CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mənzilləri dolaşan dəm qazı kabusu - Onu necə dəf etmək olar?

© Sputnik / Elvin AhmadQaz kolonkası
Qaz kolonkası - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Abunə olmaq
İlkin Behbudov Sputnik Azərbaycan-a dəm qazının yaranma səbəbləri, qaz sobalarının texniki təhlükəsizlik göstəricilərini açıqlayıb.
BAKI, 10 noyabr — Sputnik. Havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm halları artır. Son bir neçə gündə bir neçə şəxs dəm qazının qurbanı olub. "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin müdiri İlkin Behbudov dəm qazından zəhərlənmə, qızdırıcı qaz cihazları ilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.
- İlkin müəllim, qarşıdan qış gəlir, qazla işləyən qızdırıcılara, sobalara təlabat artır. Satışda müxtəlif qaz sobaları var. Həm fərdi, həmçinin də bina evlərinin qızdırılmasında hansı sobalardan istifadə tövsiyə olunur? Onlar arasında təhlükəli olanlar hansılardır?
- Qazla işləyən qızdırıcı sobalarını alarkən, onların uyğunluq sertifikatına baxılmalıdır. Cihazın sertifikatı olmalıdır. Bu sənəddə həmin sobaların texniki göstəriciləri öz əksini tapır. Əgər həmin cihazların üzərində avtomatika yoxdursa, qaz sızması olarsa, qazın verilişində fasilə yaranıb yenidən verildikdə avtomatik bağlanma sistemi işə düşməyəcək. Qazla işləyən cihazlarda avtomatik bağlanma sistemi olmaldır. Həmin cihazlara bu halda uyğunluq sertifikatı verilir.
- Bəs qazla işləyən su qızdırıcı cihazlarla bağlı hansı tələblər var?
- Eyni tələblər qazla işləyən su qızdırıcılarına da aiddir.
- Uyğunluq sertifikatı olan cihazı aldıqda mənzildə qaz partlayışı, yaxud da dəm qazından zəhərlənmə ilə bağlı təhlükə aradan qalxırmı?
- Yox! İş təkcə sertifikatlı cihazı almaqla bitmir. Bu cihazları quraşdırarkən də qaydalara əməl edilməlidir. Mütləq qazla işləyən su qızdırıcılarını, eləcə də qaz sobalarını mənzilə lisenziyalı şirkətin əməkdaşları quraşdırmalıdır. Çünki, belə şirkətlərin əməkdaşları həmin sahədə ixtisaslı şəxslər olur. Burada önəmli olan digər məqam qazla işləyən soba və su qızdırıcılarının tikinti norma və tələblərinə uyğun quraşdırılmasıdır. Otaqların həcmləri və tüstü bacaları buna uyğun olmaldır. Qaz cihazı hansı otağa quraşdırılırsa texniki normalar gözlənilməlidir.
Məsələn, "pitiminutka" adlandırdığımız düz axınlı su qızdırıcıları vanna otağına quraşdırılacaqsa, hamamın minimal həcmi 7,5 kub metrdən az ola bilməz. Amma məsləhətdir ki, qazla işləyən su qızdırıcıları ümumiyyətlə hamamda quraşdırılmasın. Bu cihazların ümumi dəhlizdə quraşdırılması daha məqsədəuyğundur. Əgər cihazın vanna otağında quraşdırılmasına tikinti norma və tələbləri cavab verirsə, bu zaman qaydalara əməl edilməlidir. Vanna otağının mütləq tüstü bacası olmalı, onun işlək vəziyyətdə olub-olmadığı yoxlanılmalıdır. Vanna otağının qapısının aşağı hissəsində hava axını üçün dəliklər olmalıdır. Oksigen olmasa qazın yanma prosesi pozulur. Əsas problem isə qış aylarında dəm qazından zəhərlənmədir.
- Bu qızdırıcı cihazlar yayda da vanna otaqlarında işləyir. Bəs niyə dəm qazından vanna otağında zəhərlənmə daha çox qışda baş verir?
- Dəm qazının yaranmasının əsas səbəbləri vanna otağının həcminin kiçik olması, hava ilə təmin olunmaması, həmçinin tüstü bacasının normal çəkməməsidir. Əgər tüstü bacasının çıxışları kustar üsulla divardan çıxardılaraq yarım metr yuxarıya çıxardılıbsa bu düzgün deyil. Bakı küləkli şəhərdir. Bu zaman tüstünü çəkməyəcək. Bu da dəm qazının yaranmasına səbəb olacaq. Bu texniki normativ tələblər mütləq gözlənilməlidir.
- Mətbəxdə qaz cihazları quraşdırılarkən hansı qaydalara əməl edilməsi vacibdir?
- Mətbəx otaqlarında iki gözlü qaz piltəsi quraşdırılarsa, mətbəxin ölçüsü 8 kub metrdən aşağı olmamalıdır. 3 gözlü olduqda otağın ölçüsü 12 kub metr, dörd gözlü qaz piltəsi quraşdırıldıqda mətbəxin ölçüsü minimum 15 kub metr olmalıdır. Əgər həm su qızdırıcısı, həm də dördgözlü qaz cihazı mətbəxdə quraşdırılırsa, o zaman mətbəxin ölçüsü minimum 21 kub metrdən az olmamalıdır. Mətbəxə təmiz havanın daxil olması üçün nəfəslik olmalıdır. Dəm qazının yaranmasının 90 fazi səbəbi oksigenin olmamasıdır.
- Ən təhlükəsiz qazla işləyən qızdırıcı cihaz hansıdır?
- Kombi dediyimiz avadanlıq ən təhlükəsiz cihazdır. Kombi elə bir cihazdır ki, yandırdığı havanı çöldən götürüb yanmış məhsulu bayıra buraxır. Kombi eyvanda quraşdırıldıqda eyvan bağlansa da, kombinin tüstü borusu açıq yerə çıxardılmalıdır. Bu zaman heç bir təhlükə qalmır. Bir də bu cihaz quraşdırılarkən qaz borularının çəkilməsinə diqqət yetirmək lazımdır.
- Bina evlərində mənzillərə qazla işləyən soba quraşdırmaq olarmı?
- Bina evlərinin mütləq əksəriyyətində mənzillərin divarında tüstü bacası yoxdur. Bu yalnız vanna otağında və mətbəxdədir. Tüstü bacası layihə-smeta sənədlərində öz əksini tapır. Əgər layihə-smeta sənədində mənzilin divarında tüstü bacası yeri yoxdursa həmin cihazı mənzilə quraşdırmaq olmaz. Bu o deməkdir ki, o otağa qazla işləyən cihaz quraşdırmağa tikinti normaları uyğun deyil. Kusrtar üsulla divardan dəlik açıb boru ilə bayıra çıxartmaq isə qəti yolverilməzdir. Hava soyuyan zaman yanmış məhsul həmin borudan ixrac oluna bilmir.
Çünki, bayırda havanın temperaturu aşağı düşdüksə yanmış məhsul yüngül olduğundan bayıra çıxa bilmir. Bu zaman orada kondesat əmələ gəlir. Tüstü bacasından qara paslı suyun axması buna işarədir. Yanmış məhsul bayıra çıxdıqda kəskin soyuqla qarşılaşır. Bu zaman kəskin soyuma getdiyindən o mayeyə çevrilir. Mayeyə çevrildikdə isə o tüstü bacası ağır olduğundan onu çəkə bilmir. Ona görə də bina evlərində tüstü bacaları divarın içərisindən bağlı yerlə çıxır ki, bu temperatur fərqi əmələ gəlməsin.
- Yaşayış binalarında tüstü bacasını hansı qurum təmizləməlidir?
- Hazırda qüvvədə olan qaydalara görə, tüstü bacalarını təmizləmək abonentin məsuliyyətindədir. Abonent sahə üzrə mənzil-kommunal təşkilatlara müraciət etməli, onlarda ixtisaslaşmış qrup varsa bu işin görülməsini həyata keçirə bilər. Eləcə də yanğından mühafizə cəmiyyətləri var. Onlar da bunu həyata keçirə bilərlər. Tütü bacası ən azı ildə bir dəfə mövsüm başlanmazdan öncə, payızda təmizlənməlidir.
- Niyə yayda dəm qazından zəhərlənmələr az, qışda çox olur?
- Yay fəslində yanma məhsulu az olur. Çünki, suyun temperaturu bayırda müsbət olduğundan, suyu qızdırmaq üçün az qazdan istifadə edilir. Eyni zamanda yayda güclü küləklər olmur, havanın temperaturu müsbət olur. Qışda isə suyun qızma vaxtı artdığından, qazın da avtomatik olaraq yanma müddət artır. Yanmış kütləsi də buna görə artır. Yanmış kütlə artdıqda, həmçinin tüstü bacası çəkmədikdə dəm qazı yaranır. Bunlar texniki göstəriciləridir. Əsas amil qışda vanna otaqlarının hava ilə təmin olunmamasıdır.
Yay aylarında vanna otaqlarında nəfəsliklər açıq olur. Qışda isə insanlar bu nəfəslikləri bağlı saxlayırlar. Bu da dəm qazının yaranmasına münbit şərait yaradır. Yanma prosesi üçün üç əsas şərt var. Birincisi-təbii qaz, ikincisi qığılcım, üçüncü əsas element isə havadır. Əgər hava yoxdursa yanma prosesi pozulur. Bu da dəm qazının yaranmasına səbəb olur. Dəm qazından boğulmalar da məhz bu səbəbdən əsasən vanna otaqlarında baş verir.
- Qazla işləyən qaz sobalarının istismar müddəti nə qədərdir?
- Onların istismar müddəti texniki pasportlarında qeyd edilir. Bunu gözlə görməklə də bilmək olur. Bu cihazların üzərində şüşədən yanan hissə görünür. Onun kənarları qaralmağa başlayırsa, cihazın sağ və sol tərəfində hava çəkmək üçün yarıqlarda qaralmalar varsa, o cihazın istifadəsini dərhal dayandırmaq lazımdır.
- Hansı qaz qızdırıcılarını ümumiyyətlə istifadə etmək olmaz?
- Kustar üsulla düzəldilmiş su qızıdırıcı samovarlarının, eləcə də əhali arasında "ceyran peçi" adlanan sobalardan istifadə birməlanı olaraq qadağandır. Çünki, onlarda avtomatika sistemi yoxdur. Hər hansı qaz sızması olduqda avtomatik olaraq qazın verilişi dayanmır. Onların içərisində olan farsunkaların dəlikləri isə kustar üsulla açılır. Həmin dəliklərdən qazın yanma məhsulu həddindən artıq çox çıxır. Bunu tüstü bacası çəkə bilmir.
- Dəm qazını, eləcə də mənzildə qaz sızmasını necə bilmək olar? Bunu müəyyən edən cihaz var?
- İstənilən mənzildə abonentlər tərəfindən dəm qazını və metan qazını aşkar edən detektorların quraşdırılması vacibdir. Bu cihazlar otaqda dəm qazı və metan qazı olduqda siqnal verərək abonenti xəbərdar edir. Bu detektorları lisenziyalı təşkilatın mütəxəssisləri quraşdırmaldırılar.
- Qış öncəsi mənzillərdə sizin qurum yoxlamalar aparırmı?
- Dövlət başçısının fevral ayında imzaladığı fərmanına əsasən mənzillərdə noyabrın 1-dək qaz paylayıcısı tərəfindən texniki müayinələr keçirilməlidir. Bizə bu səlahiyyət verilsə də, baxışın necə keçiriləcəyi ilə bağlı detallar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Bundan sonra bu iş "Azəriqaz" İB tərəfindən həyata keçiriləcək. Amma indidən biz öz hazırlıqlarımızı görürük. İnsan resursları buna uyğunlaşdırılır, texniki resurslar hazırlanır. NK qərar verdikdən sonra biz buna başlayacağıq. 2016-cı ildən bu günədək isə bu işləri görmək Fövqəladə Hallar Nazirliyi ilə Energetika Nazirliyinin səlahiyyətində idi. Biz NK-nın bununla bağlı uyğun qərarının verilməsini gözləyirik.
Xəbər lenti
0