bazarında əsas iştirakçı Hindistandır: "Son vaxtlar isə Hindistanla münasibətlərimiz elə də yaxşı deyil. Nazirlər Kabinetinin qərarı Pakistandan düyü idxalını stimullaşdırır. Bu addımla həm Pakistandan idxalı artırmaq, həm də vətəndaşlar üçün münasib qiymətlərin olmasını istəyirik".
Onun sözlərinə görə, Azərbaycanda əkin üçün yararlı torpaq sahələri azdır və düyü idxalına ehtiyacımız var.
Hindistan, Qazaxıstan, Rusiya ilk üçlükdə
Qeyd edək ki, Azərbaycana ən çox düyü Hindistandan gəlir. Sonrakı yerləri isə Qazaxıstan, Rusiya, Tailand, Pakistan, Çin, Türkiyə və İran tutur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu ilin 10 ayında Hindistandan Azərbaycana 31 milyon 548 min dollar dəyərində 34 min 194 ton düyü gətirilib. 10 ayda Azərbaycanın cəmi düyü idxalının 74,7 faizi Hindistanın payına düşüb.
Qazaxıstandan ölkəmizə 3 milyon 164 min dollar dəyərində 5 min 192 ton düyü gətirilib. Azərbaycanın ən çox düyü aldığı ikinci ölkə Qazaxıstandır.
Düyü idxalında üçüncü yerdə Rusiya gəlir. Belə ki, 10 ayda bu ölkədən Azərbaycana 2 milyon 362 min dollar dəyərində 4 min 152 ton məhsul gətirilib.
Pakistan idxalda 5-ci yerdədir
Pakistan isə Azərbaycana düyü idxalında beşinci yerdə gəlir. 10 ayda 666 min dollar dəyərində 935 ton düyü ölkəmizə gətirilib.
Onu da bildirək ki, ilin əvvəlindən düyünün qiymətində bahalaşma davam edir. Marketlərdə hazırda məsələn, bankada uzun düyünün 1 kiloqramı növünə görə 4,49-4,87 manata satılır.
Bu il çəltik istehsalı artıb
Xatırladaq ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar (ha) təşkil edir. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur. Bu il respublikada 2021-ci ilə nisbətən 848 ton daha çox məhsul istehsal olunub.
Son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib, əkin sahələrinin və məhsul istehsalının artırılması ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə 360 manat əkin subsidiyası verilir. Bu il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb.
2021-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2021-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə, 2020-ci ilə nisbətən isə 3,3% artıb. Ötən il çəltik istehsalı 2015-ci ilə nisbətən 3,7 dəfə, 2020-ci ilə nisbətən isə 8,1% artaraq 10,7 min ton olub. Çəltiyin məhsuldarlığı 34,8 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,4 dəfə, 2020-ci ilə nisbətən isə 6,1% artıb. Düyünün 1 kiloqramının sahədən və ya topdan satış qiymətləri ötən il 1,87-2,67 manat arasında dəyişib.
Ötən il ölkəyə idxal olunmuş düyünün 64,6%-i Hindistanın, 15%-i Qazaxıstanın, 13,4%-i Rusiyanın, 4,8%-i Pakistanın, 1,7%-i Tailandın payına düşüb. Ölkədən ixrac olunan düyü isə çox kiçik həcmdədir. Belə ki, hər il ölkədən orta hesabla 25 ton düyü ixrac edilib.
2025-ci ildə istehsal 40 min tona çatdırılacaq
2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Xəbər lenti
0