Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclisdə gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı təsdiqlənib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Gələn il ölkə üzrə yaşayış minimumunun məbləğinin 36 manat, ehtiyac meyarının həddinin isə 46 manat artırılaraq 246 manat olacağı nəzərdə tutulur.
BAKI, 25 noyabr - Sputnik. Milli Məclisdə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə baxılıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.
O bildirib ki, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 210 manatdan 246 manata, əmək qabiliyyətli əhali üçün 220 manatdan 261 manata, pensiyaçılar üçün 176 manatdan 199 manata, uşaqlar üçün isə 193 manatdan 220 manata qədər artırılır.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.
Komitə sədri bildirib ki, gələn il üçün ehtiyac meyarının həddi 246 manat nəzərdə tutulur. Bu, cari illə müqayisədə 23 faiz çoxdur və sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsidir. Bununla da, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və bu da öz növbəsində vətəndaşların sosial rifahının yüksəlməsi deməkdir.
Layihələr müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Xatırladaq ki, gələn il ölkə üzrə yaşayış minimumunun məbləğinin 36 manat, ehtiyac meyarının həddinin isə 46 manat artırılaraq 246 manat olacağı nəzərdə tutulur. Bu il yaşayış minimumu ölkə üzrə 210 manat, ehtiyac meyarının həddi isə 200 manat müəyyən edilib. Beləliklə, 2023-cü ildə yaşayış minimumunun məbləği 2022-ci illə müqayisədə 17,14 faiz, ehtiyac meyarının həddi isə 23 faiz artırılaraq 246 manat olacaq.
© Sputnik / Murad OrujovPulların sayılması, arxiv şəkli
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Pulların sayılması, arxiv şəkli
Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ehtiyac meyarının həddi ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi üçün istifadə olunur:
"Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Məsələn, gələn il ehtiyac meyarı 246 manat olarsa, 5 nəfərlik ailə üçün aylıq ehtiyac meyarına uyğun olaraq xərclər 1230 manat hesablanacaq. Əgər həmin ailənin aylıq ümumi gəliri 700 manatdırsa, onda ailəyə 530 manat (1230 manat – 700 manat =530 manat) ünvanlı sosial yardım təyin ediləcək. Ehtiyac meyarının məbləği nə qədər artırsa, ailənin aldığı yardımın həcmində də artım olur".
"2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də ünvanlı sosial yardım alan ailələrin daha çox vəsait əldə etməsinə imkan verəcək", - deyə deputat qeyd edib.
Ehtiyac meyarı ləğv edilsin - Təklif
Deputat təklif edir ki, növbəti mərhələdə ehtiyac meyarı ləğv edilsin: "Çünki ehtiyac meyarının ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi növbəti mərhələdə ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə edilməsinə imkan yaradacaq. Bu halda daha məqsədəuyğun olardı ki, ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə olunsun".
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
axtarışda olan şəxslər;
Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Xəbər lenti
0