CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ekoloji su balansını pozur

© Sputnik / Emin AlisahibQarqar çayın sel suları gəlib
Qarqar çayın sel suları gəlib - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Mirnuh İsmayılov deyir ki, Ermənistan transsərhəd çaylarla bağlı beynəlxalq sazişlərə qoşulmayıb.
BAKI, 14 noyabr — Sputnik. Ermənistan 2023-cü ildə Vedi çayı üzərində su anbarının tikintisini yekunlaşdıracaq. Anbarın tutumu 32 milyon kubmetrdir. Bu layihənin icrası üçün Fransa İnkişaf Agentliyi Ermənistana 20 milyon avro kredit verib. Mütəxəssislər bu anbarın tikintisinin Arazda çayın azalmasına gətirib çıxardacağını bildiriblər.
Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov APA-ya açıqlamasında bildirib ki, Vedi çayının transsərhəd çayı olan Arazı qidalandıran əsas mənbələrdən biri olduğunu nəzərə alsaq, belə bir layihənin icrası regionun su təhlükəsizliyi üçün risk yaradır. Onun sözlərinə görə, xüsusən anbarın doldurulması zamanı Araz çayında suyun kəskin azalması müşahidə edilə bilər: "Anbarın su tutumu kifayət qədər böyükdür. Bu səbəbdən Arazın həm hidroloji rejiminə, həm də ekoloji vəziyyətinə mənfi təsir göstərəcək.
Həmçinin digər region ölkələri kimi Azərbaycana axan içməli su azalacaq, su qıtlığı təhlükəsi artacaq. Bununla bağlı təbii ki, beynəlxalq təşkilatlara müraciət etmək olar, lakin baxan yoxdur. Bildiyiniz kimi, Ermənistanın işğaldan azad olunan ərazilərimizdəki çaylarımızı zəhərləməsi ilə bağlı daha öncə müxtəlif qurumlara müraciət olunmuşdu. Heç bir nəticəsi olmadı. Bu gün beynəlxalq qanunlar işləmir. Digər tərəfdən də İran Qaraçay üzərində xeyli bəndlər tikib. Bu da çayın hidroloji rejiminə xeyli zərər vurur".
Coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ermənilərin Vedi çayı üzərində anbar inşa etməsi Arazda suyun səviyyəsini aşağı salacaq. Onun sözlərinə görə, son illər Arazda su azalıb. Bu anbarın inşası isə suyun daha da azalmasına səbəb olacaq:
"Su ehtiyatları dünyada ən vacib problemdir. Buna barmaqarası baxmaq olmaz. Azərbaycan hökumətinin Ermənistanla münasibətlərinin olmaması su ehtiyatları ilə bağlı müzakirələrin aparılmasını əngəlləyir. Biz də öz çaylarımızın üzərində su anbarları tikirik. Amma bu çaylar bizim öz istifadəmizdədir. Bizim isə su ehtiyatlarımızın çox hissəsi xaricdə formalaşır. Azərbaycana gələn çayların çoxu Ermənistan ərazisindən keçir. Araz Azərbaycan ərazisinə girəndə artıq suyu azalır. İki-üç ildir ki, mən bunu müşahidə edirəm. Bu gün Kürdə yaranan problemlərdən biri Arazda suyun azalması ilə əlaqədardır. Bunu ancaq Ermənistanla danışıqlarla yoluna qoymaq olar ki, öz çaylarının üzərində su anbarı inşa edərkən ekoloji axını qorumaq lazımdır. Çayın aşağı axınını tamam qurutmaq olmaz".
M. İsmayılov deyir ki, Ermənistan transsərhəd çaylarla bağlı beynəlxalq sazişlərə qoşulmayıb: " Bu da onların özbaşınalığına səbəb olur. Bunu ancaq ikitərəfli mazakirələrlə yoluna qoymaq olar. Gürcüstan və Ermənistanla münasibətdə su ehtiyatlarına ayrıca paraqraf verilməlidir. Su ehtiyatları ilə bağlı Xarici İşlər Nazirliyində xüsusi şöbə işləməlidir".
Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, transsərhəd çayların su ehtiyatlarının idarə edilməsi dövlətlərarası razılaşmaya qoşulmayıb. Ona görə də, onlar transsərhəd çaylarla bağlı istifadə qaydalarını kobud şəkildə pozurlar. Ə. Əliyev bildirib ki, Vedi çayı üzərində su anbarının tikintisi Xəzərdə suyun səviyyəsinə elə təsir göstərməyəcək. Çünki, Kür çayının il ərzində gətirdiyi su 8-10 kvadrat kilometrdir. Bu isə Xəzərə gələn suyun 5-6 faizini təşkil edir. Araz isə Kürdən iki dəfə az su gətirir. Ona görə də dənizə təsiri elə ciddi olmayacaq.
Ə. Əliyev deyir ki, Ermənistanın öz çayları üzərində belə anbarlar tikməsi sataşmaq məqsədi daşıyır. Onun sözlərinə görə, Ermənistanda su ehtiyatı çox olsa da Azərbaycanda azdır: "Ermənilərin Vedi çayı üzərində su anbarı inşa etməsi ümumi su balansına təsir edir. Bu Azərbaycanda su ehtiyatının azalmasına səbəb olacaq. Amma buna görə, Ermənistana hər hansı təsir edə bilmir. Çünki, Ermənistan transsərhəd çayların su ehtiyatlarının idarə edilməsi ilə bağlı beynəlxalq sazişi ratifikasiya etməyib".
Ə.Əliyev onu da bildirib ki, Ermənistan bundan da betər ekoloji balansa təsir edən qanunsuzluqlara əl atır. Onun transsərhəd çayları çirkləndirməsi ekoloji terrordur: "Ermənistan tərəfindən Araz çayı və onun qollarına daim tullantılar, sənaye müəssislərindən çirkab suları, normadan artıq ağır metallarla zəngin su axıdılı. Ermənistan region ölkələri üçün həm içməli su, həm də suvarma mənbəyi rolu oynayan Araz çayına qarşı illərdir, ekoloji terror törədir. Araz çayına tökülən Oxçu çayı Ermənistan ərazisindəki sənaye müəssislərindən axıdılan normadan dəfələrlə artıq ağır metallarla zəngin çirkab suları ilə çirkləndirilir".
Xəbər lenti
0