Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd yumurtası niyə bahalaşıb? Kəndlilər qəribə səbəblər söylədilər

© AFP 2024 / PHILIPPE HUGUENyumurta
yumurta - Sputnik Azərbaycan, 1920, 21.11.2022
Abunə olmaq
Mürvət Həsənlikənd yumurtasının bahalaşmasının yaz aylarınadək davam edəcəyini bildirib.
BAKI, 21 noyabr — Sputnik. Kənd yumurtasının qiyməti 30 qəpikdən bahalaşaraq 40 qəpik olub. Bəzi yerlərdə isə hətta kənd yumurtası 45 qəpiyə təklif olunur. Beləcə kənd yumurtası ilə broyler yumurtasının qiyməti arasında kəskin fərq yaranıb.
Qeyd edək ki, hazırda broyler yumurtasının qiyməti 16-19 qəpik arasında dəyişir. Kənd yumurtasının qiymətinin qəfildən bahalaşması son bir həftədir ki, müşahidə olunur. Sputnik Azərbaycan kənd yumurtasının bahalaşmasının səbəblərini araşdırıb.
"Cücəni inkubatordan alırıq"
Şəkinin Daşbulaq kənd sakini Cəmilə Şabanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, havalar soyuyandan toyuqlar az yumurtlayır. O, hazırda kənddə yumurtanın bir ədədinin 40 qəpik olduğunu bildirib. Həmsöhbətimiz kənd yumurtasının bahalaşmasının əsas səbəbinin toyuqların soyuq havada az yumurtlaması ilə bağlı olduğunu söyləyib. Bununla belə C. Şabanova yemin, inkubator xərclərinin, eləcə də vaksinlərinin qiymətinin bahalaşmasının kənd yumurtasının maya dəyərini artırdığını söyləyib:
"Son illər kəndlərdə çox az adam toyuğu kürd basdırır. Kürd yatan toyuğun altına qoyduğumuz yumurtadan dörd-beş cücə çıxır. Ona görə də çox kəndli cücəni inkubatordan alır".
"A birim yox, B birim yox, C birim də indi qurtardı" ("Ulduz" filmindən sitat-red.)
C. Şabanovanın sözlərinə görə, əvvəlki illərdə inkubator cücənin bir ədədini 5-10 qəpiyə satırdısa, son illər qiyməti bahalaşdırıb:
"Əgər inkubator sahibinə yumurtanı özümüz veririksə, cücənin birinin qiyməti bizə 15 qəpiyə başa gəlir. Yumurta onların özündən olduqda cücənin bir ədədini 60 qəpikdən alırıq. Amma xərcimiz təkcə bununla bitmir.
Biz cücə bir aylıq olanadək onu xüsusi "cücə yemi" ilə yemləyirik. Cücə yemi isə bahalaşaraq bir kiloqramı 1 manat olub. Buna görə də əgər 50 cücə alırıqsa, 200 manata qədər xərcimiz çıxır. Ən azı 70 manat onun vaksin və digər dərmanlarına xərcləyirik. Ona görə də indi kənddə toyuq saxlayan azdır".
Hava soyuduqca toyuqlar az yumurtlayır
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənd yumurtasının bahalaşmasının səbəbi havalar soyuduqca kənd toyuqlarının az yumurtlamasıdır. Qış aylarında kənd toyuqlarının məhsuldarlığı aşağı düşür. Amma bazarda kənd yumurtasına təlabat əvvəlki kimi qaldığından, təklifin azalması fonunda qiymətlər bahalaşıb.
M. Həsənli onu da bildirib ki, hazırda kənd yumurtasının bahalaşma səbəbi sırf bununla bağlıdır.
Kəndlərdə toyuq saxlayanlar da azalıb
Assossasiya sədri onu da bildirib ki, son illər kəndlərdə toyuq saxlayanlar da azalıb. Əgər kəndli toyuğu özü saxlayarsa, bir yumurtanın maya qiyməti ona 20-25 qəpiyə başa gəlir. Bu da qiymətlərə təsir edir.
M. Həsənli iddia edir ki, kənd yumurtası ilə sənaye yolu ilə istehsal olunan yumurta arasında elə də ciddi keyfiyyət fərqi yoxdur:
"Laboratoriyaya versək görərik ki, hər iki yumurtanın tərkibi eynidir. Amma insanlarda qədimdən inanc var ki, kənd yumurtası daha keyfiyyətlidir. Əslində isə tərkibdə heç bir fərq yoxdur".
M.Həsənli kənd yumurtasının bahalaşmasının yaz aylarınadək davam edəcəyini bildirib.
Yemin qiymətinin artması yumurtanı da bahalaşdırıb
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənd yumurtasının bahalaşmasında yemin qiymətinin artması əsas rol oynayır. Kəndlinin bütün xərcləri artdığından bu, yumurtanın da qiymətinin bahalaşmasına təsir edir:
"Kəndli də xərcləri artdığından yumurtanı bahalaşdırmalıdır ki, həmin xərclərini qarşılaya bilsin. Buna görə onları qınamaq olmaz. Artıq ölkəmizdə infilyasiya 22 faizi keçib".
N. Cəfərli bildirib ki, kənd yumurtasının qiymətində bahalaşma aprel ayınadək davam edə bilər. Əvvəllər kəndlərdə toyuq saxlayanlar daha çox idi. Son illərin müşahidəsi göstərir ki, kəndlərdə toyuq saxlayan azdır. Həmçinin əvvəl kəndlilər daha çox toyuq saxlayırdılarsa, son vaxtlar onlar daha çox öz təlabatlarına uyğun sayda toyuq saxlayırlar. Bu isə yemin qiymətinin bahalaşması ilə bağlıdır".
Qeyd edək ki, Azərbaycanda gündəlik yumurta tələbatı 3 milyon 600 min civarındadır. Ölkədə isə yumurta istehsalı 5 milyona yaxındır.
Xatırladaq ki, bu ilin avqust ayında sənaye yolu ilə istehsal edilən yumurtanın qiyməti 13 qəpikdən 16-19 qəpiyə, sarı yumurta 16-19 qəpikdən 22-25 qəpiyə yüksəlib. Həmin ərəfədə kənd yumurtasının topdansatış qiyməti 25 qəpikdən 27-30 qəpiyə qalxıb.
Dünyada yemlərin qiyməti 2 dəfədən çox artıb: "Son 1 ildə qarğıdalının 1 tonu 320 manatdan 800 manata, günəbaxan yağı 1600 manatdan 4200 manata, soya 980-1000 manatdan 1600-1700 manata, buğda 280-300 manatdan 600 manata yüksəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 317,1 min ton, yumurta istehsalı 4,0 faiz artaraq 1 milyard 165,1 milyon ədəd olub.
Xəbər lenti
0