CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dini ali təhsil verən tək institut - Qəbul planı artırılacaq

© Official website of President of Azerbaijan RepublicTəzəpir məscidi, arxiv şəkli
Təzəpir məscidi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2022
Abunə olmaq
Azərbaycan İlahiyyat İnstitutunda bakalavr səviyyəsi ilə yanaşı, magistratura və doktorantura pillələri üzrə kadr hazırlığı aparılır.
BAKI, 17 noyabr — Sputnik. Azərbaycanda din xadimlərinin işə təyinatında milli kadrlara üstünlük veriləcək. Bu isə sözsüz ki, ölkəmizdə milli dini kadrlara təlabatı artıracaq. Bəs görəsən ölkəmizdə dini ali təhsil alanların sayı təlabata uyğundurmu? Sputnik Azərbaycan-ın bununla bağlı suallarını Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov cavablandırıb.
- Aqil müəllim, bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda bundan sonra da xarici dairələrin təsirlərinə məruz qalmayan şəxslərin din xadimi təyin olunmasına üstünlük veriləcək. S.Heydərov söyləyib ki, qanuna əsasən milli kadrlara üstünlük verilir. Bəs Azərbaycan İlahiyyat İnstitutu hər il nə qədər milli kadr hazırlayır? İnstituta qəbul planı, məzun sayı nə qədərdir?
© Sputnik / Zulfiyya GuluyevaAzərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov
- Azərbaycan İlahiyyat İnstiutu 2018-ci ildən fəaliyyətə başlayıb. Bu il institutdan ilk məzunlarımız oldu. Bizim ali təhsil müəssisəsinə hər il 36 nəfər İslamşunaslıq ixtisası üzrə, 36 nəfər isə Dinşunaslıq üzrə qəbul olunur.
- Qəbul planının növbəti ali məktəblərə qəbulda artırılması nəzərdə tutulurmu?
-Bəli, qəbul planının az da olsa, artırılması nəzərdə tutulur.
- İnstitutda bakalavr pilləsindən başqa təhsilin hansı pillələrinə qəbul aparılır?
- Azərbaycan İlahiyyat İnstitutunda bakalavr səviyyəsi ilə yanaşı, magistratura və doktorantura pillələri üzrə kadr hazırlığı aparılır. İnstitutda dissertasiya şurası da fəaliyyət göstərir.
- Hər il magistratura və doktorantura pilləsi üzrə nə qədər tələbə qəbul olur?
- Bu il magistratura pilləsi üzrə 7, doktorantura pilləsinə isə 2 doktorant və bir dissertant qəbul olunub.
- Bəs institutda dərs keçən müəllimlərin özləri harada təhsil alıblar?
- Bizim müəllimlərimizin mütləq əksəriyyəti bakalavr təhsillərini Azərbaycanda alıblar. Magistr və doktorantura təhsillərini isə ölkəmizlə yanaşı, Türkiyə, İraq və sair xarici ölkələrdə alanlar var..
- Bəzi xarici ölkələrdə dini təhsil alanlardan dövlətçiliyə qarşı təhlükələr hiss olunur. Bəs İlahiyyat İnstitutunda tələbələrin bu cür zərərli məzhəblərə yönəlməsinin qarşısını almaq üçün hansı tədbirlər görülür?
- İnstitutumuzda dini təhsil akademik səviyyədə verilir. Bizim müəllimlərimiz dinə elmi yanaşa bilir. Dinə təkcə teoloji aspektdən deyil, ictimai, psixoloji və fəlsəfi aspektdən də yanaşırlar. Müəllimlərimiz məzhəbçi deyillər. Onların arasında bir məzhəbçi müəllim belə yoxdur. Hər il, müəllimlərimizin beynəlxalq indeksli dərgilərdə ingiliscə, ərəbcə, türkcə, rusca məqalələri dərc olunur.
- Sizcə sizin institutun məzunları xaricdə magistr və doktorantura üzrə dini təhsillərini davam etdirdikdə onların yad təsirlər altına düşmə riski yoxdur?
- Baza təhsilini, yəni mədrəsə və bakalavr səviyyəsində dini təhsili xaricdə alanların oxuduqları ölkələrin dini mühitinin təsirinə düşmə ehtimalı daha çoxdur. İnsitutumuzda bakalavr səviyyəsində sağlam baza təhsili verilir. Baza təhsili möhkəm olduqda isə onların yad təsirlərə düşməsi imkansızdır. Çünki, dini sağlam mənbələrdən öyrənirlər.
- İlahiyyat İnstitutunda təhsil ödənişlidir, yoxsa dövlət sifarişlədir?
- Azərbaycan İlahiyyat İnstitutunda ali təhsil tam ödənişsizdir. Həmçinin tələbələrə təqaüdlə yanaşı yemək pulu verilir. Tələbələr pulsuz kitabla da təmin olunur.
- İnstitutda təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində hansı işlər görülür?
- İlahiyyat İnstitutunda dini təhsilin səviyəsi heç də xarici ölkələrdə dini ali təhsilin səviyyəsindən aşağı deyil. Hətta üstünlüklərimiz var. Dünyəvi demokratik sistemi qəbul edən müsəlman ölkələrinin sayı o qədər də çox deyil. Bizim institumuzda təhsil ölkəmizdəki multikultural mühiti nəzərə alınaraq tədris olunur. Azərbaycanda müxtəlif dini konfessiyaların daşıyıcıları yaşayır. Biz tələbələrimizə digər dinlərə hörməti də aşılayırıq. Onları digər dinlərin nümayəndələri yaşayan yerlərə apararaq onların məbədləri və adət-ənənələri ilə də tanış edirik, Azərbaycanın təkcə islam mirasına yox, xristian mirasına sahib çıxdığını əyani şəkildə göstəririk. Azərbaycanda İslamın iki böyük məzhəbinin nümayəndələri daim birgə yaşayıb, bu gün də bu ənənə davam edir. Biz islamı tədris etdikdə bu məqamları nəzərə alırıq. Onlara məzhəblərin dinin bəşəri yozumları olduğunu anladırıq.
© Sputnik / Zulfiyya GuluyevaAzərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov
- Bəs institutda dərslik təminatı necədir? Dərsliklər ölkəmizdə hazırlanır, yoxsa xaricdən gətirilir?
- Dərsliklər öz müəllimlərimiz tərəfindən Azərbaycan dilində yazılır. Həmçinin kitabxanamızı xarici ölkələrdə nəşr olunan mühüm mənbələrlə də zənginləşdiririk. Zəngin kitabxanamızda təxminən 18 min kitab var. Kitabxanamızda ərəb, türk, fars, ingilis və rus dilində əsərlər var. Xaricdən dini kitab alarkən insanpərvərliyə zidd olan, multikultural ənənələrimizə zərər gətirən kitablar xüsusi diqqətdə saxlanılır. Belə kitablar alınmır.
- Xaricdə dini təhsil alanların qeyd etdiyimiz kimi din xadimi təyin edilməsinə ehtiyatla yanaşılacaq. Buna münasibətiniz necədir?
- Bütün xaricdə dini təhsil alanların yad təsirlərə məruz qaldığını birmənalı şəkildə demək olmaz. Amma xaricdə dini təhsil alanlar arasında yad təsirlərə məruz qalanlar var. Azərbaycanda dini təhsil alanlara üstünlük verilməsi isə təbiidir. Çünki, onlar Azərbaycan reallığı nəzərə alınaraq yetişdirilib.
Xəbər lenti
0