CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı "Qara cümə"lərlə bağlı qaranlıq işlər

© AFP 2023 / STRINGERBlack friday yazısı
Black friday yazısı - Sputnik Azərbaycan, 1920, 25.11.2022
Abunə olmaq
Sahibkarlar tərəfindən qanun pozuntusuna yol verilməməsi və gələcəkdə onların məsuliyyətə cəlb edilməməsi üçün endirimlərlə bağlı reklam verilərkən mütləq qaydada bir sıra məlumatların göstərilməsi təmin edilməlidir.
BAKI, 25 noyabr — Sputnik. Mağazaların "Black Friday" – "Qara Cümə" kampaniyalarına demək olar ki, hər həftə rast gəlirik. Artıq dəb halına düşən "Black Friday" – "Qara Cümə" kampaniyaları mağazaların, şirkətlərin əsas endirim şüarına çevrilib. Böyük endirim vəd edən mağazaların məhsullarının əvvəlki qiyməti ilə endirim qiymətini müqayisə etdikdə isə əksər hallarda endirimin saxta olduğu üzə çıxır.
Rəna Məmmədova adlı Bakı sakini Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, evinə robot tozsoran almaq üçün məşhur elektronika mağazalarından birinə gedib. Bir ay öncə 1100 manata gördüyü tozsoran "Qara Cümə" kampaniyasında 1149,99 manata satılırmış:
"Robot tozsoran Xiaomi Roborock S7 White-ın qiymət 1100 manat civarında idi. İndi endirimdə mağaza bu tozsoranı 1599,99 manatdan 1149,99 manata endirim adı altında alıcılara təqdim edir".
Alıcılar deyir ki, eyni endirim fırıldağını mağazalar mobil telefonlarla bağlı da tətbiq edirlər. Ən bahalı telefonların qiyməti şişirdilmiş surətdə endirim adı altında alıcılara təqdim olunur.
İqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, endirim kampaniyaları əksər hallarda müştərini cəlb etmək məqsədi daşıyır. Həmsöhbətimiz bildirdi ki, məhsullara 70 faizədək endirim mümkündür. Amma ölkəmizdə endirimlərin çoxu reallığı əks etdirmir:

"Azərbaycanda satılan məişət texnikası, texnoloji avadanlıqlar və tekstil məhsulları xaricdən gətirilir. Ona görə də bu məhsullara 70-80 faiz endirimin edilməsi inandırıcı deyil".

E. Qəribli deyir ki, endirim edilən məhsulun üzərində mütləq şəkildə əvvəlki qiyməti göstərilməlidir: " Amma aidiyyatı qurumlar da bu endirim kampaniyalarını yoxlamalıdır ki, əvvəlki qiymətin düzgün olub-olmadığını müəyyən etsinlər. Ola bilər ki, mağaza məhsulun kampaniyadan əvvəlki qiymətini yüksək məbləğ yazsın. Bunu müəyyən etmək üçün dövlət qurumu həmin məhsulun əvvəlki satış qiymətlərinin necə sənədləşdirildiyini, kassada ödəniş zamanı hansı qiymətə satıldığını araşdırmalıdır. Bu zaman mağaza və şirkətlər saxta endirimlə müştəriləri aldada bilməzlər".
Həmçinin iqtisadçı bildirib ki, ölkəmizdə "Qara Cümə" kampaniyaları o qədər də insanlar arasında populyar deyil: "Xarici şirkətlər "Qara Cümə" kampaniyaları zamanı məhsulun satışına fantastik həddə endirim edirlər. Çünki, onlar əmindirlər ki, bu zaman həmin məhsulu rekord həddə satmaqla bir aya onun satışından əldə edəcəyi məbləği qazana bilərlər. Azərbaycanda isə "Qara Cümə" kampaniyalarına maraq o qədər də böyük deyil. Yəni, mağazaların böyük endirim edib məhsul satışından fantastik həddə qazanc götürəcəkləri inandırıcı deyil. Ona görə də, müştərilər böyük endirim kampaniyalarını gördükdə diqqətli olmalıdırlar ki, aldanmasınlar".
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, reklam bazarında öz təşəbbüsü ilə apardığı monitorinqlər, eləcə də daxil olmuş müraciətlər əsasında reklam sahəsində mövcud qanunvericiliyin tələblərinə əməl olunması və bununla bağlı aidiyyəti tədbirlərin görülməsi üçün dövlət nəzarətini həyata keçirir. Aparılan nəzarət tədbirlərinin nəticəsindən asılı olaraq, Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər görülür. S
on dövrlərdə Dövlət Xidmətinin öz təşəbbüsü ilə apardığı monitorinqlər zamanı "Qara cümə" ilə əlaqədar yayımlanan reklamlarda hər hansı pozuntuya rast gəlinməmiş və bununla bağlı müraciət daxil olmamışdır. Aparılan monitorinqlər zamanı, eləcə də bu cür hallarla bağlı müraciətlər daxil olduqda, qanun pozuntusuna yol vermiş bazar subyektləri barəsində müvafiq araşdırmalar aparılacaq və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəkdir.
Qurumdan həmçinin qeyd edilib ki, ölkədə fəaliyyət göstərən bir sıra bazar subyektləri tərəfindən daha çox alıcı cəlb etmək məqsədilə əmtəələrin (malların) qiymətlərində endirimlər tətbiq edilir. Bu cür endirimlər əsasən bayram günləri və mövsümlə əlaqədar tətbiq olunur: "Endirim dedikdə daha çox müştəri cəlb etmək məqsədilə satıcı tərəfindən əmtəənin hazırki satış qiymətinin könüllü şəkildə monetar əsasda və ya faizlə azaldılması başa düşülür. Lakin endirimlərin tətbiqi zamanı bazar subyektləri tərəfindən əmtəələrin (malların) alınması zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmamasına, eyni zamanda satıcı tərəfindən istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti haqqında zəruri və düzgün məlumat verilməsinə diqqət yetirilməlidir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qanunsuz reklam üsullarından istifadə edilməsi haqsız rəqabətə səbəb olur və bu cür üsullar qadağandır.
Belə hallara yol verən sahibkarlıq subyektləri barəsində Qanunda məsuliyyət tədbirləri nəzərdə tutulub. Qeyd olunanları nəzərə alaraq sahibkarlar tərəfindən qanun pozuntusuna yol verilməməsi və gələcəkdə onların məsuliyyətə cəlb edilməməsi üçün endirimlərlə bağlı reklam verilərkən mütləq qaydada aşağıdakı məlumatların göstərilməsi təmin edilməlidir:
- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi, müddəti;
- qiyməti dəyişdirilən əmtəələrin siyahısı;
- qiyməti dəyişdirilən əmtəənin mövcud qiyməti.
Bundan əlavə, reklamın verilməsi ilə bağlı qanunvericiliyin digər tələblərinə də əməl edilməlidir:
- Reklamda əmtəənin qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi qeyd olunmalıdır.
- Reklamda yalnız Azərbaycan ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi ilə göstərilməlidir.
İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Əlaqə vasitələri: Qaynar xətt: 195-1; Email: office@competition.gov.az" .
Xəbər lenti
0