CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nurullayev: "Kritik kasıblıq həddində olan ailələr yardım ala bilmir"

© Photo : Facebook / razi.nurullayevRazi Nurullayev
Razi Nurullayev - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Deputat məşğulluq mərkəzlərinin fəaliyyətini tənqid edib, ünvanlı sosial yardımın verilməsinin asanlaşdırılmasını istəyib
BAKI, 17 noyabr - Sputnik. "Ünvanlı dövlət sosial yardımı üçün əməkhaqqı barədə arayış tələb edilir. Elə ailə var ki, kömək edən olmasa, acından ölər. O necə və hansı yolla arayış gətirsin? Büdcədə bu məqsəd üçün nəzərdə tutulan vəsaitlərin bu insanlara çatacağı ciddi şübhə altındadır".
Bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, burada bir neçə incə məqam var: "Kritik kasıblıq həddində olan ailə yardım ala bilmir, az-çox imkanı olanlar isə alır. Səbəb ehtiyacı olanın yalançı arayış almaq imkanının olmaması, o birilərinin isə dost-tanışdan arayış ala bilməsidir. Kasıbın ətrafı və dost-tanışı da olmur axı, cənab hökumət nümayəndələri. Ona görə də vətəndaşlar deyəndə ki, ünvanlı sosial yardımı da az-çox imkanlılar alır, düz deyir. Çıxış yolu, müraciət edən ailə haqqında müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışdır. Daha adına torpaq var, keçən əsrin 70-ci illərindən qalma avtomobil var kimi məsələlər gündəmdən gərək çıxsın. İcra hakimiyyəti orqanının yerlərdəki nümayəndələri hər bir kəsi fərdi olaraq tanıyır və hər biri canlı arxivdir”.
R.Nurullayev qeyd edib ki, bu məsələ ilə bağlı ikinci ən böyük problem məşğulluq mərkəzlərinin fəaliyyətinin qənaətbəxş olmamasıdır:
“Bu məqsədlə ayrılmış vəsaitlərin də rasional xərcələnəcəyi mənim üçün ciddi şübhə doğurur. Aidiyyəti üzrə göndərdikləri iş yerlərinin 95%-də vakansiya az qala iki aydır ki, tutulmuş olur. Amma, müsbət həll olundu kimi qarşısına “üstəgəl” işarəsi qoyulur və o vətəndaşın evi yıxılır. Çünki, bu yalançı “üstəgəl” işarəsi onun bütün instansiyalara qapısını bağlayır. Belə çıxır ki, dövlət idarələri, özəl şirkətlər, digər qurumlar bir-birini aldatmaqla məşğuldur? Bizə isə yalan rəqəmlər yox, narazı insanların sayını azaldacaq real nəticələr lazımdır. Özünüməşğulluq xidməti də özünü doğrultmur. Özünəmüşğulluq yardım deyil, biznes fəaliyyətidir. Komissiya yaradılmasını təklif edirəm. Qoy millət vəkillərinin də təmsil olunduğu komissiya bir monitorinq və sorğu aparsın. Görək bu rəqəmlər nə qədər həqiqətdir? Apardığım monitorinq həm də aşkara çıxarıb ki, real özünüməşğulluğa layiq olanlar kənarda qalır. Necə ola bilər ki, üç il gözləyəsən və sənə cavab verilməsin? Bu hansı məntiqə söykənən yanaşmadır? Məşğulluq agentliyi və idarələrinin yarıtmaz əməli nəticəsində narazı insanların sayı çoxalır. Hətta təmin edilən insan belə narazıdır. 1000 nəfər özünüməşğulluğa cəlb edilən, o cümlədən işlə təmin edilən vətəndaşı götürək və görəcəyik ki, başdan yuxarı narazıdır. Niyə? Bu “niyə”lər o qədər çoxdur ki, hamısını desəm mənə ayrılan 5 dəqiqə yox, beş saat da danışsam, bitməz”.
Deputat əlavə edib ki, bu dediklərim bütövlükdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini hədəf almaq mənasına gəlməməlidir:
“Əsla, nazirliklə iş birliyimiz yüksək səviyyədədir və digər qurumları ilə bərabər xeyli haqlı narazı insanların problemlərini həll edə bilirik. Əslində, digər dövlət qurumları ilə bağlı da xeyli narazılıq doğuran məsələləri deyəcəkdim, son anda fikrimi dəyişdim. Çünki, məqsədim ayrı-ayrı dövlət qurumlarını və şəxsləri hədəfə almaq deyil, ölkə vətəndaşlarının ölkəmizdən məmnun olmasını istəyirəm”.
Xəbər lenti
0