SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi partiyaların təsisinə dair iyirmi il ölkədə daimi yaşamaq tələbi ləğv edilib

© AP Photo / Sait Serkan Gurbuzməmur
məmur - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Qanun layihəsinin ilkin versiyasında siyasi partiya Azərbaycan ərazisində son 20 il daimi yaşayan Azərbaycanın tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı tərəfindən təsis edilə bilərdi.
BAKI, 21 noyabr — Sputnik. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək. Bu, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.
Bundan öncə isə bu rəqəm 200 idi.
Qeyd edək ki, qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi.
Xatırladaq ki, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanıb.
Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
Noyabrın 4-də "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmədə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək bildirib ki, "Siyasi partiyalar haqqında" mövcud qanun 1992-ci ildə qəbul edilib. Ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib. Eyni zamanda, Azərbaycanda "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu qəbul edilib. Ona görə də bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi, həm də milli konstitusion hüququn təsbiti tələblərindən irəli gələrək "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin qəbulu zəruridir.
Əli Hüseynli layihənin hazırlanmasından danışıb, 20-dən çox ölkənin, o cümlədən Avropanın qabaqcıl ölkələrinin təcrübəsinin, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyələrinin, siyasi partiyalardan daxil olan təkliflərin nəzərə alınması barədə məlumat verib.
O, siyasi partiyaların nümayəndələrinin iştirakı ilə keçirilmiş birinci ictimai dinləmənin çox faydalı olduğunu və layihənin təkmilləşdirilməsinə töhfə verdiyini deyib, bugünkü müzakirələrdə səslənəcək fikirlərin də ölkənin siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına kömək edəcəyinə inamını ifadə edib.
Onu da bildirək ki, bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Xəbər lenti
0