CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucuz restoranlarda at-eşşək ətindən istifadə edilir? Rəsmi açıqlama

© AP Photo / Matt Rourkeət
ət - Sputnik Azərbaycan, 1920, 24.11.2022
Abunə olmaq
Ekspert deyir ki, əgər yeməkdə istifadə olunubsa, at və eşşək ətini dana və qoyun ətindən fərqləndirmək çox çətindir, dadları da çox oxşardır.
BAKI, 24 noyabr — Sputnik. Ucuz restoranlarda keyfiyyətsiz ətdən istifadə ilə bağlı iddialar ictimaiyyətdə narahatlığa səbəb olub. Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova mətbuata açıqlamasında bildirib ki, ölkədəki restoranlarda vəziyyət ürəkaçan deyil: "İstər bahalı, lüks restoranlarda, istərsə də ucuz restoranlarda ətin keyfiyyətsiz olduğunun, at və ya eşşək ətindən istifadə olunduğunun şahidi oluruq. Bununla bağlı nə qədər tədbir görülsə də, yenə də həmin ətlərin restoranlara satıldığını çox yaxşı bilirik. İnsanlar bu gün müasir yeməklərə üstünlük verdiklərinə görə həmin ətləri müxtəlif souslarla, dadlandırıcılarla süfrəyə verərək insanları aldadırlar".
Mütəxəssis həmçini qeyd edib ki, əksər dönərxanalar dönəri düzgün şəkildə hazırlayıb bişirmirlər. Tez bir zamanda hazır olsun deyə alovun dərəcəsini artırırlar. Belə olduqda həmin ət də yanır. İnsanlar əsasən toyuq ətindən hazırlanan dönərlərə üstünlük verirlər. O, bildirib ki, dönər ətlərinin hazırlanması ucuz başa gəlsin deyə toyuğun dərisindən və digər atılmalı hissələrindən hazırlayırlar: " Həmin dönərdə ət deyilən bir məfhum yoxdur".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirdilər ki, ucuz restoranlarda keyfiyyətsiz ətdən və at və eşşək ətindən istifadə ilə bağlı iddialar yalnışdır. Əgər kimdəsə belə bir fakt varsa Agentliyə dərhal müraciət edə bilər.
Qida eksperti Fərid Səfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər yeməkdə istifadə olunubsa at və eşşək ətini dana və qoyun ətindən fərqləndirmək çox çətindir, dadları da çox oxşardır. Bunu ancaq laboratoriya şəraitində analiz edərək bilmək olar. Onun sözlərinə görə, doğru şəraitdə, düzgün və sağlam qidalanma olub-olmadığı bəlli olmayan hər hansı bir ət növü insan orqanizminə ciddi ziyan vuran bilər və ciddi xəstəliklərə səbəb ola bilər. Ekspret deyir ki, xüsusilə, hamilə qadınlar, uşaqlar, yaşlı və xroniki xəstəlikləri olan insanlar qidalandıqları yerə və yeməklərə diqqət etməlidirlər. Keyfiyyətsiz və köhnə əti ayırd etmək mümkün olub-olmamasına gəlincə, həmsöhbətimiz bildirdi ki, təzə ət sərt, parlaq, qırmızı rəngdə, elə yapışmayan olmalı və ətin spesifik qoxusu olmalıdır: "Təzə ət bişdikdən sonra rahat bir şəkildə doğranılmalı və ağızda tez dağılmalıdır. Əgər ət köhnədirsə rəngi tündləşir, boz, hətta göyümtül rəngə çevrilir, yapışqan olur, çürümüş və pis qoxu yaranır".
Ekspert bildirdi ki, toyuq dərisi doymuş yağ miqdarı yüksək olan qidadır, ürək xəstəliyi və yüksək xolesterolu olan insanlar onu yeməməlidirlər.
Dondurulmuş ətdən istifadəyə gəlincə, F. Səfərov bildirdi ki, meyvə , tərəvəz və əti donduraraq saxlamaq və istifadə etmək olar, burada əsas məsələ doğru şəkildə bunu etməkdir: "Əti hava ilə təmas etmədən qablaşdırıb dondurmalı, istifadə etməmişdən əvvəl düzgün şəkildə buzunu açmalıyıq. Otaq temperaturunda bir gün əvvəldən saxlamaq ətdə bakteriyaların çoxalmasına səbəb olur. Bunun üçün dondurucuya qoyulmuş əti soyuducunun soyuducu bölməsində saxlayaraq buzunu aça bilərik".
Xəbər lenti
0