CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: Yevlaxın kəndlərinin 70 faizində içməli su problemi var

© Sputnik / Ilham MustafayevSu, arxiv şəkli
Su, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Deputatın sözlərinə görə, Yevlaxda 1895-ci ildə inşa olunmuş körpü yararsız vəziyyətdədir. Bu, 27 kəndin Yevlax şəhəri ilə əlaqəsinin tam kəsilməsi deməkdir.
BAKI, 17 noyabr - Sputnik. “Yevlax rayonunun kəndlərinin 70%-də içməli su problemi var”.
Bunu deputat İlham Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Yevlax rayonunun 17 kəndində subartezian quyuları və təmizləyicilər ümumiyyətlə yoxdur: “Yevlaxda 1895-ci ildə inşa olunmuş körpü yararsız vəziyyətdədir. Fövqəladə Hallar Nazirliyi həmin körpünün tam qəzalı olmasını müəyyən edib. Bu, 27 kəndin Yevlax şəhəri ilə əlaqəsinin tam kəsilməsi deməkdir”.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin qeyri-neft gəlirləri davamlı olaraq artır. 2023-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 14,4 milyard proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz, 2021-ci illə müqayisədə isə 12,2 faiz çoxdur.
Bununla yanaşı, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır. Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Xəbər lenti
0