SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Milli Məclis Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsinə kəskin etiraz edib

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Deputatlar Fransa Senatının qəbul etdiyi qətnaməni Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlik kimi qiymətləndiriblər.
BAKI, 16 noyabr - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə kəskin etiraz edilib. Fransa Senatının qətnaməsi Azərbaycana hörmətsizlikdir!
Milli Məclisin iclasında deputat Tural Gəncəliyev çıxış edərək deyib ki, dünən Fransa Senatının qəbul etdiyi qətnamə Fransa tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaq, hörmətsizlikdir.
© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev
Deputat bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərini ayaqlar altına atır:

“Ümumiyyətlə, Fransanın bundan sonra BMT TŞ-nin üzvü kimi hansı üzlə sülhdən danışacağına təəccüb edirik. Fransanın bu addımı regionda dayanıqlı sülhün yaradılmasına ciddi zərbə vurur. Belə bir sənəd Ermənistanda revanşist qüvvələrə imkan yaradır. Fransa Senatında oturan yeni Napoleonlar unutmamalıdır ki, Azərbaycana qarşı bu dildə danışmaq olmaz. Fransa Senatının qətnaməsinin dili olduqca absurddur. Azərbaycan öz ərazisindən öz ordusunu necə çıxara bilər?! Çox yaxşı olar ki, Senat belə sənədləri qəbul etməzdən əvvəl Sorbon Universitetindən bir hüquq tələbəsi çağırıb məsləhət alsınlar”.

Milli Məclisdə Fransa Senatına cavabla bağlı İşçi qrupun yaradılması təklif olunub
Fransa Senatının Azərbaycanla bağlı qətnaməsi ilə bağlı çıxış edən deputat Vahid Əhmədov İşçi qrupun yaradılmasını və Milli Məclis adından Fransaya siyasi cavabın verilməsini təklif edib. O bildirib ki, iclasın sonuna qədər bəyanatın mətni hazırlansın. Parlament sədri Sahibə Qafarova bu təklifə görə təşəkkür edib və bildirib ki, sabahkı iclasda bu məsələyə baxılacaq.
“Fransa dünənki qətnamə ilə qərəzini bir daha nümayiş etdirdi”
Deputat Kamran Bayramov bildirib ki, Fransa Senatı 15 noyabr 2022-ci il tarixli qətnamə ilə qərəzli mövqeyini bir daha nümayiş etdirdi.
O qeyd edib ki, bu sənəd erməni lobbisinin birbaşa məhsuludur:
“Xatırladım ki, bu qətnamə son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sadəcə üçüncü sənəddir. Bu da o deməkdir ki, ölkəmizə qarşı bu cür addımlar məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir”.
Deputat bildirib ki, özünü demokratiyanın beşiyi hesab edən, azadlıq, bərabərlik və qardaşlıq ideyalarını guya təbliğ edən, öz tarixində onlarla dövləti işğal edən və öz müstəmləkinə çevirmiş Fransa bu gün bizə suverenlik, müstəqillik, beynəlxalq hüquqa hörmət dərsi keçməyə cəhd edir:

“Onların bu dərsləri Ermənistana keçməyi daha faydalı və səmərəli olardı. Qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil. Şübhə yoxdur ki, əvvəlki qətnamələrdə olduğu kimi bu sənəddə yer alan tövsiyələrin heç biri nəzərə alınmayacaq və kağız üzərində qalacaq. Lakin siyasi məna daşıdığından bu sənədin qəbul olunması beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozmuş olur. Fransanın bu cür addımları və siyasəti birmənalı olaraq regionda gərginliyin artmasına, sülh prosesinin sarsılmasına xidmət edir. Bu və bundan əvvəlki qətnamələrin qəbulunda Fransanın Minsk qrupunun həmsədri kimi keçmiş münaqişənin həllində də heç vaxt maraqlı olmayıb. O zaman özünün əsil ermənipərəst mövqeyini gizlətsə də, indi açıq şəkildə və həyasızcasına nümayiş etdirir. Fransanın mövqeyinə siyasi qiymət verilməli və münasibətlərə yenidən baxılmalıdır”.

Deputat Ramin Məmmədov qeyd edib ki, Fransa Senatı dünən növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək, ölkəmiz əleyhinə əsassız qətnamə qəbul edib:
“Qətnamədə kifayət qədər absurd iddialar və ifadələrə yer verilib. Bu ilin sentyabrında Ermənistanın hərbi təxribatları nəticəsində baş vermiş hadisələr tamamilə başqa bir rakursdan qiymətləndirilir, 30 il ərzində torpaqları işğal edilmiş bir ölkə hərbi təcavüzdə ittiham edilir. Azərbaycanın ərazilərində hansısa qondarma qurum müstəqil subyekt kimi təqdim olunur. Bu, açıq-aşkar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir. Beynəlxalq hüquqa, Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransanın üzərinə götürdüyü öhdəliklərə ziddir. 13-14 sentyabrda baş vermiş hərbi təxribat zamanı Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, öz suverenliyinə və ərazi bütövlüyünə təhlükəni dəf etmək, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri həyata keçirib. Qətnamədə göstərilənlərin əksinə olaraq, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatın müddəalarını Azərbaycan deyil, məhz Ermənistan pozub. Çünki Ermənistan silahlı qüvvələrinin və qanunsuz hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, regionda bütün kommunikasiyaların açılması ilə bağlı müddəaları yerinə yetirməkdən yayınan Ermənistandır".
O bildirib ki, Ermənistan müharibə bitdikdən sonra belə Azərbaycan ərazilərində minaların basdırılmasını davam etdirib, mina xəritələrini təqdim etməkdən müxtəlif bəhanələrlə yayınır:
"Halbuki, "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyaya görə dövlətlər minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür. Ermənistan "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" Cenevrə Konvensiyalarını və onlara əlavə protokolların tələblərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılar haqqında məlumatları vermir”.
Deputat Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsini təklif edib:

“Bütün bunların fonunda Fransa Senatının belə bir sənəd qəbul etməsi, bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini ifadə edir. Keçmişində Əlcəzair soyqırımı kimi bir ləkə olan, Seneqal, Kamerun, Ruanda və Mərakeşdə qətliamların iştirakçısı olmuş Fransanın irqi ayrı-seçkilikdən danışmağa haqqı yoxdur. Hesab edirik ki, milyon yarım insanın qətli ilə nəticələnən Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxmaq mümkündür. Xüsusi vurğulamaq istərdim ki, Senatın səs çoxluğu ilə qəbul etdiyi bu qətnaməyə səs verənlər nəticə etibarilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda, Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs verdilər”.

Deputat Fəzail Ağamalı Azərbaycan parlamentində İran və Fransanın əleyhinə sənəd qəbul edilməsini təklif edib:
© Photo : TRENDFəzail Ağamalı, millət vəkili
Fəzail Ağamalı, millət vəkili  - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Fəzail Ağamalı, millət vəkili
“Təklif edirəm ki, sabah İran və Fransanın ölkəmizə qarşı düşmənçiliyini müzakirə edək və parlament səviyyəsində sənəd qəbul edək”.
Qeyd edək ki, Fransa Senatı noyabrın 15-də “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.
Fransa Senatının qəbul etdiyi qətnaməni rədd edirik - XİN
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair şərh verib. XİN-in yaydığı sənəddə deyilir:
"15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir".
Daha sonra şərhdə bildirilir ki, ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir:
"Təəssüflə vurğulayırıq ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.
Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.
Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik".
Xəbər lenti
0