Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarabağ qazisinin yaratdığı "Mübarizlər muzeyi" - FOTO

© Sputnik / Rahim MuradovAprel şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri
Aprel şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri  - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
“Namiq, birdən biz şəhid olsaydıq, bizim də portretlərimiz bu muzeydə yerləşəcəkdi?” soruşanları bəziləri Şuşanı azad edərkən həlak olub.
BAKI, 9 noyabr — Sputnik. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən igidlərimizin xatirəsi dövlət tərəfindən, eləcə də şəhidlərimizin yaxınları tərəfindən daim uca tutulub və əbədiləşdirilib. Bir müddət öncə isə Astara rayonu Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbində “Mübarizlər muzeyi” yaradılıb. Məktəbin direktoru Xaqani Mahmudov müsahibəsində muzeyin necə yaradıldığından danışıb.
- Xaqani müəllim, məktəbinizdə muzey yaratmaq təşəbbüsü kimə məxsusdur və eksponatlar necə əldə olunub?
- İstər Birinci, istər İkinci Qarabağ müharibəsində məktəbimizin kollektivi hərbi-vətənpərvərlik mövzusunda daim təşəbbüs göstərib. Ordu quruculuğuna, 44 günlük müharibə dövründə əsgərlərimizə dəstək aksiyasına qoşulub. Həm maddi, həm mənəvi, həm də fiziki cəhətdən əsgərlərimizə dayaq olub.
Eyni zamanda Vətən müharibəsi dövründə məktəbimizin kollektivi iki dəfə vəsait toplayaraq müharibədəki əsgərlərimizə pay aparıb. Kollektivimiz tərəfindən şəhidlərimizin ailələri, qazilərimiz daim ziyarət olunur, müharibə iştirakçıları diqqətdə saxlanılır. Mənim dostum, Birinci Qarabağ savaşı qazisi Namiq Əliyev isə özünün yaratdığı “Mübarizlər muzeyi”nin bütün avadanlıqları və eksponatlarını məktəbimizə hədiyyə edib.
© Sputnik / Rahim MuradovMübariz İbrahimovun heykəli və yağlı boya ilə çəkilmiş portreti
Mübariz İbrahimovun heykəli və yağlı boya ilə çəkilmiş portreti  - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Mübariz İbrahimovun heykəli və yağlı boya ilə çəkilmiş portreti
- “Mübarizlər muzeyi”nin təsisçisi bundan öncə muzeyi harada yaratmışdı? O da Astaradandırmı?
- Namiq qardaşımız əslən Ağdaş rayonundandır, Mingəçevirdə doğulub, iş adamıdır və hal-hazırda Bakı şəhərində yaşayır. Muzeydə olan bütün eksponatları - büstləri, Mübariz İbrahimovun heykəlini, həm Birinci Qarabağ müharibəsi, həm Aprel döyüşləri, həm də Vətən müharibəsi vaxtı şəhid olan qardaşlarımızın portretlərinin hamısını öz şəxsi vəsaiti hesabına müxtəlif rəssamlara çəkdirib muzeyində yerləşdirmişdi.
Bundan əvvəl “Mübarizlər muzeyi” Bakı şəhərində yerləşirdi. Vətənpərvər insandır, hazırda da bu istiqamətdə işlərini davam etdirir. Bu adam 44 günlük müharibə dövründə bir gün də olsa evində yatmadı, daim əsgərlərimizin yanında oldu.
Düzdür, müharibə zamanı dövlətimizin orduya hər cür təminatı var idi. Amma iş adamlarımızın ona göstərdiyi maddi dəstək hesabına Füzuli hərbi hospitalında və hərbi hissələrdə əsgərlərimiz üçün daim lazım olan vasitələri aparırdı.
Eyni zamanda müharibədən sonrakı dövrlərdə də respublikamızda və xaricdə yaşayan iş adamlarımız Namiq qardaşın vasitəsilə şəhid ailələrinə yardımlar çatdırırdılar. Şəhid ailələrinin evlərini bir-bir gəzib-baxırdılar ki, hansı ailənin nəyə ehtiyacı var? Ya həmin gün, ya da ertəsi gün ehtiyac qarşılanırdı.
© Sputnik / Rahim MuradovAprel şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri
Aprel şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri  - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Aprel şəhidlərinin yağlı boya ilə çəkilmiş portretləri
- Namiq Əliyev özü bu zonadan olmadığı halda necə oldu ki, Astaranın kənd məktəbində belə bir muzeyi yaratmaq fikrinə düşdü?
- Bir təsadüf nəticəsində mən Namiqlə tanış oldum və sonra dostlaşdıq. Sən demə, sosial şəbəkədən məni izləyirmiş. Bir az təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim vətənpərvərliklə bağlı işlərimi görərək, özü də bu istiqamətdə işlər gördüyü üçün münasibət yaratmağı bacardı.
Aprel şəhidi, XTQ əfsanəsi Pəncəli Teymurovun ev-muzeyinin qarşısında olan büstünü tam təmənnasız olaraq Namiq qardaş hazırlatdırıb. Həmin vaxt mənə zəng edib dedi ki, Pəncəli Teymurovun qardaşları mənə zəng edib onun büstünün hazırlanmasını istəyirlər. Mən dedim, Namiq müəllim, Pəncəlinin qardaşları büstün hazırlanması üçün nə qədər xərc lazım olsa, ödəməyə hazırdırlar. Onlar bu xərcdən qaçan oğlan deyillər. Amma Namiq mənə cavab verdi ki: “Allah Pəncəliyə rəhmət eləsin! O şəhid olanda vəsiyyət eləməmişdi ki, mənim büstümü hazırlayıb, pulunu ailəmdən alasınız, belə bir şey olmayacaq! Nə xərc lazımdırsa, mən onu təşkil edib, büstü də hazırlayaram”. Dediyi kimi də etdi, ötən il fevral ayında, qarlı bir gündə, Hafiz adlı bir iş adamı ilə bir yerdə büstü gətirib yerinə quraşdırdı.
Eyni zamanda həmin gün Pəncəli Teymurovun silahdaşlarından da orada iştirak edirdilər. Amma büstün və ev-muzeyinin açılışı ötən ilin aprel ayında, Pəncəli qardaşımızın şəhid olmasının 5-ci ildönümü günü baş tutdu.
© Sputnik / Rahim MuradovTəngərüd kənd tam orta məktəbinin foyesində yaradılan Mübarizlər muzeyi
Şəhidlərin portretləri  - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Təngərüd kənd tam orta məktəbinin foyesində yaradılan Mübarizlər muzeyi
X.Mahmudov hal-hazırda məktəbin dəhlizində Mübariz İbrahimovun heykəlinin yerləşdirildiyini, 30-a qədər şəhidimizin büstlərinin olduğunu və bundan əlavə, yağlı boya ilə çəkilmiş 100-dən artıq şəhid portretlərinin mövcudluğunu qeyd edir.
- Namiq müəllim muzeyin eksponatlarını özü Astaraya gətirmək istədi. Milli Qəhrəmanımız Polad Həşimovun qardaşı ilə bir yerdə iki nəfər bütün eksponatları maşına yükləyib göndərmişdilər. Şəxsən özləri öz əlləri ilə bu əsərləri yükləmək istəyiblər, çünki qıymırdılar başqa bir kəsin əlləri dəysin. Namiq müəllim daxilən bu muzeyə çox böyük sevgi ilə bağlıdır. Fikir vermisinizsə, rəsm əsərlərinin və bəzi büstlərin üzərində qəhrəmanlarımızın adları yoxdur. Çünki Namiq qardaşımız bütün şəhidlərin adlarını əzbərdən bilirdi və Bakıdakı muzeyə gələn hər kəsə qəhrəmanlarımızı özü bir-bir adlarını deyərək təqdim edirdi.
Təqribən iki ay olar ki, “Mübarizlər muzeyi” məktəbimizə yerləşdirilib, amma özü hələ ki, burada iştirak etməyib. Lakin söz verib ki, Milli Qəhrəman Polad Həşimovun anası və qardaşı ilə birlikdə muzeyimizə təşrif buyuracaqlar.
Namiq qardaşın özü danışıb ki, onun xüsusi təyinatlılarla dostluğu bu gün də davam edir. Hətta muzey Bakıda yerləşəndə xüsusi təyinatlılarımız istirahət vaxtlarında gəlib oraya baş çəkərmişlər. Onlardan biri demişdi: “Namiq, birdən biz şəhid olsaydıq, bizim də portretlərimiz bu muzeydə yerləşəcəkdi?” Namik zarafatla: “Niyə də olmasın?” - demişdi.
Amma onlardan bir neçəsi Şuşamızı işğaldan azad edərkən şəhadətə ucalıblar. Namiq müəllim özü gedib Şuşanı ziyarət edib və çox istəyərdi ki, muzey orada da təşkil olunsun. Amma bilirsiniz ki, hazırda dövlətimiz Şuşa şəhərində quruculuq işləri aparır. Ola bilsin, nə vaxtsa orada da belə bir muzey olsun.
© Sputnik / Rahim MuradovTəngərüd kənd tam orta məktəbinin foyesində yaradılan Mübarizlər muzeyi
Təngərüd kənd tam orta məktəbinin foyesində yaradılan Mübarizlər muzeyi  - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Təngərüd kənd tam orta məktəbinin foyesində yaradılan Mübarizlər muzeyi
- Xaqani müəllim, muzeydə Təngərüd şəhidlərinin portertləri varmı?
- Xeyr, hal-hazırda kəndimizin şəhidinə aid yağlı boya ilə çəkilmiş portert yoxdur. Sadəcə məktəbimiz tərəfindən hazırlanmış tibb xidməti baş leytenantı şəhid Nurlan Fərəməzovun, Zülfü Ağayevin və I Qarabağ savaşı zamanı şəhid olan Mahir Əhmədovun foto stendləri var.
- Astaralı şəhid ailələri məktəbinizdə belə bir muzeyin yaradılmasını necə qarşıladılar və onlar gəlib buranı ziyarət ediblərmi?
- Kəndimizin şəhidi Nurlan Fərəməzovun məktəbdə anım gününü keçirən gün ailə üzvləri gəlib muzeyi görüb qürurlandılar. Mərasimi təkcə Nurlana deyil, bütün şəhidlərimizə verilən qiymət kimi dəyərləndirib məktəb kollektivinə təşəkkür etdilər.
Eyni zamanda bir neçə gün öncə Astaranın digər şəhidi, polkovnik-leytenant Nail Orucovun oğlu da məktəbimizdə olub. Məktəbdə belə bir muzeyin yaradılmasına çox təəccübləndilər və qürurlandılar. Hətta bir neçə məktəbin müəllim və şagird heyəti bu yaxınlarda gəlib “Mübarizlər muzeyi”ni ziyarət etmək istədiklərini bizə bildiriblər.
Düzü, mən bu işi bir az özüm yubadıram. Şəhidlərimizin ad, soyadları portret və büstlərinin hamısının üzərində yazılsın deyə bir az yubadıram. İnşallah, işlər tamamlanandan sonra məktəbə gələn ziyarətçilərin axını çox olacaq.
© Sputnik / Rahim MuradovVətən Müharibəsinin Astara şəhidləri foto stendi
Vətən Müharibəsinin Astara şəhidləri foto stendi  - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Vətən Müharibəsinin Astara şəhidləri foto stendi
- Gələcəkdə məktəbin həyətində muzey üçün ayrıca bina inşa edib eksponatları oraya kömürmək kimi planınız varmı?
- Bunu reallaşdırmağı çox istəyirik. Bu haqda məktəbimizin məzunu olmuş millət vəkili Rəşad Mahmudovla və eyni zamanda millət vəkili Ziyafət Əsgərovla da bu haqda söhbətlərimiz olub. Düşünürəm ki, yaxın gələcəkdə muzeyin bünövrəsi qoyulacaq. Çünki biz eksponatları məcburən uyğun olmayan yerdə yerləşdirmişik. Düşünürəm, muzey məsələsi müsbət həll olunacaq.
- Muzeyin binası inşa olunacağı təqdirdə yenə də “Mübarizlər muzeyi” adlandırılacaq?
- Əlbəttə ki, yenə “Mübarizlər muzeyi” adlandırılacaq. Çünki Namiq müəllim muzeyi bizə adı ilə bir yerdə hədiyyə edib, biz heç vaxt onun adını dəyişə bilmərik. Allah Namiq qardaşa cansağlığı versin, dediyimiz kimi, o da Qarabağ qazisidir. Səhhəti ilə bağlı tez-tez müalicələr alır. İnşallah, səhhəti düzəlsin, muzey inşa olunsa, ilk növbədə o da açılışda iştirak edəcək.
Xəbər lenti
0