CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad edilmiş ərazilərə 34 500 ailə köçürüləcək

© AFP 2024 / Tofik BABAYEVAğalı kəndi, arxiv şəkli
Ağalı kəndi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, işğaldan azad edilmiş ərazilərdə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsi təmin edilməlidir.
BAKI, 16 noyabr - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi nəzərdə tutulub. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Qeyd olunub ki, 2022‒2025-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 10 270, 2022-2026-cı illərdə isə 34 500 ailənin köçürülməsini təmin etməlidir.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə yerləşən qəsəbə və kəndlərdə ailə sağlamlıq mərkəzləri və tibb məntəqələrinin tikintisi və tibbi xidmətin təşkili nəzərdə tutulur.
2023-2025-ci illərdə Səhiyyə Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, İTSDA, yerli icra hakimiyyətləri və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə birgə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsi, 41 ailə sağlamlıq mərkəzinin və 33 tibb məntəqəsinin tikintisinin başa çatdırılmasını təmin etməlidir.
Yekunda 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin başa çatdırılması və tibbi xidmətin təşkili nəzərdə tutulur.
Həmçinin işğaldan azad olunan ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınmaqla, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti təmin ediləcək.
2022-2025-cı illərdə Elm və Təhsil Nazirliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KəndTəsərrüfatı Nazirliyi və Dövlət Turizm Agentliyi ilə birgə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinin və bərpasının layihələndirilməsi, 4 təhsil müəssisəsinin, o cümlədən 3 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinə və bərpasına başlanılmasını təmin etməlidir.
2026-cı ildə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
Bundan əlavə, işğaldan azad olunan ərazilərdəki yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görüləcək.
Sifarişçi təşkilatlar Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, MİDA, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birgə 2022-2026-ci illərdə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşasını təmin etməlidir.
Azərbaycan Respublikasının azad edilmiş ərazilərində 2022‒2026-cı illər ərzində yaşayış məntəqələrinin salınmasına özəl investisiyaların cəlb edilməsi və dövlət‒özəl tərəfdaşlığının qurulması təmin ediləcək.
Sənədə əsasən, İpoteka Kreditə Zəmanət Fondu (İKZF) və MİDA tərəfindən ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışı dəstəklənəcək, ərazilərdə ipoteka kreditləşməsi vasitəsilə yaşayış sahələrinin satışının dəstəklənməsi məqsədilə İKZF kapitallaşdırılacaq, yaşayış sahələrinin tikintisi, habelə tikinti materiallarının istehsalı ilə məşğul olan subyektlərin maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək, cəlb edilmiş resursların maya dəyəri azaldılacaq.
Bunun üçün müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yaşayış sahəsinin alınması üçün ipoteka kreditləşməsi mexanizminin şərtlərinə yenidən baxılacaq (kreditin girova, gəlirin borca nisbətləri və s), sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət verilməsi mexanizm təkmilləşdiriləcək, İKZF-nin zəmanəti ilə alınan kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinə subsidiya veriləcək.
Azərbaycan Respublikasının azad edilmiş ərazilərində enerjidən istifadə zamanı güzəştli tariflər tətbiq ediləcək.
Sənədə əsasən, İqtisadiyyat Nazirliyi 2022-2024-cü ilə qədər Energetika Nazirliyi ilə birlikdə ərazilərdə enerjidən istifadə zamanı güzəştli tariflərinin tətbiqinə dair təkliflər hazırlanması və təsdiq edilməsini təmin etməlidir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planında həmçinin Ağdam ‒ Xankəndi qaz kəmərini çəkilməsi də əksini tapıb.
Sənədə əsasən, 2025-ci ilə qədər SOCAR tərəfindən Ağdam ‒ Xankəndi qaz kəmərinin və üzərində QTM-lər quraşdırmaqla qaz kəməri qollarının tikintisi təmin edilməlidir.
Xəbər lenti
0