Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azad edilmiş ərazilərdə məcburi dövlət sosial sığorta haqqını dövlət ödəyəcək

© Sputnik / Murad OrujovКупюра номиналом в 200 AZN, фото из архива
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.11.2022
Abunə olmaq
Qanuna "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması" adlı maddə əlavə edilir.
BAKI, 15 noyabr — Sputnik. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilir.
Dəyişiklik Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-dövlət, qeyri neft-qaz sektoru üzrə 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək şərtləri müəyyən edir.
Qanuna yeni maddə (Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması) əlavə edilir.
Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması – sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının bu Qanunun 14-1-ci maddəsində nəzərdə tutulan hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına kompensasiyası məqsədilə müvafiq qurum tərəfindən sığortaedənlərə (sığortaolunanlara) ödənilən əvəzsiz maliyyə vəsaitidir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:
Sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:
2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faizi miqdarında;
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faizi miqdarında;
2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faizi miqdarında;
2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faizi miqdarında.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi;
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının – 100 faizi.
Məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, ölkəmizdə ilk dəfə olaraq sosial sığorta haqlarının subsidiyalaşdırılması təcrübəsi tətbiq olunacaq: “Bu da orada çalışanlar üçün çox böyük qənaətdir. Bu, paralel olaraq həmin ərazilərdə işləyən işçi qüvvəsinə əməkhaqlarının 20% məbləğində əlavələrin edilməsinə imkan yaradacaq”.
Xəbər lenti
0