CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mətbəxin yerinin dəyişdirilməsi ölümlərə səbəb olur

© AFP 2023 / MYCHELE DANIAUQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 18.11.2022
Abunə olmaq
Azərbaycanda qazdan boğulma nəticəsində ölüm hallarının 95 faizi hamamda baş verir.
BAKI, 18 noyabr — Sputnik. Qaz kəmərlərinə özbaşına müdaxilə etmək olmaz. Sahə üzrə müəxəssislərdən kənar şəxslərin qaz kəməri çəkməsi yolverilməzdir.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov deyib.
Onun sözlərinə görə, tikinti norma və qaydalarına əsasən qaz kəmərinin yerli birləşmələrlə (birləşdirici vasitələrin bir-birinə bağlanması) mənzil daxilində çəkilməsi qadağandır. Çünki burada hansısa boşluğa yol verilərsə, qaz sızmasının baş verməsi qaçılmazdır.
O tövsiyə edir ki, mənzildə uzun müddət yaşayış olmadıqda qaz cihazlarından istifadə etməzdən öncə "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilsin: "Ümumiyyətlə, yay ayları ilə müqayisədə xoşagəlməz hallar artır. Qazdan düzgün istifadə olunmaması səbəbindən dəm qazından zəhərlənmələr baş verir. Noyabrda Xırdalan şəhərində partlayış hadisəsi baş verdi. Ehtiyatsızlıq belə halların baş verməsinə gətirib çıxarır".
Mətbəxin yerinin dəyişməsi də ölümlərə səbəb ola bilər
"Biz bir daha vətəndaşlarımızı, abonentlərimizi ayıq olmağa səsləyirik. Çünki xoşagəlməz hadisələrin kökündə məsuliyyətsizlik, laqeydlik dayanır. Xırdalanda baş verən hadisədən sonra gəldiyimiz qənaət də bizə bunu deməyə əsas verir. Həmin partlayış baş verən ünvanda 2020-ci ildə qaz sayğacı quraşdırılıb və mənzildə yaşayış olmayıb. Mənzil təmir olunan zaman mətbəxin layihədə nəzərdə tutulan yeri dəyişib", - deyə o, əlavə edib.
Behbudov qeyd edib ki, mətbəxin yerdəyişməsinin qaydaları var. Bütün kommunikasiyalar mətbəxdən keçməlidir. Lakin mətbəxin yerini dəyişdikdə, həmin o sistem pozulmuş olur. Belə olan halda tüstü bacasına, havalandırma xəttinə də çıxış məhdudlaşır. Yalnız layihədə bu dəyişikliyə icazə verilərsə, o zaman dəyişiklik etmək olar".
Bəzən vətəndaşın günahı "Azəriqaz" İB-nin günahı kimi təqdim edilir
Qurumun mətbuat katibi Eldəniz Vəliyev isə deyir ki, bəzən vətəndaşın ehtiyatsızlığı ucbatından baş verən hadisəni elə təqdim edirlər ki, guya bu "Azəriqaz" İB-nin verdiyi qazın təzyiqindən yaranan problemlərlə əlaqədardır:
"Bu düzgün yanaşma deyil. Xırdalanda baş verən partlayış hadisəsindən iki gün öncə bizə həmin yaşayış binasından müraciət daxil olmuşdu. Əməkdaşlarımız mənzillərdə oldular, sonradan araşdırma nəticəsində məlum olub ki, verdiyimiz qazın təzyiqi sayğaca qədər, daha dəqiq desək abonentin qaz plitələrinədək normal gəlir. Vətəndaş iki ildə bir dəfə də olsa texniki xidmət üçün müraciət etməyib. Bu da qazın təzyiqində problem yaradır".
"Biz demirik ki qazın təzyiqi hər yerdə ideal səviyyədədir. Lakin ümumilikdə deyə bilərik ki, "Azəriqaz"İB-nin abonentlərə verdiyi qazın təzyiqində ciddi problemlər yoxdur", - deyə o əlavə edib.
Dəm qazından zəhərlənmələr daha çox hamamda baş verir
İ.Behbudov statistikaya toxunaraq bildirib ki, son 10 ildə dəm qazından boğulma faktlarının ən azı 95 faizi hamam otağında baş verir:
"Biz hadisəyə səbəb olan mənbəni - qaz cihazını hamamdan uzaqlaşdırsaq, avtomatik olaraq rəqəmlər də yoxa çıxar. Qaz cihazı hamamda quraşdırılır, texniki-normativ tələblər, havalandırma pozulur, tüstü bacasını bəzən həmin yerdə quraşdırmaq uyğun olmasa belə, quraşdırılır. Tövsiyə edirəm ki, qazla işləyən cihazları hamamdan uzaqlaşdıraq".
Hava axınının olmaması da dəm qazından zəhərlənməyə səbəb olur
"Havalar soyuduqca biz qapı-pəncərəni bağlayırıq, bu da yeni havanın daxil olmasının qarşısını alır və oksigenin azalması nəticəsində dəm qazı yaranır", - deyə o əlavə edir.
O bildirir ki, arzuolunmaz hadisələrin baş verməməsi üçün tüstü bacaları mütləq şəkildə təmizlənməlidir.
Başqa amillər də dəm qazına səbəb olur: "Qeyri-qanuni müdaxilələr olur, şlanqlı birləşmələrdən istifadə olunur. Ola bilər ki, yerdəyişmə düzgündür, lakin sonradan şlanqlı birləşmədən istifadə edilir. Həmin şlanqlı birləşmə rezindir, müəyyən müddətdən sonra mətbəxdə istilik əmələ gəlir və nəticədə qaz sızması olur".
Bir sözlə, İ.Behbudov bildirir ki, mənzil sahəsində qaz sızmasının əmələ gəlməsi sırf orda yaşayan sakinlərin yol verdiyi nöqsanlardan qaynaqlanır.
Qazın qiymətində artım gözlənilirmi?
Qurumun mətbuat katibi bildirir ki, bununla bağlı onlar Tarif Şurasına müraciət etməyiblər.
Qeyd edək ki, hazırda qurumun 2 milyon 484 min 515 abonenti var ki, onlardan 2 milyon 445 min 740 abonent əhali qrupuna aiddir. 2 milyon 445 min 740 abonentin 1 milyon 487 min 18 abonent regionlarrn payına düşür. Cari ildə 40 min 695 yeni abonent qeydə alınıb ki, onlardan 11 min 600 abonent regionların payına düşüb.
Qurumdan bildirilib ki, 2009-cu ildə ölkədə qazlaşma səviyyəsi 62.2 faiz idisə, hazırda bu rəqəm 96.3 faizdir:
Son 10 ildə 55 min 600 kilometr yeni qaz kəməri çəkilib ki, bunun da 445 kilmoetri cari ilin 9 ayına təsadüf edib. Cari ildə 52 kəndin, 61 yeni yaşayış massivinin ilk dəfə olaraq qazlaşdırılması nəzərdə tutulub. 113 kənd və massivin hər birində müvafiq işlər görülür. Cari ilin sonunadək bu işlərin yekunlaşdırılması nəzərdə tutulur.
Ölkə ərazisində bütün şəhər və qəsəbələr tam qazlaşdırılsa da, 900 kənd hələ də qazlaşdırılmayıb. Mövcud maliyyə resursları çərçivəsində bu kəndlərin də mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulur.
Bundan əlavə son 10 ildə qurum tərəfindən regionlarda bunadək heç bir infrastrukturu olmayan və təbii qaz almayan 1682 kənd qazlaşdırılıb, həmin kəndlərdə yeni bir infrastruktur qurulub.
Bundan başqa, hazırda elə yaşayış sahələri var ki, onların qazlaşdırlması texniki-iqtisadi cəhətdən səmərəsizdir. 260-a yaxın elə yaşayış məntəqəsi var ki, onlar ya ucqar bölgələrdə yerləşir, ya da ki, ev sayı əhəmiyyətli dərəcədə azdır. Bu səbəbdən də həmin məntəqələrin qazlaşdırılmasına ən son mərhələdə baxılacaq, yaxud da strateji yol xəritəsinə uyğun olaraq, bu əraizlərin alternativ enerji ilə təminatı məsələsi həll olunacaq", - deyə birlikdən verilən məlumatda deyilir.
Qeyd edək ki, ölkədə ən çox qazlaşdırılmayan kənd, ərazi cənub bölgəsinin payına düşür.
Xəbər lenti
0