Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Dərslikləri kim hazırlamalıdır?

© Photo : REPORT / Firi SalimDərslik
Dərslik - Sputnik Azərbaycan, 1920, 19.11.2022
Abunə olmaq
Dərslik müəllifi deyir ki, dərsliklər hazırlanarkən, şagirdlərin yaş xüsusiyyətləri, qavrama bacarığı, zehni inkişafı, fiziki inkişafı nəzərə alınmalıdır.
BAKI, 19 noyabr — Sputnik. Orta məktəb dərsliklərində çatışmazlıqlar tez-tez müzakirə mövzusuna çevrilir. Bu dəfə Milli Məclisin deputatı Kamilə Əliyeva dərsliklərin hazırlanması ilə bağlı mühüm məqama diqqət çəkib. Deputat bildirib ki, orta məktəb dərsliklərini universitet müəllimləri hazırlamamalıdır :
"Universitetlərimizlə məktəblər arasında əlaqələr yaradılmalı,həmçinin keyfiyyətin yaxşılaşdırlması üçün bir çox məqamlara diqqət edilməlidir. Universitet müəlliminin yazdığı dərslik dil-üslüb baxımından orta məktəblər üçün arzuolunan səviyyədə deyil. Ümumi təhsil məktəblərinin dərslikləri elə o təhsil səviyyəsində çalışan müəllimlər tərəfindən yazılmalıdır. Məktəblərimizdə kifayət qədər savadlı,təcrübəli,istedadlı müəllimlərimiz var. Bu işi onlara əmanət etmək lazımdır".
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri də yaza bilər. Onun sözlərinə görə, sovet dövründə belə dərslikləri həm ali, həmçinin də orta məktəb müəllimləri yazıb. İ. Orucov deyir ki, dərsliklər yazıldıqdan sonra onsuz da qiymətləndirilməsi aparılır: "Bizim orta məktəb dərslikləri cəmiyyət üçün açıqdır. Dərsliklər çapa verilməzdən öncə ictimai müzakirəyə də çıxardılır. Dərsliklər Elm və Təhsil Nazirliyinin portalında yerləşdirilir. Orada valideynlər, orta məktəb müəllimləri, dərslik müəllifləri, ali təhsil müəssisələrinin müəllimləri öz rəylərini bildirə bilərlər".
İ. Orucov deyir ki, dərslik təhsilin keyfiyyətində mühüm rol oynayır. Dərsliklər çapa verilməzdən öncə ciddi yoxlanılmalıdır. Peşəkar şəxlər tərəfindən dərsliklərə rəy verilməlidir.
Həmsöhbətimiz bildirdi ki, son dövrlərdə dərsliklərlə bağlı xeyli şikayətlər mövcuddur: "Bəzən dərsliklərdə mövzuların seçimi qalmaqala səbəb olur. Buna görə böyük dərslik komplekti dövriyyədən çıxardıldı. Buna görə dərsliklərə yekun rəyi verən ekspertlər çox diqqətli olmalıdırlar".
İ. Orucov onu da qeyd etdi kİ, dərsliklərin ali məktəb müəllimləri tərəfindən yazılması dərsliyin dilinin ağırlığına təsir edə bilər. Amma birmənalı şəkildə ali məktəb müəllimlərini bu işdən kənarlaşdırmaq olmaz: "Qeyd etdiyim kimi, dərslik yazamq iddiasında çox adam ola bilər, əsas yazılan dərsliklərin tələblərə cavab verməsidir. Dərslik məsələsi həm də strateji məsələdir. Bu baxımdan yekun qərar verən komissiya mükəmməl olmalıdır".
Tarix dərsliklərinin müəllifi, eyni zamanda liseylərin birində tarif fənnini tədris edən Hafiz Cabbarov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərin orta məktəb müəllimləri tərəfindən yazılmasının müsbət tərəfləri var. Dərslik müəllifi deyir ki, son illər dərsliklərin yazılmasında alimlərlə yanaşı məktəb müəllimlərinin də iştirak etməsi müsbət haldır. Onun sözlərinə görə, dərsliklərin həmin sahədə püxtələşmiş şəxslər tərəfindən yazılması daha yaxşıdır: "Mən özüm əvvəllər görkəmli alimlərin yazdığı kitablara rəy yazırdım, onların təkmilləşməsində iştirak edirdim. Birdən-birə dərslik müəllifi olmaq elə də asan deyil. Dərsliklərin təkmilləşməsi sahəsində təcrübə topladıqdan sonra dərslik müəllifi oldum" .
H. Cabbarov deyir ki, dərsliklərin yazılmasında məktəb müəllimlərin iştirakından sonra dərsliklərin hazırlanmasında müsbətə dorğu dəyişiklik müşahidə edilir. Onun sözlərinə görə, bununla belə məktəb müəlliminin dərslik yazması bu sahədə olan bütün problemlərin həll olunması anlamına gələ bilməz.
H. Cabbarov bildirdi ki, dərsliklərin dörd-beş ildən bir yenidən çap olunaraq dəyişdirilməsi dərsliklərdə olan nöqsanların aradan qaldırılmasına səbəb olur. Mütəxəssis deyir ki, bununla belə dərslikləri hələ də mükəmməl vəziyyətə gətirmək mümkün deyil.
H. Cabbarov deyir ki, dərlsiklərin məktəb müəllimləri tərəfindən yazılması dərsliyin dilinin yüngülləşməsinə səbəb olur. Həmçinin dərsliyə daha çox şagirdin mənimsəyə biləcəyi material salınır: "Orta məktəb müəllimləri bu məsələdə öz təcrübələrindən istifadə edirlər. Ona görə də dərsliklərin hazırlanmasında məktəb müəllimlərinin iştirakı vacibdir. Dərslik sırf ali məktəb müəllim tərəfindən hazırlandıqda onlar bu fənni orta məktəbdə əyani tədris etmədiklərindən şagirdlərin anlama səviyyəsini, zehni qavramasını o qədər də diqqətdə saxlamırlar. Amma orta məktəb müəllimləri bu məsələləri nəzərə alırlar. Onlar dərsliyə material əlavə etdikdə həmin mətnin şagirdlər tərəfindən nə qədər mənimsənilə biləcəyini nəzərə alırlar. Buna görə, məktəb müəllimlərinin dərslik hazırlayan heyyətin içərisində olması çox vacibdir".
Dərslik müəllifi onu da bildirdi ki, dərslik hazırlanarkən, şagirdlərin yaş xüsusiyyətləri, qavrama bacarığı, zehni inkişafı, fiziki inkişafı nəzərə alınmalıdır: "Bu məqsədə 100 faiz nail ola bilməsək də, bu məqamlar diqqətdə saxlanılmaldıır".
Bununla belə H. Cabbarov sovet dövrünün dərslikləri ilə hazırki dərslikləri müqayisə etməyin düzgün olmadığı qənaətindədir. Həmsöhbətimiz deyir ki, indiki nəsillə 20-30 il öncəki nəsil arasında böyük fərqlər var: "Müasir nəsil rəqəmsal nəsildir, informasiya texnologiyaları əsasında öyrənməyə üstünlük verirlər. Əvvəlki nəsil isə mütaliəyə üstünlük verirdi. Ona görə də dərslik çapında küar kodlardan istifadə etməklə hər hansı mövzu ilə bağlı əlavə məlumatlar əldə edə bilirlər".
Elm və Təshil Nazirliyindən isə bildirdilər ki, son illər çap olunan dərsliklərin müəllifləri arasında orta məktəb müəllimləri də var. Dərsliklərin hazırlanmasında ali məktəb müəllimləri ilə yanaşı orta məktəb fənn müəllimləri də iştirak edir.
Xəbər lenti
0