Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda onkoloji xəstələr nə vaxt pulsuz müalicə olunacaq?

© AP Photo / Rebecca BlackwellXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2022
Abunə olmaq
Baş onkoloq bildirib ki, MOM-da qeydiyyatda olan onkoloji xəstələrə proqrama əsasən bütün tibbi xidmətlər ödənişsiz göstərilir.
BAKI, 16 noyabr — Sputnik. Xeyli müddətdir ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması təklif olunur. Bu günlərdə Milli Məclisin Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov icbari tibbi sığorta üzrə xidmətlər zərfinə onkoloji xəstəliklərin də daxil edilməsini təklif edib:
"Zaur müəllim ( red- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev ) dedi ki, onkoloji xəstəlikləri icbari tibbi sığorta ilə əhatə etmək üçün 200 milyon manat vəsait lazımdır. Onkoloji xəstəliklərin nə dərəcədə ağır olması barədə hamı bilir. Mən əminəm ki, bu, nəzərə alınacaq. Hörmətli Maliyyə nazirindən bunu nəzərə almasını xahiş edirəm".
Bəs görəsən onkoloji xidmətlərin icbari tibbi sığorta zərfinə salınması nə vaxt baş tutacaq?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, hələki bununla bağlı təkliflər var. Bu təkliflər dəyərləndirilir, araşdırmalar aparılır. Onkoloji xidmətlərin icbari tibbi sığorta zərfinə salınmasının nə vaxt gerçəkləşəcəyini indidən söyləmək mümkün deyil.
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimi isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə 58 min onkoloji xəstə qeydiyyatdadır. Onkoloji xəstələrə dövlət proqramında nəzərdə tutulan bütün tibbi xidmətlər göstərilir.
Baş onkoloq deyir ki, Milli Onkologiya Mərkəzində (MOM) onkoloji xəstələrin müayinə və müalicəsi üçün bütün tibbi avadanlıqlar var. Son illər bütün xəstəliklərdə olduğu kimi onkoloji xəstələrdə də say artımı müşahidə olunur. Hətta müalicə üçün xaricə üz tutanlar da sonda MOM-a müraciət edirlər.
O ki, qaldı onkoloji xidmətlərin icbari tibbi sığorta zərfinə salınmasına, A. Kərimi bildirib ki, bu barədə təklifi verənlərdən soruşmaq lazımdır: "MOM-da qeydiyyatda olan onkoloji xəstələrə proqrama əsasən bütün tibbi xidmətlər ödənişsiz göstərilir".
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərə görə tibbi xidmətlərin icbari tibbi sığortanın "çətiri" altına alınmasının müsbət tərəfləri var. Onkoloji xəstəliklərə bütöv şəkildə baxmaq lazımdır. Çünki onkoloji xəstəliklərin ağırlaşmaları orqanizmin müxtəlif nayihələrinə təsir edir:
"İcbari tibbi sığorta çərçivəsində biz bütün onkoloji xəstəliklərin zərfə daxil olunmasını təmin edə bilərik. Bu xəstəliyə görə tibbi xidmətlərin hissə-hissə icbari tibbi sığorta paketinə daxil edilməsi mümkün deyil. Xidmətlərdə xəstəliyin müayinəsi, müalicəsi, dərmanlarla təminat nəzərdə tutulur. Bunun üçün isə 200 milyon manat vəsait tələb olunduğundan, eləcə də icbari tibbi sığorta fondunda bu qədər vəsait olmadığından müzakirələr aparılır. Fondun vəsaitləri artdıqca onkoloji xidmətlərin icbari tibbi sığorta zərfinə daxil edilməsi mümkün olacaq".
Qeyd edək ki, "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" qəbul edildikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. Bu proqram çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyatı vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı daxildir. Hətta "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Bununla belə tez-tez onkoloji xəstəlikdən əziyyət çəkən xəstələrin müalicəsi zamanı əlavə xərclərinin çıxdığı barədə fikrilər səslənir. Bu baxımdan onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta zərfinə daxil edilməsi fikri dəstəklənir.
ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir-red.) baş verəcək.
Xəbər lenti
0