Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakı Aİ-dən investisiya və zəmanət istəyir: "Financial Times"ın təhlili

© Photo : SOCARqaz
qaz - Sputnik Azərbaycan, 1920, 12.11.2022
Abunə olmaq
İyul ayında Brüssel və Bakı 2027-ci ilə qədər tədarükün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılması haqqında saziş imzalayıblar.
BAKI, 4 noyabr — Sputnik. Azərbaycan xəbərdarlıq edib ki, Aİ-yə qaz ixracını iki dəfə artırmaq öhdəliyini yalnız yeni boru kəməri investisiyaları və uzunmüddətli satınalma müqavilələri ilə yerinə yetirə biləcək. Bu barədə "Financial Times" yazır ki, Bakının tələbləri Brüsselin qışda üzləşməli olacağı kəsirlə bağlı narahatlıqları fonunda səslənir. Avropa Rusiya tədarükünə alternativ tapmağa tələsir.
İyul ayında Brüssel və Bakı 2027-ci ilə qədər tədarükün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırılması haqqında saziş imzalayıblar. Nəşr qeyd edir ki, bu, Aİ-nin Rusiya qazından imtina naminə qaz tədarükünün diversifikasiyası çərçivəsində imzaladığı sazişlərdən biridir.
Bununla belə, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun FT-yə verdiyi məlumata görə, Xəzərdən Adriatikə qədər 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizinin genişləndirilməsi milyardlarla dollar sərmayə, eləcə də Avropa şirkətləri ilə 2027-ci ildən sonra qazın alınması üçün müqavilələrin bağlanmasını tələb edir.
"İstər dövlət, istərsə də özəl investisiya qoymaqda maraqlı olanlar, pulu masaya qoymalıdırlar ki, biz onların imkanlarını artıra bilək. Deməzdim ki, Aİ ilə fikir ayrılığı var, amma bu məsələnin vacib bir hissədir", - deyə o, müsahibəsində bildirib.
Elnur Məmmədov əlavə edib ki, Avropanın alternativ təchizatçılara ciddi ehtiyacı var və Azərbaycan əmin olmalıdır ki, bu, Ukraynadakı müharibə fonunda hansısa kortəbii tələb deyil.
"Bu gərginlik bir gün bitəcək, sonra birdən Rusiyadan almağa başlayacaqlar və deyəcəklər ki, "indi bizə qaz lazım deyil", - diplomat bildirib.
Onun sözlərinə görə, Azərbaycan da öz növbəsində vəsaitin öz hissəsini yatırmağa hazırdır, lakin o, həm də "Aİ-nin fəallaşmasını" gözləyir. Azərbaycan Xarici İşlər Nazirliyi nazirinin müavini qeyd edib ki, konkret rəqəmlər barədə məlumatı yoxdur, lakin 2020-ci ildə İtaliyaya qaz nəqlinə başlayan Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 milyard dollar təşkil edib.
Ukrayna münaqişəsindən əvvəl Rusiya Aİ-nin qaza olan tələbatının təxminən 40%-ni təmin edirdi. Bu, Norveçdən daha yüksək idxal və mayeləşdirilmiş təbii qaz tədarükü ilə kompensasiya olunaraq, 10 faizdən aşağı düşüb.
Vəziyyəti FT-yə şərh edən enerji eksperti Laurent Ruseckas qeyd edib ki, Azərbaycan qısa müddətdə İtaliya və Bolqarıstana qaz ixracını bir qədər artıra bilsə də, əhəmiyyətli əlavə həcmlər həm hasilat, həm də logistikaya əhəmiyyətli investisiyalar tələb edəcək.
Ruseckas, heç bir ölkə uzunmüddətli alıcı olmadan çox milyard dollarlıq sərmayə qoyma riski daşımaz deyib.
Ekspert vurğulayıb ki, bu, daha geniş müzakirənin bir hissəsidir və Aİ-nin gələcək ekoloji siyasəti baxımından nəzərə alınmalıdır.
"Avropanın qısa və ortamüddətli perspektivdə əlavə qaz mənbələrinə ehtiyacı var, lakin ekoloji məqsədləri nəzərə alsaq, uzunmüddətli layihələrdə müəyyənlik çox azdır".
FT şərh üçün Avropa Komissiyasına da müraciət edib, lakin onlar potensial özəl və dövlət investorları ilə danışıqların davam edib-etməməsi sualına cavab verməkdən imtina ediblər.
Aİ rəsmisi FT-yə bildirib ki, mövcud qaz vəziyyəti və perspektivləri nəzərə alsaq, birlik əmindir ki, boru kəmərinin genişləndirilməsi ilə Azərbaycan enerjisi Aİ bazarına daha çox çıxış əldə edəcək, bu işdə iştirak edən bütün tərəfdaşlar üçün imkanlar yaradacaq.
"Enerji sahəsində əməkdaşlığın müsbət təcrübəsinə və həlledici məqamda Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün uğurla başlanmasına əsaslanaraq, Aİ Azərbaycanı enerji ticarətində etibarlı və strateji tərəfdaş kimi görür", - deyə rəsmi əlavə edib.
Bununla belə, Financial Times-ın qənaətinə görə, investisiya işini çətinləşdirən həm boru kəmərlərinin strukturu, həm də mülkiyyət hüququdur. Fakt budur ki, CQD üç ayrı boru kəmərindən ibarətdir: Azərbaycan və Gürcüstandan keçən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Türkiyə ərazisindən Trans Anadolu Boru Kəməri (TANAP) və Yunanıstan, Albaniya və İtaliyadan keçən Trans Adriatik Boru Kəməri (TAP).
Böyük Britaniyanın BP və Azərbaycan dövlət neft şirkəti SOCAR hər üç boru kəmərinin hissələrinə, Türkiyənin dövlət şirkətlərinin isə CQBK və TANAP-da payları var.
CQBK-nın 19,99%-i Rusiyanın "Lukoil" neft şirkətinə, 10%-i isə İranın dövlət neft şirkətinə məxsusdur ki, bu da Aİ üçün istənilən investisiya qərarında əlavə maneə ola bilər. Yalnız TAP-a Avropa şirkətləri nəzarət edir, 55%-i isə üç enerji qrupuna - Snam, Fluxys və Enagas-a məxsusdur.
Xəbər lenti
0