Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Maliyyə naziri büdcədə neft qiymətinin aşağı səviyyədə götürülməsinə aydınlıq gətirib

© Sputnik / Murad OrujovSamir Şərifov
Samir Şərifov  - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Gələn il üçün dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
BAKI, 11 noyabr — Sputnik. Maliyyə naziri Samir Şərifov 2023-cü ilin dövlət büdcəsində neftin bir barrelinin orta qiymətinin mövcud qiymətlərdən daha aşağı səviyyədə götürülməsi məsələsinə aydınlıq gətirib.
S.Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, hazırda dünya bazarında yüksələn neft qiymətləri kəskin enə də bilər.

"Eniş baş verəndə də problemlər yaranır. Bizim siyasətimiz odur ki, neft asılılığını ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti büdcədə 50 dollar səviyyəsində nəzərə almışıq. Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərindən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə də biz bu siyasəti davam etdirəcəyik. Biz bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq", - deyə nazir əlavə edib.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Qanun layihəsində 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
Dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artımı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azalmasına imkan yaradır. 2023-cü ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 11,3 milyard manat nəzərdə tutulur və bu da 2022-ci illə müqayisədə 237,5 milyon manat azdır.
Əmtəə bazarlarında neft qiymətlərinin dəyişkənliyi nəzərə alınmaqla, daha ehtiyatlı yanaşma əsasında 2023-cü ildə dövlət büdcəsi hazırlanan zaman neftin bir barelinin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb.
Xəbər lenti
0